AZ

Lalə Sərdarlı: Hesabatımız şərəfimizdir!

Bu günlərdə sədri olduğum Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin hazırda icrasını reallaşdırdığı "Qərbi Azərbaycanın sənət nümunələri" adlı layihə haqda mətbuatda qısa məlumat yayıldıqdan sonra çoxsaylı suallara tuş gəldik. Əslində bu bizi çox sevindirir. Deməli insamlarımız, cəmiyyət gördüyümüz işlərə, yaradıcılığımıza biganə qalmır. Bu nəticəyə görə sizin kimi media qurumlarına səmimi təşəkkürümü bildirirəm. Ən azı ona görə ki, belə xəbərlərə bu cür yanaşmanız bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına böyük töhvə verə bilir. Qeyd edim ki, həm yuxarıda adını çəkdiyim, həm də ötən ilki "Zəngəzur sənətkarlığı" adlı layihəmizin baş tutmasına Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin göstərdiyi maliyə dəstəyi səbəb olub.

İndi bizdən soruşurlar ki, bəs necə oldu, Azərbaycan mücrüləri qardaş Türkiyədə keçirilən çox mötəbər, beynəlxalq zirvə toplantısında bu cür diqqət mərkəzində oldu?

Bəlkə də bu suala elə bir cümləylə:-Bu, indiyədək gördüyümüz işlərin məntiqi nəticəsidir. -deyə cavab verərdik.. Amma hesab edirəm ki, indi Azərbaycan mücrülərinin uğuru,şan şöhrəti artıq, yalnız bizə məxsus deyil, həm də hamımızın,gözəl ölkəmizin, çox zəngin irsə sahib olan mədəniyyətimizin uğuru kimi qəbul edildiyindən bu məsələyə tam başqa bucaqdan nəzər salmalıyıq. Ən azı ona görə ki, o möhtəşəm gündə Nobel mükafatçısı Əziz Sancar, böyük Türk dünyasının tanınmış tarixçisi İlbər Ortaylı kimi bilim adamları əlləriylə Azərbaycan mücrülərimizi sevə sevə oxşayarkən, nəzərləriylə gördüklərinə ehtiramlarını, rəğbətlərini bildirərək Azərbaycanımızın, onun zəngin mədəniyyətinin şəninə söylədikləri xoş, həm də çox qiymətli fikirlər bunu diqtə edir.

Eləcə də 50-ə yaxın ölkədən 400 dən çox ən ünlü simaların qatıldığı bu zirvədə bir çox sabiq ölkə başçılarının xanımlarıyla birgə növbəylə Qərbi Azərbaycan mədəni irsini tərənnüm edən Azərbaycan mücrüləriylə fotolar çəkdirməsi və bu zaman Azərbaycanın ayrı ayrı sahələrdəki nailiyyətlərinə heyran olduqlarını nümayişkaranə bildirmələri məsuliyyətimizi daha da artırır.

Həmin o məsuliyyət və öhdəmizə götürdüyümüz vəzifələrə rəğmən biz təşkilat, sənətkar, vətəndaş olaraq bütün mümkün platformalardan istifadə edərək Qərbi Azərbaycan həqiqətlərini dünya insanlarına çatdırmağı planlaşdırmışıq.

Beləcə, dünyanın hər yerindən gəlmiş ictimai xadimlər, tanınmış sənət, elm adamları, dini liderlər, məhşur diplomatlar ilk baxışda böyük Türk dünyasının sənət incilərini gördüklərindən çox məmnun olduqlarını nümayiş etdirir, əsərlərimizə tam yaxınlaşanda isə ortaq dəyərlərimizə söykənərək hazırladığımız Azərbaycan mücrülərinin qarşısında olduqlarını bilirdilər.

Artıq mücrülərlə daha yaxın təmas qurulduqca yəni onun üzərindəki naxışlar, uyğun simvollar, kompozisiya quruluşu, bunların hamısının vəhdətindən yaranan hekayə ilə tanış olduqca onlara bütün bunların Qərbi Azərbaycanın çox zəngin mədəni irs elementlərini tərənnüm etdiyini anladırdıq. Bu zaman yaranan xoş sənətsevərlik aurası fürsətindən yararlanaraq ətraflı şəkildə Qərbi Azərbaycan həqiqətlərindən danışmağa başlayırdıq. İstər tarix, hüquq, istərsə də mənəviyyat müstəvisində qərarlaşa bilən haqq işimizin məzmununu onlara çatdırırdıq.

Onlar bizi çox gözəl dərk etməyə başlayırdılar. İçində olduğumuz bu unikal atmosfer  imkan verirdi ki, əsərlərimizlə bu cür tanış olanlar müqəddəs həqiqətlərimizi həzm edə bilsinlər.

Bəli, bu bizim illərlə ölçüb biçib, qurub yaratdığımız, beyin mərkəzli formatdır. O format ki, orda hazırladığımız Azərbaycan mücrüləri və digər dekorativ tətbiqi sənət nümunələri üzərindən ətrafa çatdırmaq istədiyimiz Azərbaycan həqiqətlərini daha dolğun şəkildə ifadə edə bilirik.

Əlbəttə, bu yerdə bizə bu fürsəti tanıyan, dünyaca nüfuzlu, qardaş Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəkfinin qurucusu və rəhbəri,doktor Akkan bəy Suverə böyük vəfa borcumuz vardır.Biz 28-ci Avrasiya İqdisadi Zirvəsinə,eləcə də bu zirvənin təşkilatçısı olan qurumun 40 illik yubileyi ilə bağlı tədbirlərə hörmətli Akkan bəy Suverin şəxsi dəvəti ilə qatılmışdıq.O, bizi Azərbaycan sənətkarları, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq ən yüksək səviyyədə qarşılayaraq, bütün hallarda sabiq ölkə başçıları, Nobel mükafatçısı, dünyanın digər ünlü simaları ilə eyni cür ağırladı. Bu onun Azərbaycan sənətkarlığına, mədəniyyətinə olan qardaşlıq sayğısının göstəricisi idi.

Hələ ötən il sədri olduğum ictimai birlik Akkan bəyin rəhbərlik etdiyi çox nüfuzlu qurumla əməkdaşlığa başladığımız ilk anlardan onun ağsaqqal tövsiyyələri,böyük mənəvi dəstəyi üzərimizdə oldu.

Yalnız Türkiyədə deyil, elə ötən il COP 29 çərçivəsində keçirilən Ümumdünya Dini Liderlərin Qlobal Bakı Sammitinin işinə də məhz doktor Akkan Suverin şəxsi təşəbbüsü ilə qatılmışdıq. Burada o, bizi bir sıra ölkələrin dini liderlərinə təqdim edərək, həyata keçirdiyimiz "Sənətdə sülh elçiliyi-Tolerantlıq" adlı layihəmiz barədə ətraflı məlumat verir, hazırladığımız əsərlərlə onları tanış edirdi. Çünki o, özü də dünyada çox rəğbətlə qarşılanan sülh, barış elçisi, dinlər və mədəniyyətlər arası dialoq təşkilatçılarından, təbliğatçılarından biridir.

Bu ilki İstanbulda keçirilən yüksək zirvə toplantısı zamanı Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəkfinin təsis etdiyi xüsusi ödüllərlə yanaşı, yenə də Akkan bəyin təşəbbüsüylə bizim hazırladığımız Azərbaycan mücrüləri(Azərbaycan və LATİS sözləri həkk edilməklə) də 40-a yaxın müxtəlif ölkələrin ən ünlü simalarına çox təntənəli şəkildə təqdim edilmişdir.

Düzdür mövcud sosial şəbəkələrə,müxtəlif onlayn sənət platfomalarına,onlayn sərgilərə rəğmən dünyanın bir sıra ölkələrində bəlli sənət cameəsində əsərlərimiz tanınır və çox şadıq ki,rəğbətlə də qarşılanır.Hətta İspaniya,İtaliya,Almaniya, Macarıstan,Hollandiya, Estoniya, Latviya, Kazaxstan kimi ölkələrdən sərgi təklifi də almışıq zamanında. Lakin ilk mərhələdə qardaş Türkiyənin Azərbaycan mücrülərinin,Azərbaycan mədəniyyətinin dünyaya əyani şəkildə tanıdılması yolunda başda doktor Akkan Suver olmaqla, dünyaca məhşur Topkapı Sarayının, şəxsən Sarayın Dairə Başkanı İlhan Kocamanın, Türkiyə  Yunus Əmrə İnstitutunun xidmətləri daha önəmlidir.

Ümumilikdə hazırladığımız Azərbaycan mücrü və sandıqlarının incəsənətdəki, vətəndaş cəmiyyətindəki çəkisini və yerini bu mövqeyə çatdırana qədər 10 il yol gəlməli olduq. Bu yol heç də asan, hamar olmadı. Həm də biz tənha yolçularıq axı... On il bundan əvvəl informasiya məkanında, akademiya, universitet dərsliklərində, kitabxanalarda vaxtilə xalçaçılıq, dulusçuluq, misgərlik və s. el sənətləri ilə yanaşı  mövcud olmuş mücrü, sandıq sənətkarlığı ilə bağlı heç bir məlumata, bir cümləyə də rast gəlmirdik. Axtarış zamanı bizim dövrün insanlarının çox sevdiyi qısa, amma çox məhşur olan bir filmdəki "Açıldı mücrü, örtüldü mücrü" ifadəsi önə gəlirdi... Qeyd edim ki, biz özümüz də bu sənətə ənənəvi yollarla gəlmədik. Bir məktəbimiz, ustadımız olmadı o zaman. Biz, jurnalist ailəsini bu gözəl sənətə əlahəzrət artterapiya gətirdi. O, həm də bizim əsil xilaskarımıza çevrildi.

Bu ayrıca, çox geniş, həm də ibrətamiz bir mövzudur. Nə vaxtsa, ehtiyacı olan insanlara fayda vermək üçün bu vacib mövzuya qayıtmaq vəfa borcumuz, sosial məsuliyyətimizdir.

Yaradıcılığımızın 5-ci ilində ölkəmizin müvafiq qurumlarında və ölkədən kənar müxtəluf platformalarda hazırladığımız mücrü və sandıqlar sənət əsəri kimi tanınmağa başlandı. Onlar Azərbaycan mədəniyyət tarixində ilk dəfə  adlı, hekayəli, mesajlı mücrü və sandıq olaraq sənət əsərləri kimi qəbul edildilər. Mədəniyyət  Nazirliyinin komissiyalarının yekdilliklə verdiyi o rəyləri, şəhadətnamələri, sertifikatları aldıqca  özümüzü çox xoşbəxt hesab edirdik. Axı Azərbaycanda unudulmaqda olan bir el sənəti ənənəsini yeni formatda günümüzə daşımaq məhz bizim, Sərdarlı sənətkar ailəsinə nəsib olmuşdu.

Növbəti mərhələdə bu möhtəşəm nəticəni qorumaq, yaşatmaq, təbliğ etmək gərək idi.

Bilirsinizmi Azərbaycanda sandıq və mücrülərin ən yaxın əqrəbaları sayılan xalça, kəlağay və digər dekorativ tətbiqi sənət nümunələrini çox uğurla yaşadan, öyrədən kifayət qədər nüfuzlu, sanballı institutlar vardır. Amma sandıq üçün bunu söyləmək olmur. Buna görə kimisə günahlandırmaq da olmaz. Çünki sandıq bir məişət əşyası kimi funksionallığını itirdiyindən o yalnız müəyyən bəlli təbəqənin yaddaşlarında, əsərlərdə institutlaşmaqdadır. Bu təbii prosesdir.

Odur ki, biz sandığı günümüzə maraqlı məzmunda və formatda qaytarmaq üçün öz metodologiyamızı qurduq. Bu metodologiyaya söykənərək nəinki sandığı digər unudulmuş el sənətlərinə də yeni nəfəs vermək olar. Odur ki, biz bütün yaradıcılıq potensialımızı, mövcud resurslarımızı(şəhərdəki yaşayış evimizi satmaqla) səfərbər edərək Novxanıdakı bağ evimizdə dünyada yeganə sayılacaq sandıq evi yaratmağa qərar verdik. Nəyinki Azərbaycanda, eləcə də bütün dünyada bizə yadigar olan qiymətli bir mirası yaşada biləcək bir institut olaraq.

İki ilə qurduğumuz bu məkanı vaxtilə İrəvanda mövcud olmuş Sərdar Xan Sarayının uca ruhuna ithaf edərək "Sərdar Sandıq Ocağı" adlandırdıq.

Dövrünün ən gözəl mədəniyyət incilərindən biri olan bu möhtəşəm saray Qərbi Azərbaycanda yaradılmış,demək olar ki,bütün tarixi memarlıq abidələrimizlə yanaşı amansızcasına qətliama məruz qalmış,xüsusi vandallıqla yer üzündən silinmişdir. Acı taleyi olan bu irsin heç olmasa bir hekayəsinin də burda,  sandıq evimizdə ləyaqətlə  yaşatmağı özümüzə vəfa borcu bildik. Artıq durda 4 ildirki həm beyin mərkəzi olaraq çalışır, zəngin mədəni irsimizi öyrənən araşdırmalarımızın nəticələrini dəyirmi masalarla, konfrans, seminarlarla insanlar arasında təbliğ edir, həm də əlahəzrət yaradıcılıqla məşgul oluruq.

Çalışdığı 4 il ərzində ABŞ, Rusiya, Çin Xalq Respublikas,, Almaniya, Türkiyə, Macarıstan, ŞKTR, Gürcüstandan,İrandan gələn tanınmış elm, təhsil, sənət adamları, dövlət xadimləri, diplomatik korpus nümayəndələri, eləcə də yerli ictimaiyyət və vətəndaş cəmiyyəti təmsilçiləri burada  unudulmuş el sənəti nümunələri, Azərbaycanın mədəni irsi, eləcə də dünya xalqlarının mədəni irs elementlərini tərənnüm edən əsərlərlə tanış olmuşlar.

Məhz bu məkanda     "Turan Yolu Zəngəzurum"," İrəvanım"," Dərələyəzim" adlı kolleksiyalarımız, "Mənim ailəm"," Sultanlar eşqi"," Vəhdət körpüsü"," Mələklər vadisi"," Çərxi fələk"," Menora şəfəqləri"," Göyçəm"," Keşkəndim"," Sonuncu xan"," İpək Yolu"," Atlantida" və digər onlarla əsərləri sevə sevə yaradıb gözlərimizin nurunu, qəlbimizin istisini gələcək nəsillərə, insanlığa, Azərbaycanın zəngin mədəni irs xəzinəsinə ərmağan etmişik.

Hazırda "Sənətdə sülh elçiliyi - Tolerantlıq" adlı layihəmizin icrası ilə də məşğuluq.Layihəyə əsasən hazırladığımız tətbiqi sənət nümunələri Bakı Yeparxiyasının Dini Mədəni Mərkəzində, Müqəddəs Mürr Daşıyan Zənənlər Kafedral Kilsəsində "Külli İxtiyar Rəbb" oyma ikonası, "Müqədəs Varfolomey"  ikonası, Türkiyə Süryani Ortodoks Patriarxlığında "Müqəddəs Vorfolomey ikonası, Türkiyə Süryani Katolik kilsəsində ağacdan hazırlanmış katolik xaçı, Türkiyə yəhudilərinin dini idarəsi-Türkiyə Hahanbaşlığı Vəkfində "Çərxi Fələk" adlı mücrü,İstanbulda yerləşən Rum Ortodoks Patrikxanasında "Müqəddəs Vorfolomey" ikonası, Türkiyə Dəyanət Vəkfi, İstanbul müftülüyündə "Quranımız ayaqda"  adlı xüsusi quranqabı, eyni adlı dekorativ tətbiqi sənət nümunələri Kanadanın Prins Albert Universitetində, Bakıda Türkiyə səfirliyinin Dini İşlər Üzrə Müşavirliyində, Azərbaycan Dağ Yəhudiləri Muzeyində "Menora şəfəqləri" adlı mücrü saxlanılır.

Eyni zamanda "Mirzə Qədim" kolleksiyası üzərində də iş aparırıq.

Bir sözlə bütün bunlar Azərbaycan mücrülərinin və hazırladığımız digər dekorativ tətbiqi sənət nümunələrinin dünyada tanıdılması, şan şöhrət qazanması yolunda on il Sərdarlı sənətkar ailəsi olaraq, üç il də vətəndaş cəmiyyəti təmsilçiləri olaraq gördüyümüz işlərin hesabatıdır.

Nəticədən qürurluyuq. Ona görə qürurluyuq ki, bu formatda, yaratdığımız metodologiyaya söykənərək üzərində hekayəsi, fəlsəfəsi, mesajı, kodları olan sandıq, mücrü hazırlayan nəyinki ölkəmizdə, eləcə də dünyada yeganə sənətkarlar, vətəndaş cəmiyyəti təmsilçiləriyik.

Mən həm də bu on illik hesabatımızı böyük məmnuniyyətlə əsrlərin həsrətinə son qoyan zəfəri xalqımızla birgə ölkəmizə qazandıran, o zəfəri bu günlərdə  dünyaya, onun ən qüdrətli sayılan dövlətinin birinci masasına ləyaqətlə daşıyan hörmətli Prezidentimiz, cənab İlham Əliyevə, zəngin mədəni irsimizə göstərdiyi xüsusi sayğı və qayğısıyla incəsənətimizə yeni bir intibah dövrü bəxş edən Birinci vitse prezidentimiz, hörmətli Mehriban xanım Əliyevaya, Mədəniyyət nazirimiz, hörmətli Adil Kərimliyə, Diasporlarla İş Üzrə Dövlət Komitəsinin sədri, hörmətli Fuad Muradova, Elm və Təhsil naziri hörmətli Emin Əmrullayevə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, hörmətli Polad Bülbüloğluna, QHT lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, hörmətli Aygün Əliyevaya, Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri, hörmətli Əziz Ələkbərliyə ünvanlayıram.

Çünki biz bu illər ərzində ölkə başçımızın inaqurasiya çıxışı zamanı xüsusi vurğuladığı milli mənəvi dəyərlərimizin, bu dəyərlərə söykənən müqəddəs ailə institutumuzun, zəngin mədəni irsimizin qorunmasına, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına əməli töhvə vermək amacıyla bir Azərbaycan ailəsi, vətəndaşı, sənətkarı olaraq çalışdıq.

Sonda onu da bildirmək istəyirik ki, bundan sonra da Azərbaycanımızın tərəqqisi uğrunda bu şərəfli yolu daha böyük yaradıcılıq potensialı ilə ləyaqətlə addımlamağa hazırıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
37
1
olaylar.az

2Mənbələr