Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 3,7 % yox, 3 % olacağı gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı, beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində bildirilir.
Sənədə əsasən, dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata təsirsiz ötüşməyib və İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra proqnozların yenilənməsini zəruri edib.
Belə ki, bu ilin I yarısında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı gözləntilər fonunda cari ildə ölkə iqtisadiyyatı ilə bağlı makro-iqtisadi proqnozlar yenilənib. Həmin proqnozlara əsasən, 2025-ci ildə ÜDM-in real artımı 3,5 % olmaqla nominal ifadədə 129,9 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,7 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-i 93,5 milyard manata (əvvəlki proqnoza nəzərən 1,3 milyard manat çox) çatacağı gözlənilir.