AZ

"Rusiyanın SOCAR-ın Odessadakı neft bazasına növbəti hücumu qərəz və hikkənin təzahürüdür"

Məlum olduğu kimi, avqustun 18-nə keçən gecə SOCAR-a məxsus Odessa vilayətindəki neft bazası “Şahed” tipli PUA-ların silsilə hücumuna məruz qalıb. Nəticədə, neft bazasına endirilən zərbələr nəticəsində 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb, ərazidə yanğın baş verib.
 
Xatırladaq ki, Rusiya cari ilin 8 avqust tarixində də eyni neft bazasına təxminən 10 PUA ilə hücum etmişdir. İlk hücumdan sonra Azərbaycan və Ukrayna tərəfi bu həmlənin məqsədli şəkildə təşkil edildiyini bildirmiş, eyni zamanda qeyd etmişdi ki, bu cür təxribatlar iki dövlət arasında energetika sahəsindəki əməkdaşlığın davam etdirilməsinə əngəl olmayacaq. 
 
Bir müddət bundan öncə isə Azərbaycan Ukraynaya 2 milyon dollar dəyərində humanitar yardım göstərdi ki, bu da rəsmi Bakının Kiyevə növbəti dəstəyi kimi tarixə düşdü. Rusiyanın Odessadakı SOCAR bazasına zərbədən sonra baş verənlər göstərdi ki, bu həmlə Azərbaycan və Ukrayna arasındakı əməkdaşlığa nəinki son qoymadı, əksinə, bu istəyi daha da çoxaltdı və iki xalq arasıdnakı mənəvi-psixoloji həmrəyliyi artırdı. 
 
Bütün bunlardan sonra Rusiyanın SOCAR-ın Odessadakı neft bazasına növbəti dəfə zərbə endirməsi Bakı və Kiyevin təsbitini təsdiqlədi. 18 avqust həmləsi göstərdi ki, həqiqətən də Rusiya bu təxribatı məqsədli şəkildə həyata keçirir. Burada məqsəd Ukraynanın eneregetika təchizatını sıradan çıxarmaqla yanaşı, həm də Azərbaycan-Ukrayna əməkdaşlığı üçün zəmini yox etmək, hər iki tərəfdə belə bir əməkdaşlığın mümkünsüzlüyü təəssüratı formalaşdırmaqdır. 
 
Bundan başqa, Rusiyanın 18 avqust təxribatında üçüncü bir səbəb də mövcuddur ki, bu da Azərbaycan-Ukrayna sülhpərvər əməkdaşlığından duyduğu qəzəbdir. Məhz bu qəzəb və hikkə Rusiyanı Odessada SOCAR-a məxsus neft bazasına təkrar zərbə endirməyə, iki dövlətin humanitar sahədəki əməkdaşlıq istəyini hərbi müdaxilə yolu ilə əngəlləməyə sövq edib. Lakin Rusiya unudur ki, qəzəb və hikkə hələ heç bir dövləti uğura, müvəffəqiyyətə aparmayıb. Habelə, Kreml bilməlidir ki, başqasının hüququna hörmət etməməklə, qarşı tərəfə də onun hüququna hörmət etməmək haqqı verir. Və bu haqq nə vaxtsa, hansısa formada istifadə edilə bilər...
 
Seymur ƏLİYEV
Seçilən
32
50
moderator.az

10Mənbələr