AZ

Rusiyadan azərbaycanlılarla bağlı QADAĞA: Sentyabrdan qüvvəyə minəcək

Rusiyada miqrantlarla bağlı yeni qaydalar tətbiq olunur. Bu dəfə məhdudiyyətlər Yamalo-Nenets Muxtar dairəsini əhatə edəcək. Regionun qubernatoru Dmitriy Artyuxovun verdiyi məlumata görə, sentyabrın 1-dən etibarən Azərbaycan, Tacikistan və Özbəkistandan olan və patent əsasında çalışan miqrantların bir sıra sahələrdə fəaliyyətinə qadağa qoyulacaq.

Qadağa xüsusilə topdan və pərakəndə ticarət, eləcə də nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrini əhatə edəcək. Bu isə həmin ölkələrdən gələn minlərlə əmək miqrantının iş imkanlarını məhdudlaşdıracaq.

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Moskvanın son addımları Azərbaycanla dostluq münasibətlərinə deyil, daha çox qarşıdurma siyasətinə xidmət edir:

"Ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən vurulması münasibətlərdə dönüş nöqtəsi olub. Bu hadisədən sonra Rusiya açıq şəkildə Azərbaycana qarşı sərt mövqe tutmağa başlayıb. Böyük ehtimalla, Moskva Cənubi Qafqazda əsas hədəf olaraq Azərbaycanı görür. Bunun da səbəbi aydındır. Azərbaycan regionun ən güclü dövlətidir".

Politoloq hesab edir ki, Azərbaycanın hazırkı müstəqil xarici siyasəti də Rusiyanın maraqlarına ziddir:

"Azərbaycan artıq Kremlə bağlı təsir dairəsindən çıxır və tamamilə müstəqil siyasət yürüdür. Üstəlik, Azərbaycan NATO-nun əsas üzvlərindən biri olan Türkiyənin strateji-hərbi müttəfiqidir. Bununla yanaşı, Bakı Qərb ölkələri ilə də yaxşı münasibətlərə malikdir. Baş verənlərdən sonra Moskva ilə Bakı arasında münasibətlərin əvvəlki səviyyəyə qayıtması asan olmayacaq. İndiki mərhələdə tərəflərin münasibətlərini tez bir zamanda bərpa etmək real görünmür. Çünki Rusiya açıq-aşkar Azərbaycanı öz əsas rəqiblərindən biri kimi hədəfə alıb".

Aqil Qarayev

Seçilən
7
news24.az

1Mənbələr