ABŞ Prezidenti Donald Trampın Ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə görüşdüyü vaxtda çəkildiyi deyilən foto müzakirələrə səbəb olub.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, fotoda Fransa Prezidenti Emmanuel Makron və digər 6 Avropalı liderin Trampı gözləyərkən dəhlizdə yan-yana oturması öz əksini tapıb.
Liderlərin Trampla danışmaq üçün növbəyə durduğu iddia edilir.
Müzakirə yaradan fotoya yaxından nəzər saldıqda uyğunsuzluqlar ortaya çıxır. Makronun yanındakı stulda bir cüt ayaq görünsə də, bədənin yuxarı hissəsi yoxdur.
Şəkildə üç qadın olsa da, Trampla dünənki görüşdə yalnız iki qadın lider iştirak edib: Avropa Komissiyasının sədri Ursula fon der Leyen və İtaliyanın baş naziri Corciya Meloni.
Şəkildəki qadınların geyindiyi geyim də sammit zamanı Ağ Evin fotolarında görünən rəsmi geyimlə uyğun gəlmir.
Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi fotonu rəsmən təkzib edib. Agentlik fotoya "saxta" möhürünü vuraraq yayıb.
Ukrayna xəbər agentliyi Rusiya təbliğat şəbəkələrini süni intellektlə yaradılan bu fotonu hazırlamaqda və yaymaqda ittiham edib:
“Əslində bu foto süni intellektdən istifadə edilməklə yaradılıb və Rusiya təbliğatı ilə Avropa liderlərini gözdən salmaq və onların danışıqlar prosesində iştirakının əhəmiyyətini azaltmaq üçün yayılır” – məlumatda deyilir.
Billurə Yunus