AZ

Əsəri oxumaq yerinə, müəllifin öz dilindən dinlə – “Canlı kitab”a yazarlardan REAKSİYA

Avropada artıq bir müddətdir maraqlı bir ədəbiyyat təcrübəsi populyarlaşır – oxucu kitabı özü vərəqləyib oxumur, əvəzində müəllif və ya qiraətçi ödənişli şəkildə yarım saatlıq zamanını ayıraraq əsəri canlı danışır. Bu, sadəcə dinləmə deyil, həm də müəllifin intonasiyası, vurğusu, hissləri ilə əsərin başqa cür yaşanması deməkdir.

Azərbaycanda belə bir layihə  – oxucu ilə müəllif arasında yarım saatlıq körpü mümkündürmü? Oxucular “Canlı kitabda” kimi dinləməyə üstünlük verə bilər?

Mövzu ilə bağlı ölkənin tanınmış yazarları Bizim.Media-ya fikirlərini bölüşdülər:

Yazıçı Şərif Ağayar bildirib ki, həqiqətin ən böyüyü mətndə gizlənir:

Əsərin ümumi məzmunu, süjeti, sənətkarlıq xüsusiyyətləri haqqında söhbət etmək olar, edirik də, lakin əsərlə ciddi tanışlıq üçün birbaşa mətnin özü ilə ünsiyyətə girməlisən. Yaxşı olar orijinal dildə, alınmırsa, maksimum yaxşı tərcümədə. Lap ahəngi tutmaq üçün bir hissə qiraətçiyə oxutmaq da olar. Amma mətnlə yaxın əlaqəni nəinki qiraətçi və ya hər hansı mütəxəssis, heç müəllifin özü də əvəz edə bilməz. Çünki həqiqətin ən böyüyü mətndə gizlənir. Hətta bəzən müəllifin özünün də fərqinə varmadığı həqiqətlər...

O ki qaldı belə bir şəraitdə oxucuların kimə üstünlük verəcəyinə... məncə, indi kimi oxuyurlarsa, elə onlara da üstünlük verəcəklər. İçlərində xarici müəlliflər daha çox olacaq. Bunu dəqiq bilirəm. Çünki biz bu və ya digər səbəblərdən özümüzə daha az inanırıq.

Dramaturq Firuz Mustafa bunun əslində pis layihə olmadığını qeyd edib:

“Bu cür təcrübəyə ötən əsrin 30-40-cı illərində SSRİ məkanında da təsadüf olunurdu. Məsələn, Mixail Şoloxovun “Sakit Don” romanının ilk cildi çap olunandan sonra, yazıçı artıq şöhrət qazanmış həmin əsərinin davamını kolxozçular və fəhlələr qarşısında özü oxuyurdu. Oxucuların hansı müəllifə üstünlük verəcəyinə gəlincə isə bu, auditoriyadan asılıdır.

Belə hesab edirəm ki, “adi” oxucu daha çox macəra-detektiv janrda yazanlara, intellektli oxucular isə “ciddi” janrlarda yazılan əsərlərə üstünlük verərdi.

“Beynimizi hərəkətə gətirmək üçün deyil, dondurmaq üçün kitaba üz tuturuq”

Şair Aqşin Yenisey isə vurğulayıb ki, bu Şərqdə də geniş yayılmış ənənə olub:

“İndi yoxa çıxıb. Amma yenə də qiraətçilərin bacarığından istifadə olunur. Bizdə dini, detektiv və motivasiya  mətnlərinə kütləvi maraq var. Elmi, elmi-kütləvi, fəlsəfi mətnlərin dinləyicisi çox azdır. Bir də ənənəvi şeirin dinləyiciləri çoxluq təşkil edir. Məsələn, XX əsrin əvvələrində Avropada filosoflar, elm adamları ictimai mühazirələr oxuyurdular. Bu ənənə bizdə heç universitetlərdə yoxdur.
 

Bizim sənətə, fəlsəfəyə yanşamamız feodalizm dövrünün ehtiyacı şəklində qalmaqdadır. Əyləndirici fuksionallığını qoruyur. Beynimizi hərəkətə gətirmək üçün deyil, dondurmaq üçün müəllifə, kitaba üz tuturuq. Bu, hedonist bir ehtiyacdır.


Oxuduğumuz, dinlədiyimiz bizə həzz verməlidir, əks halda, ondan imtina edirik. Əgər bizdə öz əsərini oxumaq üçün müəlliflərə üz tutulsa, əminliklə demək olar ki, cəmiyyət yalnız tamada üslublu şəxsləri dinləməyə axışacaq. Ciddi sənət, fəlsəfə əsərləri yenə yada düşməyəcək.

Şəfiqə Şəfa, Bizim Media

Seçilən
37
50
bizim.media

10Mənbələr