AZ

Paşinyandan mühüm mesaj: Xalqı sülhə hazırlayır

Ermənistanın Baş naziri Nikol Paşinyan xalqa müraciətində ABŞ-də Azərbaycanla sülh müqaviləsinin paraflanmasını dönüş nöqtəsi adlandırıb. Paşinyan xatırladıb ki, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli sammitdən sonra Azərbaycan və Ermənistan iki mühüm sənəd imzalayıblar – birincisi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişi paraflayıblar, ikincisi, birgə bəyannamə qəbul ediblər.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar oldu, əziz insanlar. Avqustun 8-dən biz fərqli Cənubi Qafqazda, yeni Ermənistanda yaşayırıq”, – Paşinyan deyib.

Baş nazir vurğulayıb ki, əldə olunan razılaşmalar iki xalq arasında düşmənçilik səhifəsini bağlamaq üçün yol açır:

“Biz müharibəni bir alət kimi birdəfəlik rədd etdik və istisna etdik, bu isə yeni mərhələnin başlanğıcı deməkdir. Bu, yenidən nəzərdən keçirilməli olmayan və dəyişdirilməməli olan faktdır. Bu, iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır”, – siyasətçi bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistanda insanlar sülh arzulayırdılar, lakin “sülh” sözünün özü çox vaxt tənqidlə qarşılanır, ondan istifadə edənlər isə bəzən qınanırdılar:

“Ona görə də sülh bizim üçün yad bir şeydir. Amma sizdən xahiş edirəm: gəlin bu reallığı qiymətləndirək. Bu o deməkdir ki, sülhün nə olduğunu və onun necə göründüyünü sıfırdan öyrənməliyik”, – o deyib.

Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, avqustun səkkizində Vaşinqtonda əldə olunmuş razılaşmalar Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaratdı. Beləliklə, regiona faktiki olaraq sülh gəldi. Növbəti mərhələdə Ermənistandan Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən konstitusiya dəyişikliyinə getməkdir. Bundan sonra tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün heç bir əngəl qalmayacaq. Məsələ burasındadır ki, 8 avqust razılaşması ilə həm də uzun illər Cənubi Qafqaza arxa bağçası kimi baxan Rusiyanın regiondakı təsir imkanları xeyli azaldı. Bu o deməkdir ki, daha bölgədə asanlıqla “suları bulatmaq” mümkün olmayacaq”.

Onun sözlərinə görə, Paşinyanın açıqlamasında diqqətçəkən əsas məqamlardan biri “Ermənistanda insanlar sülh arzulayırdılar, lakin “sülh” sözünün özü çox vaxt tənqidlə qarşılanır, ondan istifadə edənlər isə bəzən qınanırdılar” fikirləridir:

“Bu, daha çox Ermənistandakı revanşistlərə olan mesajdır. Belə ki, ölkə daxilində Azərbaycanla münasibələtlərin normallaşmasına, o cümlədən yekun sülh sazişinə etiraz edən kifayət qədər radikal var. Onlar gələcəkdə prosesin inkişafına, o cümlədən Konstitusiya dəyişikliyinə mane ola bilərlər. Baş nazir bu reallıqları anlayır. Ona görə də indidən bir tərəfdən xalqı gələcəyə hazırlayır, digər tərəfdən isə radikalların müqavimətini qırmağa çalışır.

Ermənistan hökumət başçısı, yəqin ki, gələcəkdə də ictimai rəyi formalaşdırmağa davam edəcək. O, bu yolla özünü mənfi ssenarilərdən sığortalamaq istəyir. Düşünürəm ki, Paşinyanın cəhdləri fayda verəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr