AZ

Vaşinqton sazişi və Zəngəzur dəhlizi: “Bu, Azərbaycanın yeni geosiyasi və iqtisadi mərhələsinin başlanğıcıdır”

8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış birgə bəyannamə Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşması istiqamətində tarixi addım kimi qiymətləndirilir. ABŞ-ın təşəbbüsü ilə gündəmə gətirilən və Trampın adının çəkildiyi Zəngəzur dəhlizi layihəsi Azərbaycanın həm xarici siyasətində, həm də daxili inkişaf kursunda dönüş nöqtəsi hesab olunur.

Siyasi analitik Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanın ABŞ-la koordinasiyalı siyasət yürütməsi regionda yeni güc balansının yaranmasına zəmin yaradır:

“Bu, ölkəmizin xarici siyasətində mühüm nailiyyət kimi dəyərləndirilə bilər. Əgər şimaldan və ya cənubdan Azərbaycana qarşı təhdidlər ortaya çıxarsa, Zəngəzur dəhlizi məsələsində ABŞ-ın sərt mövqe nümayiş etdirəcəyi ehtimalı yüksəkdir.

Bununla yanaşı, Vaşinqtonda imzalanan ikitərəfli memorandum və “907-ci düzəlişin ləğvi” perspektivi də Azərbaycan–ABŞ münasibətlərini strateji müstəviyə daşıyır.

İqtisadi aspektdən isə Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, büdcəyə milyonlarla əlavə vəsait gətirəcək. Bu isə sosial rifahın möhkəmlənməsi və daxili sabitliyin güclənməsi baxımından əhəmiyyətli faktordur”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
30
editor.az

1Mənbələr