AZ

Azad olunmuş ərazilərdə aparılan bərpa işləri dövlət gündəliyinin əsas məsələlərindəndir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 avqust, AZƏRTAC

Məlum olduğu kimi, Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Həmin ilin avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, yüzlərlə hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Əlbəttə ki, ermənilərin 1990-cı illərin əvvəllərində işğal etdikləri torpaqlarımızın hər qarışı bizim üçün böyük itki idi. Dövlətimizin başçısının 2023-cü il avqustun 26-da Laçın şəhərində etdiyi çıxışında dediyi kimi, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Bununla belə məhz Laçının işğalı strateji nöqteyi-nəzərindən bütün ölkə üçün ağır bir fəlakət oldu. Çünki bu işğalla artıq mövcud olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi əlaqə yaradıldı və Azərbaycanın sonrakı itkilərinin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi ilə qoyuldu. Lakin şanlı Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən həmin ilin dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycan düşmən üzərində həm hərbi, həm də siyasi-diplomatik müstəvidə tam və qəti qələbə qazandı. Qırx dörd günlük Vətən müharibəsində əldə olunmuş və torpaqlarımızın 30 illik işğalına son qoymuş tarixi Qələbəmizdən dərhal sonra Prezident İlham Əliyev tərəfindən Böyük Qayıdış proqramı dövlətimizin əsas prioriteti kimi müəyyən edildi. Uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları üçün işğaldan azad edilmiş ərazilərimizdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində vüsətli iş aparılır. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri də burada aparılan işlərin diqqət mərkəzində saxlandığından xəbər verir. Cari ilin may ayında isə dövlətimizin başçısı Laçın Beynəlxalq Hava Limanının açılışını edib ki, bu da işğaldan azad olunmuş ərazilərimizin beynəlxalq statusunun yüksəlməsinə növbəti böyük töhfədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis olunmasının əhəmiyyətindən bəhs edən S.Möhbalıyev deyib: “Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, avqustun 26-sı Laçın Şəhəri Günü kimi müəyyən olub. Əlbəttə ki, Azərbaycanın tarixi qələbə günlərinin əbədiləşdirilməsi mühüm vəzifədir və məhz bu baxımdan da respublikamızın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis olunması xüsusi əhəmiyyət kəsb edən bir qərardır. Həmçinin bu məqsədlə atılan mühüm addımlardan biri də Laçın rayonunun işğaldan azad edilməsində xüsusi fərqlənmiş hərbiçilərimizin təltif olunması ilə bağlıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları da “Laçının azad olunmasına görə” medalı ilə təltif olunublar. Bütün bunlar Azərbaycanın qalib ölkə olaraq öz ərazilərinin toxunulmazlığını və təhlükəsizliyini bundan sonra da yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
azertag.az

3Mənbələr