AZ

Forum Azərbaycanın su innovasiyalarında regional liderliyini gücləndirəcək - Orxan Mikayıl

AQUALINK MMC-nin təşəbbüsü ilə təşkil edilən və regionda su idarəçiliyi üzrə aparıcı platformaya çevrilmiş Xəzər Su İnnovasiya Forumu 12 sentyabr 2025-ci ildə “Bakı Su Həftəsi” çərçivəsində Bakı Ekspo Mərkəzində baş tutacaq. Forumda ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Niderland, Macarıstan, İsrail və digər ölkələrdən nüfuzlu şirkətlər və mütəxəssislər iştirak edəcək. Tədbirdə qabaqcıl su texnologiyaları, ekoloji təhlükəsizlik, iqlim dəyişikliklərinə adaptasiya və dövlət-özəl tərəfdaşlığının inkişafı mövzuları müzakirə olunacaq.

– Forumun əsas məqsədləri haqqında ətraflı məlumat verə bilərsinizmi? Su idarəçiliyi, innovasiyalar və ekoloji təhlükəsizlik istiqamətlərində hansı konkret hədəflər mövcuddur?

- AQUALINK MMC-nin təşəbbüsü ilə təsis edilən və artıq hər il ənənəvi şəkildə keçirilən Xəzər Su İnnovasiya Forumu bu il yeni formatda, yeni məkan və tərəfdaşlarla 12 sentyabr 2025-ci il tarixində “Bakı Su Həftəsi” çərçivəsində Bakı Ekspo Mərkəzində baş tutacaq. Forumun əsas məqsədi su idarəçiliyi, innovativ texnologiyalar və ekoloji təhlükəsizlik sahəsində regionun aparıcı dialoq və əməkdaşlıq platformasını formalaşdırmaqdır.

Prioritetlərimiz arasında su ehtiyatlarının səmərəli idarə olunması, iqlim dəyişikliklərinə adaptasiya, qabaqcıl texnologiyaların tətbiqi və transsərhəd əməkdaşlığın gücləndirilməsi yer alır. Forum həmçinin dövlət-özəl tərəfdaşlığının inkişafına, yerli şirkətlərin təqdimat imkanlarının artırılmasına və beynəlxalq şirkətlərin region bazarına çıxışına şərait yaratmağa xidmət edir.
Bu il ABŞ, Türkiyə, Böyük Britaniya, Almaniya, Niderland, Macarıstan, İsrail, Çexiya və digər ölkələrdən nüfuzlu şirkətlər və mütəxəssislər iştirak edəcək. Xüsusilə DuPont, AO Smith, Waterlogic, Hydrophil, Bioworks, Pureco və Hydrofilt kimi qlobal brendlərin təqdimatları çərçivəsində su və ətraf mühit texnologiyalarında ən son yeniliklər nümayiş olunacaq. Bu, Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi potensialını və əlverişli investisiya mühitini bir daha təsdiqləyir.

- Forumun ideya xəttində seçilmiş “Suya dəyər qatırıq” şüarı nəyi ifadə edir? Bu mesajın auditoriyaya çatdırılması necə planlaşdırılıb?

– İlk illərdə forumu “Gələcək üçün Su” şüarı ilə başlatmışdıq. Daha sonra “Su missiyamızdır” və “Su hərəkatı” kimi çağırışlarla davam etdik. COP29-un ölkəmizdə keçirilməsindən sonra isə həm Azərbaycanda, həm də dünyada azalan şirin su ehtiyatlarına diqqəti daha da artırmaq üçün “Suya dəyər qatırıq” şüarını seçdik.

Bu şüar texnoloji, iqtisadi və sosial baxımdan suya verilən dəyəri əks etdirir. Peşəkar auditoriya üçün bu, innovativ texnologiyaların tətbiqi, idarəetmə modellərinin təkmilləşdirilməsi və investisiya imkanlarının genişləndirilməsi deməkdir. Geniş ictimaiyyət üçün isə hər damla suyun qədrini bilmək, onu qorumaq və məsuliyyətli şəkildə istifadə etmək çağırışıdır. Xüsusilə gənc mühəndislər və gələcək nəsillər üçün bu mesajın böyük təsir gücünə malik olacağına inanırıq.

– Tədbirin əsas auditoriyası kimlər olacaq?

– Auditoriyamız çoxşaxəlidir. Burada dövlət qurumları və tənzimləyici orqanlar, beynəlxalq təşkilatlar, su sektorunda fəaliyyət göstərən şirkətlər, elmi-tədqiqat institutları, universitetlər, startaplar, texnologiya inkişaf etdiriciləri, qeyri-hökumət təşkilatları və ekoloji fəallar iştirak edəcək. Bu müxtəliflik həm yerli, həm də beynəlxalq əməkdaşlıq üçün unikal imkanlar yaradacaq.

– Forumun strukturu barədə danışa bilərsinizmi? Tədbirdə hansı komponentlər yer alacaq?

– Forum çoxkomponentli formatda keçiriləcək və dörd əsas paneldən ibarət olacaq:

1. Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri
2. Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri
3. Çirkab suların təkrar emal texnologiyaları və onların əhəmiyyəti
4. Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi

Bundan əlavə, tematik seminarlar, texnologiya təqdimatları, sərgi zonası və B2B/B2G formatlı işgüzar görüşlər təşkil ediləcək. Bu, iştirakçılar üçün həm bilik mübadiləsi, həm də real tərəfdaşlıq imkanları yaradacaq.

– AQUALINK MMC bu təşəbbüsdə hansı rolu oynayır?

– AQUALINK MMC forumun əsas təşəbbüskarı və təşkilatçısıdır. Biz konsepsiyanın hazırlanması, tərəfdaşların cəlb olunması və proqramın formalaşdırılmasından başlayaraq bütün mərhələlərdə fəal iştirak edirik. Tədbir beynəlxalq təşkilatlar, dövlət qurumları və özəl sektor nümayəndələrinin dəstəyi ilə həyata keçirilir. Bu əməkdaşlıq forumu sadəcə müzakirə meydanından daha çox, nəticəyönümlü əməkdaşlıq platformasına çevirir.

– Süni intellekt və data analitikası mövzusu forum çərçivəsində necə işlənəcək?

– Bu mövzuya xüsusi önəm veririk. Forumda ayrılmış paneldə sensor şəbəkələrindən gələn məlumatların analizi, su sızmalarının real vaxtda aşkarlanması, iqlim modelləşdirməsi və istehlakın proqnozlaşdırılması kimi texnologiyalar müzakirə olunacaq. Süni intellekt və böyük verilənlər gələcəkdə su itkisini minimuma endirmək, qərar qəbulunu optimallaşdırmaq və resursların idarə edilməsində inqilabi dəyişikliklər yaratmaq potensialına malikdir.

– Forum Azərbaycanın su ehtiyatlarının qorunması və daxili su idarəçiliyi sahəsində hansı dəyişikliklərə yol aça bilər?

– Əsas hədəfimiz forum nəticəsində konkret addımların atılmasıdır. Bunlara su idarəçiliyi üzrə milli strategiyalara töhfə verən təkliflərin hazırlanması, yerli şirkətlərin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi, yeni texnologiyalar üzrə bilik transferi və təlim proqramlarının təşkili daxildir. Bundan əlavə, ictimaiyyətin suyun dəyəri və onun qorunması barədə maariflənməsi də tədbirin mühüm nəticələrindən biri olacaq.

Seçilən
4
fins.az

1Mənbələr