Qasım Hacıyev: “Azərbaycanın Qarabağ bölgəsində sökülənlərin heç biri tarixi abidə deyil, qondarma...”
Torpaqlarımız işğaldan azad edildikdən sonra ərazilərimizdə aparılan tikinti-quruculuq, bərpa işləri, ermənilərin viran qoyduğu kəndlərimizin, şəhərlərimizin yenidən dirçəldilməsi prosesi Ermənistanda oturub hələ də işğal xülyası ilə yaşayan bəzi təşkilatları və erməni mətbuatını ciddi narahat edir.
Halbuki, onlar vaxtilə törətdikləri vandalizm aktına görə məsuliyyətlərini dərk etmək və utanmaq əvəzinə şər kampaniyası aparmaqla məşğul olurlar. Əlləri hər şeydən üzülən ermənilər indi də iddia edirlər ki, Qarabağda “sovet xadimlərinin 25 abidəsi sökülüb”.
Kimdir, bu sovet xadimləri?
Pilot Nelson Stepanyan, admiral İvan İsakov, marşal Ovannes Baqramyan, musiqiçi Henrix Barxudaryan, şair və yazıçı Ovannus Tumanyan, rusiyalı erməni əsilli rəssam İvan Aivazovski. Bu adamların Qarabağla nə əlaqəsi var ki, onların abidələri, heykəlləri, büstləri şəhidlərimizin qanı ilə suvarılan torpaqlarımızda qalsın?
Nəyə görə Qarabağda erməni terrorçusu, ASALA terror təşkilatının ASALA-RM qanadının qurucusu, əli yüzlərlə azərbaycanlının qanına batan, ABŞ-da doğulan Monte Melkonyanın abidəsi Qarabağda qalmalıdır?
Hitlerin əlaltısı olan, sovet əsgərlərinin qanını içən Qaregin Njdenin abidəsinin bizim torpaqlarda qalmağa nə haqqı var?
Məsələ burasındadır ki, adları çəkilənlərin Qarabağla bir əlaqəsi yoxdur, sonradan ermənilər onları bizim torpaqlarımıza pərçim ediblər.
İvan Baqramyan Qarabağda doğulmayıb, 1892-ci il dekabrın 2-də Şəmkir rayonunun Çardaxlı kəndində doğulub. Baqramyanın Qarabağa nə aidiyyəti varmış ki, ermənilər orda ona abidə qoyubmuşlar? Heç bir dəxli yoxdur. Baqramyanın adı gələndə gözlərimizin qarşısında iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun qatili canlanır. Xüsusilə Azərbaycana düşmənçiliyi ilə seçilən marşal Baqramyan Azərbaycan xalqının nəzərində Həzi Aslanovun öldürülməsində iştirakı olan, yaxud H.Aslanovu öldürən şəxsdir. Bizdə belə bir stereotip var. Baqramyanın adı Azərbaycan cəmiyyətində çox pis assosiasiya yaradır.
Nelson Stepanyana gəlincə, bir çox mənbələrə görə, o da Azərbaycanın Şəmkir bölgəsində doğulub. Amma ermənilər onun Şuşada doğulduğunu iddia edirlər. N.Stepanyan 1913-cü ildə Azərbaycanda doğulub və heç bir yaşı tamam olmamış ailəsi ilə İrəvana köçüb, Azərbaycanla heç bir əlaqəsi olmayıb.
Milliyyətcə erməni olan İvan İsakova gəlincə, onun Yelizavetpol quberniyasında doğulduğu yazılır.
Çox maraqlıdır ki, bunlar haqqında ermənilər heç vaxt Azərbaycanda doğulduqlarını yazmırlar. Sadəcə Rusiya imperiyası” sözü ilə kifayətlənirlər.
Bunların arasında təkcə musiqiçi Henrix Barxudaryan Qarabağda doğulub. Məlumata görə, o, 1934-cü il yanvarın 1-də Xankəndidə anadan olub.
Şair-yazıçı Ovanes Tumanyanın da 1923-cü ildə Tiflis Quberniyasında doğulduğu məlumdur. Yəni onların heç birinin Qarabağla bir əlaqəsi yoxdur. Bu baxımdan, ermənilərin hansısa 25 “abidədən” danışması gülüncdür.
Bir məsələ də var ki, onların “çar-sovet xadimləri” adlandırdıqları şəxslərin heç birinin abidəsi tarixi abidə deyil, sonradan quraşdırılan daş parçaları olub. Azərbaycan torpaqlarında erməni abidələri “əkməklə” öz aləmlərində Qarabağın “erməni torpağı olduğunu” sübut etmək istəyirlərmiş.
“İnsanlıq əleyhinə cinayətlər törədən Bayramyanın, Njdenin, Melkonyanın və başqalarının heykəlləri Azərbaycan torpağında qala bilməzdi”
Tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın Azərbaycan barədə dedikləri böhtandır. Q.Hacıyev qeyd etdi ki, azərbaycanlılar heç bir vaxt abidələri sökməyiblər. “Biz nə atəştpərəstlik, nə xristianlıq, nə müsəlmanlıq, nə də digər dövrlərə aid olan abidələri sökməmişik. Müxtəlif xalqlara aid tarixi abidələri qorumuşuq, heç bir abidəyə, heç bir ziyarətgaha toxunmamışıq, əksinə, onlara qayğı göstərmişik. Ermənilər uzun müddətdir dünyaya yalandan car çəkirdilər ki, guya Azərbaycan Qarabağın “erməni-xristian irsini məhv edir”. Onların bu yalanları baş tutmadı, beş-on nəfəri inandırsalar da, dünya buna inanmadı. Bu, ermənilərin uydurduğu növbəti böhtan kampaniyasıdır və onların cəfəng iddialarından başqa bir şey deyil. Öz əməllərini başqalarının adına yaza bilməzlər. Onsuz da onlar biabır olublar. Buna baxmayaraq, yenə də yalan-palan danışırlar. Guya Azərbaycan bunların “tarixi abidələrini söküb məhv edib”. Sizin Qarabağda hansı abidəniz vardı ki, sökülsün də?! Azərbaycan ərazisindəki qədim və digər dövrlərə aid abidələrin hamısı durur. Əlimdə bu barədə dəqiq məlumat yoxdur, amma əgər Qarabağda hansısa “abidələr” sökülübsə, bu tam yerində sökülüb. Azərbaycanın Qarabağ bölgəsində sökülənlərin heç biri tarixi abidə deyil, qondarma heykəlciklərdir. Sökülənlər varsa onlar vaxtilə ermənilərin düşüncəsinə uyğun olan terrorçulara, canilərə aid “abidələrdir” ki, bu “abidələr” torpaqlarımız azad olunan günü sökülüb dağıdılmalı idi. Ona görə ki, ermənilər o heykəlləri, büstləri düşmənçiliyi qızışdırmaq məqsədilə qoymuşdular. Azərbaycan xalqının, qadınların, uşaqların, qocaların qanını tökən canilərin heykəli bizim torpaqlarımızda necə qala bilər? Ermənilərin saxta tarixini və canilərə qoyduqları heykəlləri tamamilə silmək lazımdır ki, heç onları tanıyan, bilən olmasın. Onlar ki, orda sonradan heykəllər qoymuşdular, o şəxslərin heykəllərinin nəinki Azərbaycan torpaqlarında, heç Ermənistanın özündə qalmaq haqqı yoxdur.
Sovet dövründə marşal olduğunu dedikləri Baqramyanın ciniayətləri məlumdur, onun da iç üzü tamamilə açıldı. Bayqramyanın nəinki Azərbaycan xalqına, bütövlükdə insanlığa düşmən olduğu ifşa edildi. Əli Həzi Asalnovun qanına batan Baqramyanın heykəlinin bizim ərazilərimizdə qoyulmasının özü bir cinayət idi. İnsanlıq əleyhinə cinayətlər törədən Bayramyanın, Njdenin, Melkonyanın və başqalarının heykəlləri Azərbaycan torpağında qala bilməzdi”.
Q.Hacıyev qeyd etdi ki, ermənilərin “çar-sovet xadimi” adlandırdıqları şəxslərin büstlərinin, heykəllərinin vaxtilə bizim ərazilərdə qoyulmasının özü tarixi ədalətsizlik idi və bu heç yerində olan məsələ deyildi. “Bunlar Azərbaycan xalqına aidiyyəti olmayan, eyni zamanda bəşəri cinayətlər törədən şəxslərin heykəlləri idi. Yəni demək istəyirəm ki, ermənilərin hansısa 25 “çar-sovet xadiminin” “abidəsindən danışması, onlarla bağlı cəfəng iddialar irəli sürməsi absurddur.
Ermənistan Azərbaycan türklərinə aid olan tarixi abidələri, qalaları, körpüləri, məzarlıqları, məscidləri söküb dağıdıb, məhv edib. Azərbaycan isə tarixi abidələrə heç zaman toxunmur. Əgər Qarabağda hansısa söküntü olunsa, bu, I Qarabağ müharibəsi dövründə və başqa dönəmlərdə əli Azərbaycan oğul-qızlarının qanına batan, eləcə də Qarabağla heç bir əlaqəsi olmayanların heykəlcikləridir. Onlar isə tarixi abidə deyil, canilərin oxşarı olan daşlarıdır. Onlara abidə demək olmaz...”-deyə Q.Hacıyev qeyd etdi.
Qeyd edək ki, ermənilərin bu iddiası ilə bağlı Mədəniyyət Nazirliyinə göndərdiyimiz sorğuya cavab gəlmədiyi üçün yazıya rəsmi məlumatı əlavə edə bilmədik.
İradə SARIYEVA