AZ

Borxesin xəyalındakı gerçək..cənnət

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Hər kəs cənnəti özü üçün başqa cür təsəvvür edir, mən isə uşaqlıqdan cənnəti kitabxana kimi xəyal edirdim".

Bunu ayrıca tanıtmağa ehtiyacı olmayan Xorxe Luis Borxes deyib.

Bəli, Borxesin xəyalındakı cənnət kitabxana idi. Rey Bredberi isə bu xəyalı gerçək üzündən gəlmişdi. Bredberi demişdi: "Mən hər gün bəlli saatlarda kitabxanaya gedirdim. 27 yaşımda universitet əvəzinə kitabxanadan məzun oldum".

...Bu il mayın 27-də Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında mənim "Göyün cazibə qüvvəsi" adlı kitabımın tanıtımı oldu. Ordakı çıxışımda da Bredberinin bu sözlərini xatırlatmış və demişdim ki, kitabxana, doğrudan da, özlüyündə bir universitet deməkdir. Bu yerdə onu da xatırladım: kitabxananın tarixi hər cür məktəbdən, mədrəsdən də qədimdir. O da ola universitetdən.

...Təhsilhaqqı verməyə pulu olmadığı üçün Bredberi nəinki universitet, heç kollec də oxumamışdı. Ancaq, özünün də dediyi kimi, kitabxananı... bitirmişdi. Borxesin "cənnət" dediyi, cənnət kimi təsəvvür etdiyi o kitab dolusu xəzinədən gənc Reymond təsəvvürdən də ötə fantastik təxəyyüllərlə çıxmışdı. Onun 1952-ci ildə "İldırımın səsi" hekayəsində təsvir etdiyi "Kəpənək effekti" fenomeni məşhur Amerikalı riyaziyyatçı və metereoloq Edvard Norton Lorensin ağlına alim kimi 11 il sonra - 1963-cü ildə gəlmişdi.

Diqqət edin: Bredberi kitabxanada... "təhsil almış", sonradan fantastika janrında yazan dünyaca məşhur yazıçı olmuşdu. Edvard Norton Lorenz isə dünynın ən öncül iki ali məktəbini - Massaçusets Texnologiya İnstitutunu və Harvard Universitetini bitirmişdi. Ancaq Lorenzin alim kimi kəşf etdiyini Bredberi öz təxəyyülündə artıq 11 il əvvəl görüb, "həll etmişdi".

Bu, onu göstərir ki, bəli, kitabxana insanın həyatında elə məktəb qədər rol oynaya bilir.

Rol emşkən, mən bir aktyor haqqında yazmışdım: "O, təkcə səhnədə, kinoda rol oynamırdı, həm də insanların həyatında rol oynayırdı".

Bunun səbəbini öyrəndim: ömrünün sonuna kimi kitabla ünsiyyətini, bağını kəsməyibmiş! Ən sevimli məkanı kitabxana olmuşdu. Belə məşhur deyim var: sənin həyatının keyfiyyətini oxuduğun kitablardan və görüşdüyün adamlardan bəlli olur. Deməli, insan həyatında başqa - yaxın, dost, doğma insanlara nə qədər yer varsa, kitaba da ən azı elə o qədər yer var.

Biz alimlərdən, elmdən danışdıq. Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasından söz açdıq. Bax, bu kitabxana özü də ayrıca bir elm məbədidir.

Biz dostlara, yaxınara onların ad gnündə nə arzulayırıq?! Adətən deyirik: "100 yaşa!"

Hərçənd Vahid Əziz deyir: "Mənə yüz il ömür arzulamayın", amma bu şeirini deyə-deyə az qalıb yüz yaşına çatsın. Bu misraya çox da bənd olmayaq; Füzuli deyirdi: "Aldanma ki şair sözü əlbəttə yalandır". Təbii, bu "yalan"la Vahid Əziz əslində özünə yüz il arzulayıb.

Doğrusu, bütün dostlara, yaxınlara yüz il arzulasaq da, hələ ki kiminsə yüz yaşına çatmağına şahid ola bilməmişik. Amma, bax, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 yaşı tamam olur. Şükür, bunu görə bildik.

Nədənsə mən özümü bu kollektivə aid hiss edirəm. Bəlkə hər iki kitabımın çox uğurlu təqdimatları bu kitabxanada keçirildiyi üçün belə bir hiss var məndə. Şübhəsiz ki, elədir.

Yox, bu, sadəcə, bir minnətdarlıq duyğusu deyil, həm də və daha çox doğmalıq havası var. Bu səbəbdən bu yüzillik başqa bir yüzillikdir; doğmalar bir-birinin varlığına daha çox şükranlıq edir, bir-birinin uğuruna daha çox şadyanalıq edir. Mən bu gün o hissləri keçirirəm.

Bir kitabxananın Azərbaycanda yüz il yaşaması tarixi uğur, tarixi hadisədir. MEK də bir əsrlik canlı tarixdir artıq. Davam edən tarixdir həm də. Deməli, təkcə yüzillik dünənin deyil, yüz il sonranın - gələcəyin indiki tarixidir.

Bu şərəfli tarix üçün MEK-in direktoru, fəlsəfə doktoru Hüseyn Hüseynov başda olmaqla bütün kollektivi təbrik edirəm. Fədakar əməyinizə sağlıq! Eyni zamanda bu kitabxananın oxucularını təbrik edirəm və: "Ən azı daha yüz il də bu kitabxana ilə qalın" deyirəm. Çünki bura, Borxesin təsəvvüründəki kimidir. Elə öz sağlığında cənnətə düşməyi kim istəməz ki?! Əgər bu cənnətdən xəbəri varsa...

Şair demişdi, hər kim yüz il yaşamasa oxumasa da, günah onun özündədir. Hər kim yüz il kitab oxumasa da eyni günahın sahibidir.

Bundan sonrakı yüz ilin əvvəlkindən də uğurlu gəlməsi diləyi ilə;

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
icma.az

1Mənbələr