İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycana qarşı açıq təhdid səsləndirib.
SEPAH-ın paylaşımında “tezliklə biz ayrılmış budağı yenidən doğma vətənə birləşdirəcəyik” ifadəsi yazılıb və bu, video-qrafikalarla müşayiət olunub.
Həmin qrafikalarda 2025-ci ildən başlayaraq Azərbaycanın şimal torpaqlarının zorla İrana birləşdirilməsi, 2040-cı ilə qədər isə bunun tam reallaşdırılması təsvir olunub.
Bu, Azərbaycanın işğalı ilə bağlı açıq hədənin dilə gətirilməsidir. Məsələni daha da təhlükəli edən odur ki, bu çağırış İranın ali dini rəhbərinə bağlı, ölkənin həm hərbi, həm də siyasi idarəçiliyində əsas söz sahibi olan SEPAH tərəfindən səsləndirilib. SEPAH-ın təsiri o qədər güclüdür ki, prezident Məsud Pezeşkianın mövqelərini və bəyanatlarını belə diktə edə bilir.
Bu hədə elə bir vaxtda verilir ki, İran prezidenti İrəvanda Ermənistan rəhbərliyi ilə mehriban görüşlər keçirir və əməkdaşlıq mesajları verir. Yəni eyni anda İranın bir qurumu Ermənistanı qucaqlayır, digər qurumu isə Azərbaycanı açıq işğalla hədələyir. Bu, Tehran siyasətinin riyakarlığını və ikili oyununu açıq şəkildə nümayiş etdirir.
İranın bu təhdidləri həm də gülünc görünür. Çünki cəmi 12 günlük son müharibədə İsrail qarşısında aciz qalan SEPAH öz liderlərini, generallarını, hətta hava məkanını belə qoruya bilmədi. Dron və raket zərbələri altında iflic olan, özünü müdafiə etməyi bacarmayan bir qurumun Azərbaycan kimi güclü bir dövlətə meydan oxuması həm faciəvi, həm də ironikdir.
Amma məsələ yalnız gülüş doğurmur – həm də ciddi təhlükədir. SEPAH-ın avantürist və aqressiv ritorikası bölgədə yeni gərginliklərin ocağını yarada bilər. Azərbaycan dövləti bu təhdidlər qarşısında hərbi-siyasi mövqeyini aydın şəkildə ortaya qoymalı, milli gücünü göstərməlidir.
Musavat.com olaraq bildiririk ki, Azərbaycan müstəqillik qazandığı gündən İranın saysız-hesabsız pisliklərini görüb. Lakin bu artıq yeni bir mərhələdir – çünki SEPAH Azərbaycanın bütövlüyünə qarşı açıq işğal çağırışı edir.
Azərbaycan xalqı olaraq biz də bölünmüşük. Bu bölünmə beynəlxalq hüquqda təsbit olunmuş reallıqdır. Azərbaycan türklərinin haqqı – birləşmək haqqıdır. Əgər SEPAH Azərbaycanı 2040-cı ilə qədər İrana birləşdirmək planı ortaya qoyursa, biz də cavab olaraq deyirik: bizim Vahid Azərbaycan ideyamız var və biz bu ideyanı 2030-cu ilə qədər reallığa çevirmək əzmindəyik. 2040-cı ildə nə SEPAH olacaq, nə də İran…
İnşallah yaxın zamanda Güney Azərbaycan öz haqqına qovuşacaq, Azərbaycan türklərinin torpaqları Bütöv Azərbaycanda birləşəcək. Bu, həm tarixi, həm mənəvi, həm də hüquqi haqqımızdır. Bütöv Azərbaycan bizim “Qızıl Alma”mızdır!
Musavat.com