AZ

"Şəhidlər dövlət atributu kimi xüsusi qanunla qorunmalıdır" - Elyar İslamoğlu ilə MÜSAHİBƏ

Hazırda bütün Azərbaycan mətbuatı və sosial şəbəkələr ərəb turistlərin Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib, onu video çəkərək sosial şəbəkələrdə paylaşmasından qəzəblə yazır. Bu əlbəttə ki, hər bir azərbaycanlının , xüsusən şəhid ailəsini həyəcanlandırıb, kədərləndirib.

Şəhidimiz mayor Vüsal Vəliyevin qardaşı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi  Elyar İslamoğlu da məsələyə etinasız qalmayıb. O bununla bağlı fikirlərini Adalet.az -a danışıb.

O, bildirib ki, bir qrup ərəb Bakıda Şəhidlər xiyabanında şəhid məzarları önündə qeyri-etik hərəkətlər edərək onların ruhuna sayğısızlıq edib:"Həmin şəxslər polis tərəfindən müəyyən edilərək saxlanılıb. Şəhidlər Azərbaycan xalqının müqəddəs dəyəridir. Onların ruhuna, xatirəsinə sayğısızlıq, hörmətsizlik yolverilməzdir.

-Ərəblər "şəhid" sözünün anlamını bilirlər, belə olduğu halda onların Şəhidlər xiyabanında etdikləri  hərəkətlər  Azərbaycan ictimaiti üçün ikiqat zərbə oldu. Bunu bir alman, fransız etsəydi, camaat bu qədər qəzəblənməzdi.

-  Hər kim olur olsun, istər alman, istər fransız, istər ərəb, ölkəyə gələn turistlərin bələdçiləri əvvəlcədən Azərbaycan xalqının müqəddəs dəyərləri, toxunulmazları barədə məlumatlandırılmalıdırlar.  Bəli, turistlərə anlatmaq lazımdır ki, hər bir xalqa məxsus müqəddəs atributlar var ki,  onlara toxunmaq qəti qadağandır. Bayraq kimi, Gerb kimi və s. 

- Amma cəzaların aldılar...

-Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edən ərəblərə Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanaraq hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi.

Hadisəyə gecəylə operativ reaksiya verən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Səbail Rayon Məhkəməsinə və eyni zamanda  şəhidlərə edilən sayğısızlığa görə həmrəy olaraq hadisəni törədənlərə cəza tələb edən, hadisəni ictimailəşdirən hər kəsə minnətdaram.

 Amma bu ilk hadisə deyil. Xatırlayırsınızsa, 2014-cü ildə 20 Yanvar şəhidi İlham Allahverdiyev və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verildi. Araşdırmalarla müəyyən edilib ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olan, heç bir yerdə işləməyən, əvvəllər məhkum edilən Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur. Bu bir  xalqın müqəddəslərinin təhqir olunması, onu dərindən yaralamaq deməkdir. Daha sonra 2019-cu ildə psixoloq Nərmin Şahmarzadə sosial şəbəkədə Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovu təhqir etdi. Psixoloqun İbarhimoun ünvanına səsləndirdiyi təhqiramiz ifadələr etirazlara səbəb oldu. Qərara əsasən, N.Şahmarzadə 400 saat islah işlərinə məhkum edildi. "020-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində Qarabağ urğunda döyüşlərdə şəhid olmuş Mahir Məmmədovun məzarı təhqir olunub. Yaxınları şəhid məzarını ziyarətə gələn zaman qəbir daşının dağıdıldığının, məzarın üzərindəki bayrağın götürüldüyününün şahidi olublar. Bu yolverilməzdir!

- Amma heç kim zəmanət verə bilməz ki, analoji hal bir də təkrar olmayacaq...

- Elə bu səbəbdən, sizin  saytınız vasitəsi ilə  əlaqədar orqanlara  və qurumlara bir xahişimin, bir təklifimin çatmasını istəyirəm: Ali Baş Komandanın və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var. Amma şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanunvericilikdə xüsusi maddə yoxdur. Şəhidlərə qarşı təhqiramiz ifadələrə yol verənlərin qanunla cəzalandırılması məsələsi Milli Məclisin növbəti sessiyasında müzakirə edilib həllini tapmalı, bununla bağlı qanun qəbul edilməlidir. Şəhidə qarşı hörmətsizlik yolverilməzdir. Alnımızdan 30 illik ləkəni silən, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olan insanı təhqir etməyin ciddi cəzası olmalıdır. Bununla bağlı qanunvericilikdə ayrıca maddə olmalı, xüsusi cəza müəyyən edilməlidir. Bütün şəhid ailələrinin adından təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin.

- Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik,  sizin də bütün arzu və istəklərinizin baş tutmasını arzulayırıq! Çox sağ olun! 

Xatırladaq ki, Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək videogörüntü çəkib sosial şəbəkələrdə yayan 3 turist  Səudiyyə Ərəbistanı vətəndaşlarıdır.Onlar avqustun 13-də Bakıya turist kimi gəlib və 5 gün qalmaq niyyətində olublar. Lakin çəkdikləri videonu sosial şəbəkələrdə paylaşdıqları üçün məsuliyyətə cəlb ediliblər.

 Əntiqə Rəşid

Seçilən
62
1
adalet.az

2Mənbələr