Avqustun 18-də Vaşinqtonda keçirilən Tramp-Zelenski-Avropa liderləri görüşü ilə bağlı müxtəlif fikrilər səslənsə də, müşahidələr, müzakirə olunan məsələlər və açıqlamalar müəyyən nəticələrə gəlməyə imkan verir.
Zelenski görüşə hazırlıqlı gəlmişdi
Ukrayna Prezidenti Volodimir Zelenski bu ilin fevral ayında Ağ Evdə baş tutan qalmaqallı görüşdən nəticə çıxarmış, bu dəfə görüşə daha hazırlıqlı gəlmişdi. İlk növbədə, Trampda qıcıq yaratmış geyimini dəyişmiş, pencək geyinmiş və özü ilə “kartlarını” da gətirmişdi. Üstəlik, Avropa ölkələri liderlərindən ibarət dəstək qrupu da danışıqlarda Zelenskinin özünə inamını daha da artırmışdı.
Zelenskinin tez-tez Trampı tərifləməsi, müharibəyə son qoymaq cəhdlərinə görə ona təşəkkür etməsi və ən əsası, kamera qarşısında ABŞ Prezidentinin Ukraynanın maraqlarına zidd fikirlərinə etiraz etməməsi Trampın ona münasibətinin yumşalmasına zəmin yaratmışdı.
Ərazi güzəşti
Kollektiv görüşə gəlincə, Avropa liderlərinin hər hansı ciddi bəyanatını eşitmədik. Görüşdə hamını maraqlandıran əsas məsələ Ukraynanın ərazi güzəştləri idi. Alyaskada keçirilən görüşdən sonra Tramp ümumilikdə Putinin “Donbasın dəyişdirilməsi müqabilində sülhə irəliləyiş” konsepsiyasını qəbul etmişdi. Ağ Evdəki görüşdən əvvəl isə həm Tramp, həm də onun komandasının yüksək vəzifəli üzvləri bu mövzunu mediada və sosial şəbəkələrdə fəal şəkildə müzakirə edərək, Zelenskidən məhz bu məsələdə güzəşt gözlədiklərinə eyham vururdular.
Ağ Evdəki görüşdən sonra səsləndirilən fikirlər belə qənaətə gəlməyə imkan verir ki, Zelenski avropalı müttəfiqləri ilə birlikdə ərazi güzəştləri məsələsini danışıqların gündəmindən çıxarmağa, əsas diqqəti Ukraynaya veriləcək təhlükəsizlik təminatlarına yönəltməyə çalışdı. Zelenskinin ərazi güzəştlərini Putinlə görüşdə müzakirə edə biləcəyini bildirməsi isə Trampın iki ölkə prezidentinin görüşünü təşkil etmək istəyi ilə üst-üstə düşməsi buna imkan yaratdı.
Zelenskinin ərazi güzəştlərini Putinlə müzakirə etməyə hazır olduğunu bildirməsi Trampı o qədər sevindirdi ki, o, görüşü yarımçıq kəsib bu haqda məlumat vermək üçün Rusiya prezidentinə zəng də etdi.
Ukrayna üçün təhlükəsizlik təminatı
Ukraynaya veriləcək təhlükəsizlik təminatı məsələsində Zelenski ağıllı tərpənərək, Trampdan silah istəmədi, əvəzində, ona milyardlarla dollar dəyərində silahı Ukraynaya satmağı təklif etdi - əlbəttə ki, avropalı müttəfiqlərinin hesabına. Təhlükəsizlik təminatı ilə bağlı görüşdə əldə olunan digər razılaşmalar da diqqətdən qaçmamalıdır. Söhbət NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun (NATO Nizamnaməsinin 5-ci maddəsinə görə, istənilən NATO ölkəsinə hücum Alyansın bütün üzvlərinə hücum sayılır) təhlükəsizlik formasından gedir. Ukraynanın NATO-ya üzvlüyünü istisna edən Tramp görüşdən bir gün sonra – bu gün verdiyi açıqlamasında da Kiyevə hansısa formada təhlükəsizlik təminatı veriləcəyini bildirdi, ABŞ-ın bu məsələyə kömək göstərməyə hazır olduğunu vurğuladı.
Tramp Avropa ölkələrinin silahlı birləşmələrin Ukraynada yerləşdirilməsinə də etiraz etmədi.
Putin seçim qarşısında
Vaşinqton görüşündən sonra bəzi analitiklər Ukrayna münaqişəsinin sonunun yaxınlaşdığı barədə nikbin proqnozlar səsləndirməkdən çəkinmirlər. Lakin bu, o qədər də sadə görünmür. Rusiyanın bu istiqamətdə atacağı addımlardan çox şey asılıdır. Moskvanın münaqişəni bitirməkdə həvəsli görünməməsi 18 avqust - Vaşinqton görüşünün də nəticələrini puça çıxara bilər.
Tramp və onun komandası Zelenski və Putin arasında görüşün təşkili üçün hazırlıqlara başladıqlarını bildirsə də, bu görüşün yaxın vaxtlarda, bəlkə də, ümumiyyətlə, baş tutacağı hələ sual altındadır.
Çox güman ki, bu görüşdə müsbət nəticələr üçün şəraitin yaradılması məqsədilə əvvəlcə nümayəndə heyətləri arasında danışıqlar aparılmasının vacibliyini əsas gətirən Moskva vaxt udmağa və bu müddətdə döyüş meydanında ciddi nəticələr əldə etməyə çalışacaq.
Çünki Putinlə istənilən zaman, istənilən yerdə görüşməyə hazır olduğunu bəyan edən Zelenskidən fərqli olaraq, Rusiya Prezidenti belə bir görüşdən məmnun görünmür.
Artıq Rusiya tərəfindən səsləndirilən təkliflər belə düşünməyə əsas verir. Putinin Zelenski ilə Moskvada görüşmək istəyini Trampa bildirməsi barədə məlumatlar yayılıb. Zelenskinin artıq bu təkliflə razılaşmadı barədə də informasiyalar var. Putinin Zelenskinin Moskvada görüşə təbii olaraq razılaşmayacağını bilə-bilə belə bir təklifi gündəmə gətirməsi prosesin rəva getməyəcəyindən xəbər verir.
İndi Putin çətin seçim qarşısındadır. Trampın planlarına qarşı çıxan hər kəsi cəzalandırdığını nəzərə alsaq, Rusiya tərəfi bu görüşdən imtina edib qəbuledilməz şərtlər irəli sürəcəyi təqdirdə ağır sanksiyalarla üzləşə bilər. Bir faktı xatırlatmaq yerinə düşər ki, məhz Zelenski ilə Ağ Evdəki qalmaqallı fevral görüşündən sonra ABŞ-dan Ukraynaya silah-sursat ixracı bir müddət dayandırılmış, bu isə Ukraynanın hava hücumundan müdafiəsini ciddi şəkildə zəiflətmişdi.
Nəticə
Vaşinqton görüşü göstərdi ki, Tramp və Zelenski müharibənin tez bir zamanda bitməsində maraqlıdır. Görüşdə iştirak edən Avropa liderləri - Ukraynanı Rusiya ilə müharibəyə sürükləyənlər ümidlərini yalnız ABŞ-a və Trampa bağlayıblar.
Görüşün əsas nəticəsi isə Rusiyanın müharibənin bitməsində nə dərəcədə maraqlı olması ilə bağlıdır. Trampın Putinlə Alyaskada görüşdən sonra gətirdiyi bütün şərtləri demək olar ki, qəbul edən Zelenski Rusiya Prezidenti ilə heç bir şərt olmadan görüşməyə hazır olduğunu bəyan etdi. İndi çox şey Rusiyanın bundan sonrakı addımlarından asılıdır.
Moskvanın prosesi pozacaq istənilən addımı Trampın səbrini sınağa çəkəcək. ABŞ liderinin buna hansı reaksiya verəcəyi çox maraqlı olacaq.