“Ukraynanın ərazi güzəşti məsələsi Qərb ölkələri və Amerika Birləşmiş Ştatları tərəfindən tez-tez gündəmə gətirilir və bu məsələdə üstün mövqedə görünürlər. ABŞ çalışır ki, Ukrayna ərazi məsələlərində güzəştə getsin. Amma bu, bir tərəfdən Rusiyanı sakitləşdirə bilər, digər tərəfdən isə daimi təsir göstərməyəcək. Çünki Rusiya müəyyən qədər sakitləşsə də, Ukraynaya və hətta Avropaya qarşı təzyiqlərini davam etdirəcək. Ümumilikdə, Avropa ölkələri belə düşünür ki, əgər Rusiya Ukrayna müharibəsində qalib çıxsa, bu, Avropa üçün çox ciddi təhlükə yaradacaq və ümumi təhlükəsizliyə təhdid olacaq. ABŞ isə, əslində, bunu başa düşür, lakin qəbul etmək istəmir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Xatırladaq ki, Donald Tramp müharibənin dayandırılmasını prioritet hesab edir və bu məqsədi ilə özünü lider kimi göstərməyə çalışır. Bu addımın nəticələri və beynəlxalq qarşılıqlı təsirləri hələlik dəqiq müəyyənləşdirilməyib.
Siyasi şərhçi bildirib ki, Donald Trampın əsas məqsədi müharibəni hər nə bahasına olursa-olsun dayandırmaq və özünü bu müharibəni sona çatdıran lider kimi göstərməkdir.
“Çünki o, seçicilərə söz verib ki, bu müharibəni bitirəcək. Paralel şəkildə də Nobel mükafatı üçün iddiasını gücləndirmək istəyir. Lakin bu yanaşma qəbulolunmaz və əsassızdır. Çünki müharibənin bu cür dayandırılması heç bir tərəfə sərfəli deyil. Əgər Ukrayna ərazilərdə güzəştlərə getsə, bu, faktiki olaraq Rusiyanın Ukraynaya qarşı qələbəsi və Qərbin, eləcə də ABŞ-ın köməyi ilə Ukraynanın kapitulyasiyası kimi qəbul ediləcək. Bu isə müharibəni dayandırmaq demək deyil. Düşünmürəm ki, Ukrayna hüquqi olaraq hər hansı ərazidən imtina edəcək. Ola bilsin ki, de-fakto vəziyyət qəbul edilsin – yəni Rusiya hazırda nəzarətində saxladığı bəzi əraziləri faktiki olaraq əlində saxlasın. Amma bu, müharibənin dayandırılması anlamına gəlmir. Rusiyanın tələbləri də ədalətsiz və əsassızdır. Məsələn, Rusiya Xarkovu gündəmə gətirərək deyir ki, digər ərazilər bunun müqabilində bizə verilsin. Halbuki Rusiya Xarkovu tamamilə ələ keçirə bilməyib, yalnız bəzi yerlərdə mövqelər əldə edib. Ona görə də bu iddialar əsassızdır. Ümumilikdə, Rusiya tərəfinin Ukraynaya qarşı irəli sürdüyü şərtlər həm ədalətsizdir, həm də beynəlxalq hüquqa ziddir. Bu, eyni zamanda Ukraynaya dəstək verən dövlətlərə hörmətsizlik deməkdir”.
Rəfiqə Namazəliyeva,
AzNews.az