AZ

Zelenskinin valideynləri: “Onun prezident olmağını istəmirdik” - FOTOLAR

Ukrayna prezidenti Vladimir Zelenski hazırda bütün dünyanın diqqətində olan dövlət başçılarındandır. Onun personasına maraq 24 fevral 2022-ci il tarixində Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından sonra artıb.

Zelenskinin özü ilə yanaşı, onun valideynləri haqda məlumatlara da maraq göstərilir: onlar kimdirlər, harada yaşayırlar...

News365.az saytı "Prezidentlərin valideynləri" rubrikasında Zelenskilərdən bəhs edir.

Vladimir Zelenski 25 yanvar 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərindən olan ziyalı ailəsində dünyaya gəlib. Valideynləri o, prezident olandan sonra mətbuatın maraq dairəsinə düşüblər.

Ukrayna liderinin valideynlərinin yəhudi kökənli olduğu bildirilir.


Prezidentin atası Aleksandr Zelenski 23 dekabr 1947-ci ildə anadan olub. O, texnika elmləri doktoru, professordur, Krivoy Roq İqtisadiyyat İnstitutunun kompüter elmləri və informasiya texnologiyaları kafedrasının müdiri işləyib. Aleksandr Zelenski mədən işlərində avtomatlaşdırma və mühasibat uçotu üzrə ixtisaslaşıb və 140-dan çox elmi məqalə yazıb. O, 20 il Monqolustanda yaşayıb və orada işləyib.

Vladimir 8 yaşında olanda valideynləri Monqolustana - Erdenet şəhərinə köçmək qərarına gəliblər. Həm də ona görə ki, atası orada alim kimi mədən-emalı zavodunun tikintisində işə düzəlmişdi.

Prezidentin anası Rimma Zelenskaya 16 sentyabr 1950-ci ildə doğulub, ixtisasca mühəndisdir. Ailə Vladimirin 8 yaşı olarkən Monqolustana yerləşəndə Rimma Vladimirovna orada mühəndis kimi işə düzəlib. Lakin çətin iş və iqlim şəraiti gələcək prezidentin anasının sağlamlığına xələl gətirib. Buna görə də 4 ildən sonra Vladimir və anası Ukraynaya qayıtmalı olublar, atası isə orada işlərinə davam edib.

2024-cü ildə Zelenski BBC-yə müsahibəsində valideynlərindən də bəhs etmişdi. O, ata-anasından sərt tərbiyə aldığını etiraf etmişdi. Bununla belə, prezident valideynlərinin çox yaxşı insanlar olduğunu vurğulamışdı.


“Özümü xüsusi biri hesab etmirəm, çox yaxşı valideynlərim var. Bəzən mənim tərbiyəmlə məşğul olarkən çox sərt davranırdılar”, - o bildirib.

Vladimir Zelenski 2019-cu ildə prezidentliyə namizəd olmaq qərarına gələndə onun valideynləri ciddi şəkildə narahat olublar. Onlar hətta Vladimiri bu işdən çəkindirməyə çalışıblar.

“Biz ona dedik ki, prezidentliyə namizəd olmasına ümumiyyətlə ehtiyac yoxdur. Bu iş bataqlıqdır. Amma o qərar verdi və sonra seçildi. Bilirik ki, Vladimir dövlətdən oğurluq etməyəcək, heç kimi də oğurluq etməyə qoymayacaq. Bizim təvazökar ailəmiz var... O, zəngin ailədə deyil, adi ziyalı ailəsində böyüyüb”, - bunu prezidentin anası Rimma Zelenskaya mətbuata azsaylı müsahibələrinin birində deyib.

Prezidentin valideynləri hazırda təqaüddədirlər. Atasının 78, anasının 75 yaşı var.


Rusiya mətbuatı, eləcə də bir sıra xarici KİV-lər Ukrayna prezidentinin valideynləri haqda bəzən müxtəlif yazılar dərc edirlər. Bu yazıların bəzilərində təqaüddə olan Zelenskilərin dəbdəbəli həyat sürdüyü bildirilir. Məsələn, Rusiyanın “Komsomolskya Pravda” qəzeti iddia edir ki, prezidentin valideynləri Aleksandr Semyonoviç və Rimma Vladimirovnanın təhlükəsisizliyinə ingilis xüsusi təyinatlıları cavabdehdirlər. İddialara görə, onlar tez-tez İsrailə gedir, Rişpon şəhərindəki özlərinə məxsus bahalı mülkdə yaşayırlar. Aleksandr Semyonoviç və Rimma Vladimirovnaya İsrail vətəndaşlığının verildiyi qeyd olunur.

Ukrayna mətbuatı isə Zelenskilərin ölkəni tərk etmədiyini, Krivoy Roq şəhərində yaşadıqlarını bildirir.


Prezident Vladimir Zelenski də mətbuata açıqlamasında valideynlərinin ondan narahat olduğunu, onların Ukraynada yaşadıqlarını, vəziyyəti izlədiklərini və qələbəyı inandıqlarını vurğulayıb.

"Valideynlərim Ukraynada, evdədirlər. Anam həmişə eyni sualları verir: mən necəyəm, yemək yedimmi? Atam isə deyir: "Vəziyyəti izləyirik, afərin, işğalçıları bitirin", - Vladimir Zelenski qeyd edib.

Anası prezidentdən ehtiyatlı olmasını xahiş edir. Zelenskinin atası isə Ukrayna müdafiəçilərindən düşməni ölkədən qovmağı və bütün işğalçıları məğlub etməyi gözləyir.


Seçilən
5
4
news365.az

5Mənbələr