AZ

“Rusiyanın Azərbaycana qarşı bu təbliğati təzyiqlər davam edəcək...-Amma ikinci cəbhə açmağa cəsarət etməz...”

“Bu gün Putin və komandası Ukraynada bir nəticə əldə edə bilmədiklərini görürlər. Ona görə də bu cür əlavə düşmən obrazını yaratmağa çalışırlar. Və son aylarda görürük ki, bu obraz üçün istifadə olunan yalnız Azərbaycan deyil...”
 
“Biz görürük ki, Rusiya tərəfindən son vaxtlar Azərbaycana qarşı bu təhdid addımlarının əsas məqsəd təbliğati məsələdir. Çünki Kremldə düşünürlər ki, hazırkı durumda Ukraynada atəşkəs və ya cəbhədəki mövcud vəziyyətin dondurulması baş versə, bu, ölkə daxilində sosial və siyasi gərginliyə gətirib çıxara bilər. Bu mənada Rusiya elitasının əsas məqsədi ölkə əhalisində hər tərəfdən düşmənlərlə əhatə olunmuş və var gücü ilə müdafiə olunan bir qalada yaşadıqları təsəvvürünü yaratmaqdır. Çünki bu onların hakimiyyətlərinin davamını təmin etməyə kömək edə bilən yeganə şansdır. Odur ki, Kremldəkilərin daimi olaraq xarici düşmənlərə ehtiyacları var”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Kremlin Rusiya ərazisindəki soydaşlarımıza qarşı artıq iki aya yaxındır davam edən açıq təqib, repressiya kampaniyası ilə yanaşı son həftələr artıq Ukraynadakı neft-qaz obyektlərimizə də raket, dron zərbələri endirməsi nə məsəd daşıyır və bunun sonunu necə görürsüz?” sualını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib. 
 
“Bu gün Putin və komandası Ukraynada bir nəticə əldə edə bilmədiklərini görürlər. Ona görə də bu cür əlavə düşmən obrazını yaratmağa çalışırlar. Və son aylarda görürük ki, bu obraz üçün istifadə olunan yalnız Azərbaycan deyil, artıq Qazaxıstanı da bu “işə” cəlb ediblər. Ondan öncə də Baltikyanın ölkələri, NATO, Fransa və s.  belə təbliğatın hədəfi olub.
Mən əminəm ki, bu təbliğati təzyiqlər hələ davam edəcək. Hələlik bunun təsirini görməkdəyik, amma zamanla vəziyyət daha da aydınlaşacaq”, -deyə davamında həmsöhbətimiz bildirib.
 
Tofiq Zülfüqarov hesab edir ki, hazırda Rusiyanın hərbi baxımdan birbaşa Azərbaycanın özünə müdaxilə etmək imkanları yoxdur.
 
“Hərbi baxımdan isə, belə deyək, Ukraynadakı obyektlərimizə vurulan zərbələri istisna etməklə, Azərbaycanın özü üçün Rusiya tərəfindən birbaşa təhlükə görmürəm. Çünki ən azı Azərbaycan və Türkiyə arasında möhkəm bir müttəfiqlik mövcuddur və bu, bizə hər hansı bir hərbi təhdiddən qorunmağa imkan verir. İkincisi də, Rusiyanın belə bir cəsarəti, gücü də yoxdur ki, özünə ikinci bir cəbhə də açsın”, -deyə keçmiş baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
 
Seçilən
10
1
moderator.az

2Mənbələr