AZ

Ukraynanın xarici işlər naziri: Moskva Azərbaycanın maraqlarına zidd hərəkət edir

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Rusiyanın pilotsuz təyyarələrinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Odessadakı neft bazasına endirilməsinə münasibət bildirib.

"Bu gecə ruslar Odessa vilayətində SOCAR-ın neft terminallarına hücum ediblər. Bu, son həftələrdə Rusiyanın Azərbaycan dövlət şirkətinə ikinci zərbəsidir.

Moskva bunu bilərəkdən edir, Azərbaycanın maraqlarına zidd hərəkət edir.

Bu, bir daha Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yeni səviyyəsinin vacibliyini, eləcə də bu cür hücumlara müvafiq diplomatik və hüquqi cavab verilməsinin vacibliyini nümayiş etdirir", - nazir "X" sosial şəbəkə səhifəsində yazıb.

Qeyd edək ki, 2025-ci il avqustun 18-nə keçən gecə Odessa vilayətində SOCAR-ın neft bazası Rusiyanın "Shahed" pilotsuz təyyarələrinin kütləvi hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, hücum bir sıra birbaşa zərbələr və yanğınla nəticələnib. Su anbarlarına, nasos stansiyasının binasına, operator və texniki otaqlara, həmçinin əsas hasara ziyan dəyib.

Neft anbarlarının ümumi həcmi 16 min kubmetrdən çoxdur. Hazırda dəymiş ziyanın miqyasının müəyyən edilməsi üçün ekspertizanın qiymətləndirilməsi, habelə təcili bərpa işləri aparılır.

Bu, artıq obyektə ikinci irimiqyaslı hücumdur. Bundan əvvəl, avqustun 8-də həmin neft bazasında qismən dağıntılara səbəb olan ona yaxın dron buraxılıb.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
7
news.milli.az

10Mənbələr