AZ

QƏRBİ AZƏRBAYCANIN TANINMIŞ ZİYALILARI Yaddaş və İrs: Nazim Mustafanın ömür dastanı — unudulmaz səslərdən qəlblərə



Qərbi Azərbaycanın qədim Şörəyel mahalı… sərt qayalıqların, zümzümə edən bulaqların, yazda lalələrə bürünən çəmənlərin diyarı. Bu torpaq əsrlərin yaddaşını daşında, suyunda, küləyində gizlədib. Hər yamacında bir tarix yatır, hər kəndində bir dastan dolaşır. Bu yerlərin insanları kimi təbiəti də güclü, qürurlu və səssizdir.
Amasiya rayonundakı Şörəyel mahalının Güllübulaq kəndi də bu mənzərənin bir parçasıdır. Qışda qarlı dağların ağ örpəyinə bürünən, yayda çəmən qoxusu ilə nəfəs alan bu kəndin taleyi orada yaşayan insanların taleyi kimi hamar olmamışdır.
1957-ci ilin sərt, amma işıqlı qış günlərindən birində-yYanvarın 2-də bu kənddə bir körpə dünyaya gəldi – illər sonra tarixi unudulmuş səhifələrini yenidən işıqlandıracaq, xalqının yaddaşını diri saxlayacaq alim – Nazim Mustafa. Bu torpağın dağ havası, bulaqlarının buz kimi suyu, yaylaq çəmənlərinin ətri, təbiətin əsrarəngiz mənzərələri — bunlar onun uşaq yaddaşına, ruhunun dərin qatlarına həkk olunmuş, zaman keçsə də solmayan bir mənəvi xəzinə idi. O, ömrünün hər dönəmində bu yaddaş yükünü daşıdı — həm həsrətlə, həm də qorunma iradəsi ilə. Nazim uşaqlıq illərində sakit, amma iti zəkalı bir uşaq idi.
1963-cü ildə Güllübulaq kənd orta məktəbinin birinci sinfinə qədəm qoydu. Məktəb onun üçün sadəcə orada dərs oxumaq yeri deyildi kitab sevgisi, elm həvəsi, dünyanı anlamaq meydanı idi. Riyaziyyat, tarix və ədəbiyyat fənləri ona xüsusi bir zövq verirdi. O, hər bir məsələni, hər bir tarixi faktı yalnız öyrənmir, həm də dərindən analiz və təhlil edirdi. Müəllimləri tez-tez deyərdilər: “Nazim böyüyəndə böyük alim olacaq.”
Uşaqlıq illərinin səhnələri onun yaddaşına elə həkk olunmuşdu ki, sanki hər daşın, hər ağacın, hər yamacın öz hekayəsi vardı. Qarlı qış axşamlarında nənəsinin ocaq başında danışdığı köhnə yurd dastanları, yaylaq çəmənlərində eşidilən saz sədaları, bulaq başında regional söhbətlər – bütün bunlar onun gələcək yaradıcılığının mənəvi tərbiyəsi idi.
Nazim Mustafa, doğma kəndinin təmiz havası və yurd sevgisi ilə böyüdü. Amma zaman göstərdi ki nəinki təkcə Ağbaba və Şörəyel mahalları, eləcə də bütün Qərbi Azərbaycan torpaqları onun ömür kitabının ən acılı, ən qürurlu səhifələrinə çevriləcəkdi. Çünki o, yalnız bir kəndin yox, bütöv bir xalqın taleyini yazan tarixçi olacaqdı...

Onun uşaqlıq illəri təbiətin saf rəngləri ilə boyanmışdı. Qarlı səhərlərdə məktəb yolunda qarın xışıltısı, yazda dağlardan enən çayların şırıltısı, yaylaqlarda ot biçən kəndlilərin səsi – bütün bunlar onun ruhuna hopmuşdu. Axşamlar kəndin işıqları yananda, ağsaqqalların köhnə yurd yerlərindən danışdığı hekayələr, nənələrin dillərində dolaşan el nəğmələri onun hafizəsində dərin iz buraxdı. O izlər ki, illər keçdikcə yalnız bir ailənin xatirəsi olaraq qalmadı – bütöv bir xalqın yaddaşına çevrildi.
Nazim Mustafa daha uşaq yaşlarında gördü ki, böyüklər danışanda gözləri uzaqlara dalır, sözləri kövrəlir. Onlar yalnız xatirə danışmırdılar – şəxsi yurdların, susdurulmuş haqların hekayəsini bölüşürdülər. O zamanlar o, onları tam anlamasa da, sonralar həmin xatirələr onun araşdırmalarının mayasına çevriləcəkdi.
1972-ci ildə məktəbi əla qiymətlərlə bitirərək, o dövrün ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Riyaziyyat fakültəsinə daxil oldu. Bu, onun üçün yeni bir yarış idi — kəndin sakit, təmiz havasından Bakının qurulu küçələrinə, tələbə auditoriyalarına, elmi mühitinə keçid. Burada aldığı biliklər, içində olduğu mühit onun dünyagörüşünü daha da genişləndirdi. Universitet illərində Nazim yalnız dərs oxumaqla, mühazirə dinləməklə kifayətlənmir, ölkənin ictimai-siyasi proseslərini izləyir, milli tarixə dair kitabları oxuyur, gələcəkdə aparacağı araşdırmalar haqqında düşünürdü.
1977-ci ildə universiteti bitirdikdən sonra, təyinatla doğma Güllübulaq məktəbinə riyaziyyat müəllimi göndərilir. Cəmi bir neçə il əvvəl parta arxasında oturduğu məktəbdə indi lövhə qarşısında dayanır, kənd uşaqlarına bilik veririr, elm öyrədir. Onun dərslərində riyaziyyat yalnız formullar və teoremlərdən ibarət deyildi; o, hər bir mövzunu həyatdan gətirdiyi misallarla əlaqələndirir, şagirdlərini riyaziyyatın sirli aləminə səyahətə aparırdı.

Lakin həyat onu yalnız müəllim kimi deyil, həm də təşkilatçı və lider kimi yetişdirirdi. 1980-ci ildən etibarən Amasiya Rayon Komsomol Komitəsində məktəblər üzrə II katib, daha sonra I katib vəzifələrində çalışır.
Amma bütün bu illərdə o, doğma kəndinin, rayonunun, bütövlükdə Qərbi Azərbaycanın tarixini, taleyini düşünürdü. Ermənilərin gizli şəkildə təşkilatlanması, Azərbaycan türklərinə qarşı qurduqları planlar, gizli şəkildə yürüdülən tarixi saxtalaşdırma siyasəti onu narahat edirdi. Güllübulaq kəndindən yetişən neçə-neçə ziyalı kimi, Nazim müəllim yalnız öz şəxsi uğurunu deyil, bütün məmləkətinin gələcəyini düşünürdü. O, bilirdi ki, əsl mübarizə elmi dərinləşmə, unutdurulmuş tarixi qaytarmaq, unudulmuş həqiqətləri dünyaya çatdırmaqdır. Bu yolda yorulmadan addımlayır, hər bir addımı ilə millətinin yaddaşını işıqlandırdı.
Nazim Mustafanın doğulduğu Güllübulaqi kimi Qərbi Azərbaycanın bu kiçik, amma elmi və milli dəyərlərə bağlı kəndlərdən çoxlu alimlər yetişmişdi. Lakin Nazimi fərqləndirən əsas xüsusiyyət onun millətinin taleyi uğrunda yorulmaz mübarizəsi və vətəninə sonsuz məhəbbəti, təvazökarlığı və sadəliyi idi. O, ermənilərin kəndə və ailəsinə qarşı təzyiqlərinin, zorakılıqların, deportasiya siyasətinin canlı şahididir. Bu ağır zorlama və təzyiqlərə baxmayaraq, Nazim Mustafa heç vaxt yolundan dönməmiş, güclü milli qurur hissi ilə azadlıq mübarizəsində ön sıralarda olmuşdur.
Elmi fəaliyyətləri ilə yanaşı, Nazim müəllim həm də sosial mühitin fəal üzvü olub və olmaqda davam edir. O, Qərbi azərbaycanlıların milli haqları uğrunda mübarizədə fəal yer alır, vəzifədə olmasına baxmayaraq, ermənilərin təzyiqləri və haqsızlıqları qarşısında heç vaxt geri çəkilmir. Bu ağır dövrlərdə Nazim müəllimə qarşı yönəldilmiş təhdid və təzyiqlər onun əzmini qıra bilmir, əksinə mübarizə ruhunu daha da gücləndirir.

Belə çətin və sınaqlarla illər Nazim müəllimi həm də sərt reallıqlarla tanış etdi, insanlıq və sınaqlarla dolu qazanmasına çıxardı. O, daim sadə və təvazökar qaldı, həyatda böyük bir alim və ictimai xadim kimi deyil, kənddən çıxmış bir insan kimi yaşamağa üstünlük verdi. Onun həyatı, gənclikdən milli dəyərlərə, vətəninə bağlılığın, elmin və ədalətin mübarizəsinin parlaq nümunəsi oldu.
Bu siyasətin Nazim müəllimin düşüncəsində və fəaliyyətində əsas yer tutan mövzu - Qərbi Azərbaycanın tarixi və erməni silahlı hücumları idi. O, bu mövzulara xüsusi diqqət ayırdı, elmi işlərini gənc yaşlarından inkişaf etdirməyə başladı. Vətəninə, tarixinə və millətinə olan sevgisi onun əsərlərində dərin emosional və analitik təhlillərlə əks olundu. Bu məhəbbət və mübarizə onun ömür yolunu bir çıraq kimi işıqlandırdı, Azərbaycanın tarixi yaddaşını qorumaq missiyasını həyat kredosuna çevirdi.
1988-ci ilin dekabrında Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı başlanan kütləvi deportasiya dalğası zamanı o da ailəsi ilə birlikdə doğma elindən didərgin düşdü. Güllübulağın qarlı dağlarına, bulaqlarına, uşaqlıq xatirələrinə son dəfə baxaraq köç yoluna çıxdı. Bu köç sadəcə dəyişikliyi deyildi — bu, yaddaşın, taleyin köçü idi.

Bakıda yeni bir həyat başlamalı idi. Amma bu yeni həyat, Nazim Mustafa üçün həm də həqiqət uğrunda mübarizənin başlanğıcı oldu.
1990–1991-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində təlimatçı, baş təlimatçı, 1992–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, sonra Milli Münasibətlər İnstitutunda elmi işçi oldu. 1993–2004-cü illərdə "Vətəndaş", "Avrasiya", "Dövran", "Xalq qəzeti" qəzetlərində müxbir və redaktor vəzifələrində işləyən Nazim Mustafa öz əhdinə və andına sadiq qalaraq mübarizəsindən dönmədi və elmi araşdırmalarını davam etdirdi.
2004–2023-cü illərdə Prezident Kitabxanasında şöbə müdiri vəzifəsində çalışan Nazim müəllim 2014-cü ildə "1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar" mövzusunda yazdığı dissertasiya işini müdafiə edərək tarix elmləri üzr fəlsəfə doktoru alimlik dərəcəsini qazandı.
Təqaüdə çıxdıqdan sonra elmi fəaliyyətini davam etdirən Nazim müəllim 2024-cü ildən AMEA Tarix və Etnologiya İnstitutunda çalışır.
Nazim Mustafa yalnız bir tarixçi deyil, Azərbaycan tarixinin ən qaranlıq, ağrılı səhifələrini işıqlandıran bir şəxsiyyətdir. Onun elmi fəaliyyəti millətin köksündə uzun illər gizlədilmiş ağrıları üzə çıxarmaq, unudulmağa doğru gedən həqiqətləri yenidən dirçəltmək missiyası kimi qiymətləndirilməlidir. Hər bir elmi araşdırması, hər bir məqalə, çap etdirdiyi kitab tariximizin unudulmuş dərdlərinə çevrilmiş bir nida, unutqanlığa meydan oxuyan bir qisasdır.
Gənc yaşlarından başlayan elmi axtarışları Nazim müəllimi təkcə tədqiqatçı yox, həm də millətinə bağlı qəlbin sahibi kimi yetişdirdi. "1905–1906-cı illərin İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar" adlı dissertasiya işində o, sənəd-sübutlarla, tutarlı dəlillərlə azərbaycanlıların yaşadıqları qanlı tarixin unudulmadan gələcək nəsillərə köçürülməsi üçün titanik bir iş görmüşdür.

Nazim müəllimin 200-dən çox məqaləsi Azərbaycanın, Türkiyə və Gürcüstanın aparıcı elmi və publisistik nəşrlərində işıq üzü görmüş, tariximizin təhrifinə qarşı mübarizənin ən ön cəbhəsində dayanmışdır. Onun yazdığı hər bir sətir sadəcə tarixi faktlar deyil, millətin qəlbində dərin əks-səda doğuran qürur hekayələrinin vəhdətidir.
“Tarixin qara səhifələri. Deportasiya, soyqırım, qaçqınlıq.”, “İrəvan xanlığı”, “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” kimi həmmüəllifi olduğu monoqrafiyalar onun ən böyük elmi nailiyyətlərindəndir. Bu əsərlər təkcə tarix kitabları deyil, hər bir azərbaycanlının ruhunda köklənmiş vətənə həsr olunmuş, keçmişin qururverici anlarının, həm də doğma torpaqlara duyulan sonsuz məhəbbətin ifadəsidir.
“İrəvan quberniyasında azərbaycanlıların soyqırımı” əsəri onun elm aləmindəki zirvə nöqtələrindən biri olaraq milli tarixşünaslığımızda əvəzolunmaz yer tutur.
Nazim müəllimin əsərləri təkcə Azərbaycan dilində deyil, ingilis, rus, türk, alman, ispan, və erməni dillərində də nəşr olunaraq, Azərbaycan tarixinin həqiqətlərini dünyaya çatdırmaq missiyasını həyata keçirir. Bu onun tədqiqatlarının əhatə dairəsinin nə qədər geniş və əhəmiyyətli olduğunu göstərir.

Onun tərtib etdiyi "Vandalizm. Tarixi adlara qarşı soyqırımı" əsəri, Azərbaycanın qədim torpaqlarında tarixi və coğrafi adların sistemli şəkildə dəyişdirilməsi və silinməsi faktlarını elmi dəlillərlə ortaya qoyaraq, milli yaddaşımızın qorunması uğrunda mübarizənin mühüm silahına çevrildi. Bu əsər yalnız bir tarixi araşdırma deyil, həm də Azərbaycan xalqının keçmişinə, onun torpaqlarına və kimliyinə qarşı yönəlmiş zorakılığın, yalan və saxtakarlıqların ifşa edilməsidir. Nazim Mustafanın qələmindən çıxan bu kitab milli yaddaşımızın unudulmasına qarşı bir vasitədir, həm də gələcək nəsillərə vətənpərvərlik ruhu aşılayan güclü bir sənəddir.
Onun digər həmmüəlifi olduğu monoqrafiyalar — “İrəvan xanlığı” və “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” — tariximizin qaranlıq səhifələrini işıqlandıraraq unudulmuş həqiqətləri yenidən gündəmə gətirdi. Bu əsərlər, tarixi torpaqlarımıza qarşı törədilən vəhşilikləri və soyqırımlarını sənədlərlə isbat etməklə yanaşı, müəllif Nazim Mustafanın vətəninə, xalqa olan sevgisinin və məsuliyyətinin möhtəşəm nümunəsidir.
Prezident Kitabxanasında yaradılan www.iravan.info saytı onun “İrəvan şəhəri” əsərinin virtual məkanı kimi, min illərdir azərbaycanlıların qanı və canı ilə bəzədilmiş o qədim diyarın tarixi həqiqətlərini əbədi bir məbəd kimi xidmət edir.
Əsərləri əsasında çəkilmiş “İRƏVAN: gizlədilmiş həqiqətlər” (2016), “Zəngəzur “ ( 2017), “Qarabağ: Əcdadlarımızın mirası” (2018), “Göyçə:itirilmiş ocaq” (2021) “Ermənilərin Qafqaza köçü” ( 2022) sənədli filmləri yüksək bədii və tartixi dəyərə malikdir.
Nazim Mustafa yalnız xalqın sevimlisi deyil, həm də dövlətin elmi fəaliyyətini yüksək qiymətləndirdiyi bir alimdir. Onun illərlə apardığı tədqiqatlar, yorulmadan yazdığı əsərlər, tarixi həqiqətləri işıqlandırmaq yolunda çəkdiyi zəhmət yüksək səviyyədə qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı və Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının qərarı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, elm sahəsində Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür.

Nazim Mustafa üçün elmi fəaliyyət bir peşə yox, müqəddəs vətən borcudur. Onun hər bir elmi işində, əsərində, ortaya qoyduğu faktlarda millətin unudulmuş, təhrif olunmuş tarixinin canlandırılması, gələcək nəsillərə düzgün çatdırılması kimi ali məqsəd dayanır. O, təkcə bir alim deyil, həm də vətənin ağrı-acısını dərindən duyan, millətin ürəyində daşıyan əsl tarixçi-döyüşçüdür.
Şəxsiyyət olaraq, Nazim müəllim sadə, təvazökar və insanpərvərdir. Onun ağsaqqal görünüşü, insanlarla münasibətdəki səmimiyyəti və mehribanlığı hər yerdə özünü büruzə verir və təqdir olunur. O, yalnız bir alim deyil, həm də böyük bir dost, nümunəvi ailə başçısıdır. Həyatını səliqə-sahmanla, zəhmətlə və vicdanla yaşayır, özü kimi insanların da qəlbində dərin hörmət qazanır.
Vətənə və tarixə bağlılığı onun hər addımında, hər kəlməsindən hiss olunur. Qərbi Azərbaycanla bağlı araşdırmaları, çıxışları və ictimai fəaliyyəti onun qəlbində bu torpaqlara duyduğu sonsuz sevgini əks etdirir. Nazim müəllim üçün hər bir məqalə, hər bir kitab bir dəvətdir — yaddaşımıza, haqqımıza, gələcəyimizə sahib olmağa çağırışıdır.

Nazim Mustafanın yaradıcılığında hər bir əsər vətən çağırışıdır, tariximizin sarsılmaz yaddaşına dərin izlər qoyan müqəddəs bir əsərdir. Onun qələmindən doğan hər söz, hər cümlə və millətin qürurunu azadlıq arzusunu əks etdirir. Bu əsərlər, sadəcə keçmişimizi sənədləşdirmir, həm də gələcəyə işıq salır, gənc nəsillərin yaddaşına həkk olunur.
Belə təzələnmə və dərin tədqiqatları ilə Nazim Mustafa təkcə tarixçi deyil, həm də xalqının vicdanı, onun səsini dünyaya çatdıran şəxsiyyətdir. Onun kitabları və məqalələri milli mübarizənin, haqq savaşının elmi təməlidir. Qəlbində dərin vətən sevgisi daşıyan bir alim kimi onun rolu zamanın sınağından çıxmışdır.
Nazim Mustafa — təkcə bir tarixçi, alim deyil, həm də vətən həsrətinin, azadlıq mübarizəsinin sadiq daşıyıcısıdır. Onun həyatı və fəaliyyəti, sözün əsl mənasında, Qərbi Azərbaycanın ağrılı yaddaşına, onun unudulmaz qəhrəmanlarına və soyqırımlarına həsr olunub. O, sanki hər bir sənədin, hər bir faktın arxasında dayanıb xalqının səsini gələcəyə aparır.

Nazim Mustafa – yalnız alim, tədqiqatçı, həm də dərin insani keyfiyyətləri ilə seçilən bir şəxsiyyətdir. Onun həyatı və fəaliyyəti bəşəri dəyərlərlə, elmi ehtirasla, vətən sevgisi ilə nümayiş etdirilir. Hər kəs onu tanıdıqca, onun sadəliyi və təvazökarlığı qarşısında heyranlıqla baş əyir. Ağsaqqal obrazı onunla birləşir; o, sanki elmin gücü ilə həm də ruhların ağrısını, tarixinin acısını qəlbində daşıyan bir müdrikdir.
Sadəliyində, geyimində, mülayim səsinin altında böyük bir mədəniyyət və bilik dünyası gizlənir. Nazim müəllimin sözləri, davranışları, hərəkətləri insanlara ilham verir, onları ruhlandırır. O, hər bir kəsə dost kimi, qayğıkeş bələdçi kimi yanaşır, ziddiyyətləri yumşaq və məntiqli söhbətlərlə həll edir. Onun qarşısında hamı göstərir; yaşından, vəzifəsindən, statusundan asılı olaraq, hər kəs onun insani dəyərini hiss edir.
Həyatında qürur və eqo yoxdur, yalnız sevgi, hörmət və fədakarlıq var. O, xalqının yaddaşını, tarixini qorumaq üçün gecə-gündüz çalışır, beləliklə də milli kimliyimizin, tarixi haqqımızın canlı qalmasını təmin edir. Bu yolda onun iradəsi, səbir və dözümü əsl qəhrəmanlıq nümunəsidir.

Onunla keçən hər an bir dərsdir; elmdə, həyatda və insanlıqda. Dostları və həmkarları onun ətrafında toplanaraq birlik, millətə, vətənə bağlılıq ruhu ilə dolub daşırlar. Nazim müəllim həm də gənclərin sevgisini qazanır, onları gələcəyə inamla addımlamağa ruhlandırır. O, bir ağsaqqal kimi nəsilləri birləşdirir, davamlılıq və köklülük bağlarını saxlayır.
Bu insanın şəxsiyyəti elmi fəaliyyəti ilə ahəngdardır: hər iki təsir nümunəvi, qətiyyətli və mərhəmətlidir. Onun ətrafında olmaq həm xoşbəxtlik, həm də şərəfdir.
Nazim haqqında yazarkən mənə elə gəlir ki, dünyada nə qədər yaxşı fikir, yaxşı söz varsa, hamısını bu yazıda işlətmək gərəkdir. Belə olduğu təqdirdə bu yazı da heç bitməz, Nazim Mustafanın qəlbindəki Vətən sevgisi kimi.

Ona görə də bu yazını illər öncə Nazim Mustafaya həsr etdiyim “Salam, Nazim Mustafa” şeiri ilə bitirmək istəyirəm:

Otağında lal sükut,
Başın yaman qarışıq.
Arayıb axtarırsan
Arzu, güman qarışıq.

Hər sənəd bir tarixdir,
Hər sözün mənası var.
Qardaşım, hər alimin
Özünün dünyası var.

Otağın sükutundan,
Divarlara pay düşüb.
Sənə yazıb yaratmaq,
Çoxuna saray düşüb.

Tarixlərə tanıkdı
Hər ilmə bir xalıda.
Cismin harda olsa da,
Ruhun Anadoluda.

Gecə yarıdan keçib,
Yatmamısan sən hələ .
Əlində Misri qılınc
Gedirsən Çənlibelə.

Düşmən səfi pozursan,
Qaraca Çoban kimi.
Xəyanətlər göynədir
Sinəni çiban kimi.

Dədəm Qorqud sazını
Ürəyində çalırsan.
Tarixi varaqlayıb
Özün tarix olursan

Günəş səni səsləyir
Hər açılan sabaha:
Salam, sabahın xeyir,
Salam, Nazim Mustafa!

... Və nəhayət, Nazim Mustafa yalnız alim deyil, xalq yaddaşının kesikçisidir. O, müəllim kimi gənclərə bilik, alim kimi millətə həqiqət, ata kimi ailəsinə sevgi verir. Onun əsərləri gələcək nəsillər üçün həm elmi qaynaq, həm də milli vətənpərvərlik örnəyidir. Onun mübarizəsinin qayəsini təşkil edən bir fikir var:- yaddaşını qoruyan xalq heç vaxt ölmür. Nazim Mustafa bu əməlin canlı simasıdır — unudulmaz ömrün vətənə yazılmış dastanıdır.

Şəmsi Qoca




Seçilən
7
aia.az

1Mənbələr