AZ

Sığorta ödənişlərində artım: Sosial ayırmalarda da ola bilərmi?

“Bu ilin ilk 7 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 280.8 milyon manat və ya 8.2% artım qeydə alınıb. Belə ki, büdcə təşkilatları üzrə daxilolma 126.9 milyon manat və ya 11.2%, qeyri-büdcə təşkilatları üzrə isə 300.5 milyon manat və ya 14% artıb”.

FED.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 7 milyard 617 milyon manat, xərclərinin isə 7 milyard 676 milyon manat olacağı gözlənilir. Eyni zamanda, il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 5 milyard 997 milyon manat yığım gözlənilir:

“Məcburi dövlət sosial sığorta haqları üzrə yığımın proqnoza nisbətən daha çox olması həmin müddətdə ölkə üzrə ortaaylıq əməkhaqqının artması və əmək, eləcə də, xidməti müqavilələrdə müşahidə edilən artımla bağlıdır. Belə ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.4 faiz artaraq 1 097 manata çatıb. Həmin arada, muzdla çalışan işçilərin sayı 1 milyon 770 min nəfər olub. Bu baxımdan, əməkhaqqı fondunun artması məcburi dövlət sosial sığorta haqları üzrə daha çox ödənişin həyata keçirilməsinə gətirib çıxarıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə yığılan vəsaitin əhaliyə ödənişlər üzrə xərclər yönəldiyini nəzərə alsaq, bu, sosial istiqamətə daha çox vəsaitin ayrılmasına səbəb ola bilər. Belə ki, əmək pensiyaları, aylıq və birdəfəlik müavinətlər məhz daha çox DSMF-nin gəlirləri hesabına ödənilir. Daha çox yığım isə daha dayanıqlı sosial təminat deməkdir”.

Seçilən
43
17
fed.az

10Mənbələr