AZ

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə saylarımızda)

Böyük Britaniya kraliçası Viktoriya

Viktoriyanın taxt-tacda olduğu dövr Böyük Britaniyada elmin, sənayenin və incəsənətin sürətli inkişafı ilə əlamətdar olmuşdur. Viktoriyanın kraliçalığı sənaye hakimiyyəti olduğuna görə, onun təsiri bu gün də hiss olunur.

Kraliça Viktoriya 1837-1901-ci illərdə taxt-tacda olmuşdur. O, Birləşmiş Krallıq Viktoriyası və ya sadəcə Viktoriya kimi tanınırdı. Viktoriya 1819-cu ildə anadan olmuş, 1901-ci ilin yanvarında ölmüşdü. 1837-ci ildə hakimiyyətə gəlmiş, bütövlükdə 63 il 216 gün kraliçalıq etmişdi, beləliklə, bütün sələflərindən daha uzun müddətdə taxt-tacda olmuşdu. Bu dövr haqlı olaraq Viktoriya epoxası adlanır və sənaye, siyasi, elmi və hərbi dəyişikliklər məsələləri ilə yanaşı, ekspansiya hesabına Birləşmiş Krallıq Britaniya imperiyasına çevrilmişdi. 1877-ci ildə Britaniya parlamenti ona Hindistan imperatriçəsi titulunu vermək barədə qərar qəbul etmişdi.

Viktoriya Kent hersoqu olan şahzadə Eduardın qızı idi. Atası və babası 1820-ci ildə öldükdən sonra anasının himayəsində böyümüşdü. Atasının böyük qardaşı öldükdən sonra o, 18 yaşında artıq taxt-tacın varisi olmuşdu və qanuni əsasla konstitusion monarxa çevrilmişdi. İlk vaxtlardan hökumət siyasətinə təsir göstərməyə cəhd etmiş, təyinatlar icra etməklə və fəaliyyəti ilə milli ikonaya çevrilmişdi.

1840-cı ildə öz əmisi oğlu, Saks-Koburq və Qote şahzadə Albertə ərə getmişdi. Onların 9 uşağı olmuşdu, övladları qitəyə yayıldığına görə Viktoriya "Avropanın nənəsi" adlanırdı. 1861-ci ildə əri Albert öləndən sonra Viktoriya dərin matəmə qapılmış və ictimai səhnədən uzaqlaşmışdı. Lakin hakimiyyətinin ikinci yarısında onun populyarlığı yenidən bərpa olunmuşdu. Onun qızıl və brilyant yubileyləri (kraliçalığının 50 və 60 illiyi) ölkədə və imperiya ərazisində ictimai bayrama çevrilmişdi. Viktoriya Uayt adasındakı Ostborn Evində 81 yaşında ölmüşdü. Onu taxt-tacda oğlu kral VII Eduard əvəz etmişdi.

IV Uilyam adını götürmüş kral IV Corc 1836-cı ilə elan etdi ki, o, Viktoriyanın 18 yaşı çatana qədər yaşamaq istəyir ki, gənc kraliçanın, anasının regentliyinə ehtiyacı olmasın.

Viktoriyanın uşaqlığına gəldikdə, bu dövrü özünün sonralar yazdığına görə, o, daha çox melanxoliya vəziyyətində keçirmişdi. Anası ona həddən artıq himayəçilik göstərdiyindən, Viktoriya başqa uşaqlardan kənar mühitdə böyümüşdü. 1836-cı ildə onu Saks-Koburq və Qoteyə dəvət etdilər ki, Albertə göstərsinlər. Albert olduqca qəşəng oğlan olmaqla, iri və mavi gözlərə, gözəl buruna və şirin ağıza malik idi. Onun məlahəti olduqca xoşagələn idi. Viktoriya məktubunda Albertlə tanışlıq imkanı yaratdığına görə kral Leonidə minnətdarlığını bildirmişdi və qeyd etmişdi ki, həmin oğlan onu həqiqətən xoşbəxt edə bilər. Albert doğrudan da hissiyyatlı, xeyirxah bir gənc idi. 17 yaşlı bu qız təkcə Albertlə maraqlanmaqla kifayətlənməyib, hətta erkən ərə getməyə də hazır idi. Ona görə də bu cütlük rəsmi nişanlanmaya ehtiyac duymadı.

Viktoriya 1837-ci ilin mayında vətənə döndü və bir ay sonra kral VI Uilyam 71 yaşında öləndə, 18 yaşlı qız Birləşmiş Krallığın kraliçasına çevrildi. Hökumətə bu vaxt Viq partiyasından olan nazir lord Melburn başçılıq edirdi. Təcrübəsiz monarxa o, siyasi cəhətdən güclü təsir göstərirdi və kraliça da onun məsləhətlərinə ciddi qulaq asırdı. Melburnun qızı olsaydı, Viktoriyanı öz qızı kimi sevərdi. Viktoriya da onu ata gözündə görürdü. 1838-ci ilin 28 iyununda Vestminister Abbatlığında taclanma prosesi getdi. Bayramda iştirak etmək üçün Londona çox sayda qonaq gəlmişdi. Viktoriya Bukingem sarayına qədəm basan ilk suveren idi.

Hakimiyyətinin başlanğıcından Viktoriya populyarlıq qazandı. Lakin saray intriqası onun nüfuzuna pis təsir göstərirdi. 1839-cu ildə Melburn istefa verdi, onu Robert Piil əvəz etdi. Bu nazir Londonda ilk dəfə polis sistemi yaratdı. Onun şərəfinə İngiltərədə polislər indiyədək onun Robert adından götürülmüş "bobbi" adlanır. Lakin o, kraliçanın nəzarəti altında ölkəni idarə etmək istəmirdi, ona görə də istefa verdikdə, Melburn yenidən öz ofisinə qayıtdı.

Viktoriya subay qız kimi, xasiyyətlərinin tutmamasına baxmayaraq, anası ilə yaşayardı. 1839-cu ildə o, Albertdən xahiş etdi ki, Londonda ona qonaq gəlsin və nişanlısı Vindzor sarayına gəldi. Onlar 1840-cı ilin fevralında evləndilər. Qız ərinə vurulmuşdu, axşamlar başı ağrısa da, onun yanında uzanırdı. Bunu gündəliyində geniş surətdə təsvir edir, yazırdı ki, mənim əziz dostum Albertlə olan kimi heç vaxt belə axşamları keçirməmişdim. Mən əsl Səma məhəbbəti və xoşbəxtliyi hiss edirəm. Onun əlləri arasında olacağıma əvvəllər ümid etməmişdim. Biz bir-birimizi dəfələrlə öpürdük. Onun şirinliyinə və nəcibliyinə mən minnətdar idim. Belə ərimin olacağına mən necə inana bilərdim. Viktoriya əri ilə intim yaxınlığa daim can atmaqla, bundan xüsusi həzz alırdı.

Albert tezliklə kraliçanın mühüm siyasi məsləhətçisinə çevrildi. 1840-cı ildə Viktoriyanın hakimliyi ilinin sonu qız uşağının doğulması ilə nəticələndi. Ancaq gənc xanımın hamiləlikdən zəhləsi gedirdi və Viktoriya adlandırdığı övladını çirkin hesab edirdi. Bu xüsusiyyətinə baxmayaraq, o, Albertdən əlavə, səkkiz uşaq dünyaya gətirdi. Uşaqlara evdə dayələr baxırdı. 1842-ci ilin mayında Viktoriya karetada gedəndə bir nəfər ona atəş açmağa cəhd etdi, lakin atəş açılmadı.

1846-cı ildə Piil hökuməti taxıl qanunlarını ləğv etməyi tələb edəndə, böhran baş verdi. Torilər bu təklifə etiraz etdilər. Viktoriya Piili müdafiə etdi və həmin il Piil istefa verdi. Bu dəfə onu Con Rassel əvəz etdi. Gələcək Baş nazir Palmerston isə xarici işlər naziri oldu.

1853-cü ildə Viktoriya səkkizinci uşağını doğdu. Krım müharibəsindən (1853-1856-cı illər) sonra Fransa imperatoru III Napoleon Britaniyanın yaxın müttəfiqinə çevrildi. 1861-ci ilin martında kraliçanın anası öldü. Qadının kağızlarından aydın oldu ki, anası qızını çox sevirmiş.

1861-ci ilin dekabrında isə Albertin vəziyyəti yaxşı deyildi və dekabrın 14-də o, öldü. Bu hadisə Viktoriyanı çox məyus etdi, sonrakı illərdə o, London ictimaiyyəti qarşısına çıxmırdı. Bu vaxt onun çəkisi artmağa başladı.

Böyük dövlət xadimi olan Palmerston 1865-ci ildə öldü, az sonra nazirlik Rasselə keçdi. 1868-ci ildə isə onu Bencamin Dizraeli əvəz etdi. Xristianlığa keçmiş bu yəhudi xadim söhbətləri ilə Viktoriyanı çox şadlandırırdı.

Kraliça ərinin ölümündən sonra Şotlandiyada Bal Moralda yaşayırdı, ona nökəri Con Braun qulluq edirdi və onların arasında dostluq yaranmışdı. Con Braun öldükdən sonra Viktoriya onun portretini qoruyub saxlayırdı. Sonra Hindistandan olan şəxsi katibi müsəlman Məhəmməd Əbdül Kərimlə dostluq etməyə başladı. 

Viktoriya 1901-ci ilin yanvarında öləndə Vindzor Böyük parkında şahzadə Albertin yanında dəfn edildi. Onilliklər boyu kraliçalıq edən görkəmli qadın dünyanı tərk etmişdi. Onun nəticəsi olan kraliça II Elizabet 70 il ərzində Britaniya taxt-tacında olmaqla, öz böyük nənəsinin rekordunu təzələdi.

Viktoriya ilə Albertin 9 uşağından çoxu, anasının diplomatik bacarığına görə, Avropanın kral ailələrinə daxil oldu. Viktoriya hemofiliya geninin daşıyıcısı olduğuna görə, bu xəstəlik onun oğlu Albertə, Rusiya çarı II Nikolayın oğlu Alekseyə də keçmişdi. İnqilab nəticəsində 1931-ci ildə İspaniya kral taxt-tacı ilə vidalaşan XIII Alfons da Viktoriya ilə qohumluğuna görə bu xəstəlikdən əziyyət çəkən nəslin sonuncu nümayəndəsi idi.

Viktoriya Vestministerdəki yeni sarayda parlamentin açılışına gəlməklə təzə kral ənənəsinin əsasını qoymuşdu. O, 150 institutun patronu idi. Krım müharibəsindəki igidliyi mükafatlandırmaq üçün Viktoriya Xaç ordenini təsis etmişdi. Bu orden rütbəni böyütmək əvəzinə ləyaqət nişanəsi kimi verilirdi.

Viktoriyanın Şotlandiyada nökəri Con Braunla dostluğu övladlarının xoşuna gəlmirdi, onlar bu mehtərə nifrət edirdilər. Mətbuat Viktoriyanın "Missis Braun" adlandırırdı, buna baxmayaraq, kraliça onunla dostluqdan imtina etmirdi. Varis olan oğlu tif xəstəliyindən sağaldıqda, 1871-ci ilin fevralında dövlət işlərinə qayıtmaq üçün bundan istifadə edib, on illik fasilədən sonra Bukingem sarayının balkonunda kütlənin qarşısına çıxdı. Şəhər əhalisi onun ictimai həyata qayıtdığını sevinclə qarşıladı.

Baş nazir Bencamin Diraelinin təşəbbüsü ilə Viktoriya Hindistan müstəmləkəsinə görə imperatriçə tituluna yiyələndi. Bu həm də britaniyalıları dünyanın ən qüdrətli millətinə çevirdi. Qadın öz hakimiyyətinin sonunda imperiyanın simvoluna çevrilmişdi. Kraliçanın Hindistana marağı böyük idi, lakin heç vaxt orada olmamışdı. Katibi Əbdül Kərim qadın üçün müəllim olmaqla, "munşiyə" çevrildi. 24 yaşlı bu adam həm də kraliçaya doğma urdu dilini öyrədirdi. Onun təbliği ilə Viktoriya xörəklərə kari qatılmasını xoşlayırdı.

1897-ci ildə keçirilən brilyant yubiley Viktoriyanın imperiyadakı şöhrətini daha da artırmışdı. Avstraliyadakı Sidney limanı illüminasiyadan işığa qərq olunmuşdu. Hindistanda imperatriçənin yubileyi ilə əlaqədar 19 min dustaq azadlığa buraxılmışdı.

22 yanvar 1901-ci ildə Viktoriya Erası başa çatdı. O, bir neçə həftə xəstə olduqdan sonra öldü. Oğlu və varisi VII Eduard və onun nəvəsi, Almaniya kayzeri II Vilhelm ölüm yatağında olan kraliçanın yanında idilər. Viktoriya Yer kürəsi ərazisinin dörddə birinə bərabər olan, üzərində günəşin batmadığı bir imperiyanı idarə edirdi. Öləndə də o, həqiqi monarx kimi öz yolu ilə getmişdir.

Səkkiz nəfər qadın tarixi şəxsiyyət barədə söhbət getdi. Onlar müxtəlif dövrlərdə və başqa-başqa ölkələrdə yaşamışdılar, bir-birlərinə bənzəmirdilər. Onları birləşdirən yeganə cəhət öz şərəflərini yüksəltmələri idi. İlk qadın faraon olan Hatsepşut Misirin inkişafina böyük töhfələr vermişdi. Massaget çariçası Tomiris adlı-sanlı sərkərdə Böyük Piri məğlub etməklə, igidliyin dövlətin böyüklüyündən asılı olmadığını sübut etmişdi. Kleopatra Misirin müstəqilliyini qoruyub saxlamaq üçün bütün vasitələrə əl atmışdı, Romanın tabeliyində yaşamaqdansa, həyatla vidalaşmaq yolunu seçmişdi. Çin imperatriçəsi U dövlətini böyük beynəlxalq nüfuz sahibinə çevirmişdi. Janna d'Ark Fransanın ingilis işğalından azad olunmasında qeyri-adi qəhrəmanlıq göstərmişdi. İspaniya kraliçası İzabella Yeni Dünyanın kəşfi kimi böyük bir işə sponsorluq etmişdi. İmperatriçə II Yekaterina Rusiyanın böyük dövlətə çevrilməsinə nəhəng xidmətlər göstərmişdi. Böyük Britaniya kraliçası Viktoriya öz adını daşıyan epoxa yaratmışdı. Bu qadınlar gur fəaliyyətləri ilə tarixin pozulmaz səhifələrini zəbt etmişlər. Ona görə də onlar böyük ehtirama layiqdirlər.

Son

03.06.2025-ci il

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
525.az

7Mənbələr