Bunu Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.
Ekoloq qeyd edib ki, Azərbaycanın və Qazaxıstanın sektorunda SOCAR, BP, StatOil və digər transmilli şirkətlər neft hasilatı ilə məşğuldur:
“Türkmənistan sektorunda da yaxın vaxtlarda oxşar fəaliyyətlərin başlanacağı gözlənilir. Bu, Xəzərin neft hasilatının əsas mərkəzlərindən biri olduğunu təsdiqləyir”.
Onun sözlərinə görə, əgər deyilənlər doğrudursa, söhbət ciddi neft ləkəsindən gedir:
“Bir neçə damcı neft belə suyun üzərinə yayılaraq böyük ərazini əhatə edə bilir. Ağır hissəciklər dənizin dibinə çökür, yüngül hissələr isə günəş şüalarının təsiri ilə daha zərərli maddələrə çevrilir. Bu, ekosistem üçün böyük təhlükə yaradır, balıqlar və digər canlılar üçün risklər artır. Bildirilir ki, ləkə 2,5 kvadratmetr ərazini əhatə edir ki, bu da kifayət qədər böyük göstəricidir”.
O, bildirib ki, hələlik rəsmi təsdiq və ya təkzib yoxdur:
“Lakin tarix göstərir ki, həm SOCAR-ın, həm Qazaxıstan şirkətlərinin, həm də digər korporasiyaların fəaliyyəti nəticəsində Xəzərə dəfələrlə neft tullantıları axıdılıb. Xüsusilə sovet dövründə bu hallar çox olub və dənizin bioloji resurslarına ciddi zərər vurub”.
Ekspertin sözlərinə görə, Xəzərdə balıq ehtiyatı əvvəlki dövrlərlə müqayisədə kəskin azalıb:
“Akademik Məmməd Salmanovun yazdığına görə, 1960-cı illərdə bir neçə dəfə dənizə çıxmaqla onlarla vaqon balıq tutmaq mümkün idisə, bu gün nərə balıqları demək olar ki, yoxa çıxıb. Bunun səbəblərindən biri də Kür, Terek və Ural çaylarının Xəzərə axınındakı problemlərdir”.
Qeyd edək ki, "Şəffaf Dünya" layihəsinin iştirakçıları Teleqram kanalında Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan şlakın peyda olması ilə bağlı məlumat veriblər.
Əfsanə Kamal
Demokrat.az