Professor Məhərrəm Zülfüqarlını hələ hərəkat dövründən tanıyıram. Bir vətəndaş, tarixçi, ziyalı, alim, müəllim, tariximizin yorulmaz tədqiqatçısı, obyektiv, qərəzsiz fikirləri ilə daim diqqətləri öz üzərinə çəkən Məhərrəm müəllim eyni zamanda da sədaqətli dostdur. Tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının 70 yaşının tamam olduğunu eşidəndə onun haqqında qəlbimdən keçən fikirləri dilə gətirməyi özümə borc bildim.
Məhərrəm müəllimin həm bir ziyalı, həm bir tarixçi, həm bir müəllim, həm də bir ictimai-siyasi xadim kimi cəmiyyətin həyatında silinməz izlər buraxdığını təkcə mən demirəm, onun faəliyyətini, elmi uğurlarını, müstəqil Azərbaycanın qurulmasında oynadığı rolu bilənlər çoxdur. O, harda olmasından asılı olmayaraq, mövqeyi dəyişməyən insandır, qələmi, sözü, tədqiqatları, mübarizəsi hər zaman xalqımızın işıqlı gələcəyinə köklənib. Məhərrəm müəllim məzmunlu, mənalı, şərəfli bir ömür yolu keçib. Həyatın çox çətinliklərinə sinə gərib, siyasi mübarizələrdə, elmin çətin yollarında qarşısına çıxan maneələri inamı və saf əqidəsi ilə dəf edə bilib. Özünə və əməlinə inanıb. Əlbəttə, həmişə xeyir şərə qalib gəlib, necə ki, dostumuz hər zaman şəri, böhtanı diz çökdürüb.
Əziz dostum Məhərrəm müəllim həm auditoriyada tələbələrinə bir örnək olub, həm də siyasi meydanda öz sözünü deyib. Bir ziyalı kimi onun necə prinsipial olduğunu demək artıqdır, bu, göz önündədir. O çox azsaylı ziyalılardandır ki, heç zaman vətəndaş mövqeyindənsarpmayıb, hər zaman Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi yolunda çarpışıb.
Bir vaxtlar ata babasının Güney Azərbaycandan Quzey Azərbaycana gəldiyi, Vətənin bu tayında binə saldığı səbəbindəndir ki, o özünü bütöv Azərbaycanın övladı sayır. Məhərrəm müəllim milli ziyalıdır və bu onun bütün məziyyətlərində özünü göstərir. O, dünən necə vətənsevər, ictimaiyyətçiidisə bu gün də o cürdür, heç dəyişməyib.
Cumhuriyyət tarixinin obyektiv araşdırılması sahəsində onun tədqiqatları olduqca maraqlıdır.
Məhərrəm müəllim həm də “Bakı-Xəbər” qəzetinin yaxın dostudur və uzun illərdir ki, qəzetimizlə əməkdaşlıq edir, müsahibələr, şərhlər verir, məqalələr yazır.
Dostum Məhərrəm Zülfüqarlını 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür arzu edirəm.
Aydın Quliyev
“Bakı-Xəbər” qəzetinin baş redaktoru