AZ

Bu, adamın canına qorxu salır - “Qarabağ“ neyləsin?

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin bir addımlığındadır.

“Şelburn” və “Şkendiya” ilə matçlarda aktivinə 4 qələbə yazdıran təmsilçimiz Avropa Liqasının Liqa mərhələsini təmin edib.

Bir nömrəli klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmaq üçün “Ferenetsvaroş” səddini keçmək mütləqdir.

Əslində, bu rəqib bizə yaxşı tanışdır.

Məhz “Qarabağ” 2022/23 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində macarları səfərdə 3:1 məğlub edib, Bakıdakı matçda bərabərə qalmaqla (1:1) mübarizədən kənarlaşdırmağı bacarmışdı.

Lakin “yaşıllar” əvvəlki illərlə müqayisədə xeyli inamlı təsir bağışlayır. Son 3 mövsümün 2-də Avropa Liqasının, 1 dəfə konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmağı bacarıb.

Madam ki, söhbət Macarıstan nəhəngindən gedir, “Qarabağ”ın rəqibinin 2023-ün yayından bu yana keçirdiyi avrokubok matçları ilə bəzi diqqətçəkən məqamları nəzərinizə çatdıraq.

* ”Ferenetsvaroş” son 3 mövsümdə öz meydanında 18 oyun keçirərək bunların 9-da rəqib qapılarından azı 2 top keçirib.

* 18 oyunun cəmi 7-də öz qapısının toxunulmazlığını qorumağı bacarıb.

* 18 oyunun 11-ni qələbəylə başa vurub, 4-də heç-heçəyə razılaşıb və yalnız 3 halda məğlub olub.

* Doğma azarkeşlərinin önündə uduzduğu rəqiblər:

Ferentsvaroş – Kİ (Farer adaları) – 0:3

Ferentsvaroş – Tottenhem (İngiltərə) – 1:2

Ferentsvaroş – Olimpiakos (Yunanıstan) – 0:1

*” Ferentsvaroş” son 6 ev oyununun hamısında qələbə qazanıb ki, rəqib qapılarından ümumilikdə 17 top keçirib.

Statistik göstəricilərdən də məlum olduğu kimi, “Qarabağ”ın rəqibi son dönəmlərdə kifayət qədər inamlı təsir bağışlayır. Xüsusən Budapeştdəki matçları onlar üçün uğurlu adlandırmaq olar.

Oyunun bol qollu alınacağını gözləmək olar. Çünki hər iki komanda açıq futbol nümayiş etdirir. Sonda hansı komandanın güləcəyini isə portuqal hakimin final fiti müəyyənləşdirəcək.

Bu axşam Budapeştdəki "Groupama Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cavab oyunu isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
0
sportinfo.az

1Mənbələr