Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk 7 ayında sərbəst vəsaitindən investisiyaya 200 milyon manat yönəldib. Fonddan “vergiler.az”a verilən məlumata əsasən, hazırda DSMF-nin ümumi investisiya portfelinin həcmi 1 milyard 690 milyon manat təşkil edir.
Qeyd edək ki, sərbəst vəsaitlər Fondun büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıqdır. Həmin sərbəst vəsaitlər aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda depozitə qoyulmaqla investisiya fəaliyyətinə cəlb edilir. Məqsəd qeyd olunan sərbəst vəsaitin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunmasıdır. Bu sahədə qurumun ötənilki və cari ildəki fəaliyyəti uğurlu olub. DSMF 2024-cü ildə sərbəst vəsaitindən investisiyaya 450 milyon manat yönəldib.
Məlumatda bildirilir ki, dövlət başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”na əsasən, Fondun sərbəst vəsaiti banklarda depozitə qoyularkən bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalıdır. Banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizi həcmini ötməməlidir. Banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır. Sərbəst vəsait aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda və Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklarda depozitə qoyulur.
Xatırladaq ki, Fondun investisiya gəlirlərindən investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri, sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması ilə bağlı xərclər üçün, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən digər istiqamətlərdə istifadə oluna bilər. İnvestisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.