AZ

İran ABŞ-ın Zəngəzur dəhlizinə gəlişini heç cür qəbul edə bilmir...


İran prezidenti Məsud Pezeşkianın avqustun 18-də Ermənistana başlayan səfəri indiki geosiyasi şəraitdə xüsusi maraq doğurur. Səfər avqustun 21-dək davam edəcək, daha sonra Məsud Pezeşkian Belarusa səfər edəcək. Ermənistan hakimiyyəti İran liderini qonaq etməklə onun “Tramp yolu” ilə bağlı narahatlığını aradan qaldırmağa, həm də ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmağa çalışır.

Pezeşkian Ermənistana və Belarusa səfərlər ərəfəsində mühüm açıqlama ilə çıxış edib. O bildirib ki, bu səfərlərin əsas məqsədi İranın özəl şirkətlərinin regional layihələrdə iştirakını genişləndirmək və əvvəlki razılaşmaları, xüsusilə də birgə investisiya təşəbbüslərini daha da irəli aparmaqdır. Onun sədrliyi ilə keçirilən iclasda İran-Ermənistan və İran-Belarus münasibətləri ilə yanaşı, regionda baş verən ən aktual məsələlər müzakirə olunub. Toplantıda Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizi ilə bağlı əldə edilmiş son razılaşmaya da toxunulub və burada İranın milli maraqlarının qorunmasına xüsusi diqqət yetirilib. İslam Respublikası prezidentinin siyasi müşaviri Mehdi Sanai deyib: “Səfərin məqsədləri iki ölkə arasında, xüsusən də ticarət sahəsində əlaqələrin gücləndirilməsi və sənədlərin imzalanmasıdır”. İranın xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, Pezeşkianın səfəri xüsusi əhəmiyyət kəsb edir, çünki Tehran İrəvanla münasibətlərdə yeni üfüqlər açmaq öhdəliyini bir daha təsdiqləmək niyyətindədir: “Tarixi əlaqələr, coğrafi yaxınlıq, iqtisadiyyatların bir-birini tamamlaması və regional maraqların yaxınlaşması birlikdə əməkdaşlığın möhkəmlənməsinə güclü təkan verir”. Xüsusilə, o, birgə infrastruktur və enerji layihələrinin, akademik mübadilələrin və ortaq irsi qeyd edən mədəni təşəbbüslərin inkişaf etdirilməsində sonsuz imkanlar görür: “Bu yolda xoşməramlılıq, qarşılıqlı etimad, ümumi maraqlar və ən əsası, iki paytaxtımızın siyasi iradəsi əlaqələrimizin daha da möhkəmlənməsi üçün əsas sütunlar olacaq. Qarşıdakı yol bəllidir. İran ümumi tarixi keçmişimizə və ümumi gələcəyimizin üfüqlərinə əsaslanaraq, çoxdankı dostluğumuzun yeni səhifəsini yazmaq üçün Ermənistanla əməkdaşlığa hazırdır. İran-Ermənistan münasibətlərinin gələcəyi çox parlaqdır və heç kim onu qaralda bilməz”. Pezeşkianın avqustun 19-da keçiriləcək Ermənistan-İran biznes forumunda iştirakı gözlənilir.Tədbirdə prezidentlə yanaşı, İran sənayesi, yol tikintisi, kənd təsərrüfatı, əczaçılıq və digər iqtisadi sektorların nümayəndələri də iştirak edəcəklər. Həmçinin səfər ərəfəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani arasında telefon danışığı olub. Onlar təsdiq ediblər ki, İrəvan və Tehran yaxın gələcəkdə strateji əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəklər.

Bu arada Tehran avqustun 8-də Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan danışıqlarına birmənalı reaksiya verib. O, İrəvan və Bakı arasında sülh sazişinin paraflanmasını alqışlayıb, lakin ABŞ prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) yaratmaq təşəbbüsündən hiddətlənib. Ermənistan hakimiyyəti ümid edir ki, “Tramp yolu” Zəngəzur dəhlizinə alternativ olacaq və Paşinyanın Cənubi Qafqazda “Sülh kəsişməsi” ideyasını həyata keçirməyə imkan verəcək. Bununla belə, Tehran ABŞ-ın investisiya cəlb etmək və təhlükəsizliyə zəmanət vermək vədlərinin arxasında İslam Respublikasını təhdid edəcək imperialist ambisiyaların gizləndiyindən narahatdır.

Ermənistanın Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzinin rəhbəri Ayk Xalatyan məsələ ilə bağlı bildirir: “İranın Vaşinqtondakı razılaşmalarla bağlı mövqeyinə gəlincə, biz görürük ki, İran rəhbərliyinin ruhani liderlə, İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan hissəsi bu razılaşmalara kifayət qədər sərt reaksiya verib. İslahatçılar qanadına daxil olan prezident və Xarici İşlər Nazirliyinin rəhbəri bu razılaşmaları daha yumşaq şərh ediblər”. Ekspertin sözlərinə görə, İran prezidentinin komandası xarici siyasətdəki uğursuzluqlar: “Suriyanın itirilməsi, İsrail və Amerikanın bombardmanları fonunda ciddi tənqid olunur. Bu sıraya Ermənistandakı “Trampın yolu” da əlavə oluna bilər. Ermənistana səfəri fonunda Pezeşkian irəvan və Vaşinqtonun konkret olaraq nə barədə razılığa gəldiyini və amerikalıların Cənubi Qafqazda nə dərəcədə təmsil olunacağını anlamağa çalışacaq”. Bu arada onu da xatırladaq ki, İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla ö görüşüb. Görüş zamanı Xərrazi ABŞ-nin bölgədəki fəaliyyətlərinə etiraz edib və bildirib ki, Amerikanın Ermənistanda investisiya şirkəti və rabitə marşrutu operatoru kimi iştirakı İran üçün qəbuledilməzdir: “Bu addım Vaşinqtonun regiona gələcəkdə daha çox müdaxiləsinə zəmin yarada bilər”. Öz növbəsində Kostanyan İranın daimi dəstəyinə görə təşəkkür edib və qeyd edib ki, Ermənistanın xarici siyasətində Tehranla münasibətlərə xüsusi yer ayrılır, həmçinin İranın narahatlıqları və qırmızı xətləri nəzərə alınmalıdır. İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref deyib ki, xarici ölkələrin müdaxiləsi Cənubi Qafqazda davamlı təhlükəsizliyə töhfə vermir: “İran regionda sülhün və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayıb və ölkələrin ərazi bütövlüyünə hörmətlə bağlı sarsılmaz mövqeyini bəyan etməklə yanaşı, xarici dövlətlərin regionun işlərinə müdaxiləsinin davamlı təhlükəsizliyə töhfə verməyəcəyinə inanır”.

Samirə SƏFƏROVA

Seçilən
103
50
baki-xeber.com

10Mənbələr