AZ

Alyaska görüşü: Tramp Putini nüvə silahı ssenarisindən çəkindirməyə çalışır

Son günlər Ağ Evdə Rusiya–Ukrayna müharibəsinin gələcəyi ilə bağlı intensiv diplomatik müzakirələr aparılır. ABŞ rəhbərliyi həm Ukrayna prezidenti Volodimir Zelenski, həm də Rusiya prezidenti Vladimir Putinlə yanaşı Avropa liderləri ilə də təmaslarını gücləndirib. Əsas müzakirə predmeti müharibənin dayandırılması və xüsusilə də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hansı formatda təmin olunmasıdır.

Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, ABŞ və müttəfiqlərinin gündəlikdəki əsas məsələsi Ukrayna ərazisində təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır:

“Çox güman ki, ABŞ və onun müttəfiqləri Ukrayna ərazisində silah-sursat və hərbi kontingent yerləşdirəcək. Bu prosesə dövlət katibi Mark Rubio rəhbərlik edəcək”.

Politoloqun sözlərinə görə, beynəlxalq gündəmdə ən çox müzakirə olunan məsələ isə Trampın Putinlə görüşüdür.

“Putin bütün dünyada mənfi reytinqə malik Rusiya prezidentini Alyaskada xüsusi təmtəraqla qarşıladı. Qırmızı xalça, əl sıxışması, eləcə də Trampın öz avtomobilində Putini danışıqlar salonuna müşayiət etməsi sosial şəbəkələrdə və mediada ciddi rezonans doğurdu. Bu, həm də ABŞ prezidentinin güc nümayişi kimi dəyərləndirilir. Ayaskada görüşün keçirilməsi isə rəmzi məna daşıyır. Çünki vaxtilə Çar Rusiyası bu ərazini ucuz qiymətə ABŞ-a satmışdı,” – İlyas Hüseynov qeyd edib.

O əlavə edib ki, Trampın Putinə qarşı ritorikasında yumşaqlığın səbəbi qlobal müharibə risklərinin önlənməsidir:

“Bir sıra şərhlərə görə, Trampın bu qədər xoş üslub sərgiləməsinin əsas səbəbi Üçüncü Dünya Müharibəsinin baş verməsinin qarşısını almaqdır. Rusiyanın silah arsenalı tükənir, canlı qüvvə çatışmazlığı var. Belə şəraitdə Kreml ən son plana — nüvə silahlarına əl ata bilər. Tramp isə davranışları ilə Putini bundan çəkindirməyə çalışır”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr