“Bu proses uzun müddətdir diqqətdədir və əslində Ukraynanın parçalanması ilə nəticələnə bilər. Hər iki tərəf bu nəticəni öz qələbəsi kimi təqdim edəcək. Ukrayna bu halda deyəcək ki, arzumuzu həyata keçirdik və NATO üzvlüyünü təmin etdik, Rusiya isə bildirəcək ki, Donbas, Luhansk, Zaporojye və digər ərazilər onun maraqlarına uyğun olaraq nəzərə alınmalıdır. Lakin bu prosesdə həm Rusiya, həm də Ukrayna ciddi risklərlə üzləşəcək. Faktiki olaraq, Ukrayna bataqlığa çəkilə bilər, Rusiya isə bu prosesdə özünü bataqlığa sürükləyir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukraynanın təhlükəsizlik zəmanətləri üçün ABŞ-la sıx əməkdaşlıq vacibdir, lakin ərazi güzəştləri məsələsi müzakirə olunmayıb. ABŞ da Ukraynanın təhlükəsizliyini təmin etmək üçün Avropa ilə koordinasiya edəcəyini açıqlayıb. Hər iki tərəf Ukraynanın təhlükəsizliyini və ərazi bütövlüyünü qorumağa çalışır.
Siyasi şərhçi bildirib ki, bu müharibədə birbaşa qalib yoxdur, qalib Qərbdir.
“Rusiya və Ukrayna artıq situasiyada “piyada” rolundadır, əsl qərarlar isə Avropa və ABŞ tərəfindən verilir. Bu dövlətlərin məsələyə yanaşmaları və maraqları fərqlidir: ABŞ-ın tələbləri, Avropanın mövqeyi və Rusiya ilə bağlı qəbul ediləcək qərarlar fərqli olacaq. Rusiya bu vəziyyətdə qalib gəlmək imkanına malik deyil. İqtisadi itkilər, insan tələfatı, reputasiya zərbələri və beynəlxalq aləmdə təsir itkiləri ciddi fəsadlar doğurur. Ukrayna da itkilər verib. Prosesin sonunu indidən proqnozlaşdırmaq çətindir. Lakin görünür ki, Volodimir Zelenskinin hakimiyyəti ilə bağlı dəyişikliklər artıq müzakirə olunur və hansı qərarın qəbul ediləcəyi hələ qeyri-müəyyəndir. Əgər Türkiyə həm Avropanı, həm də Rusiyanı razı sala bilsə, öz maraqlarına uyğun olaraq iki tərəf arasında dialoqu təmin edə bilər. Bu halda Ukraynada hakimiyyət dəyişiklikləri və digər siyasi proseslər nisbətən rahat həyata keçirilə bilər. Əsas məsələ Rusiya və Avropanın dialoqda anlaşmasıdır. Türkiyənin mövqeyi də kritikdir; Türkiyə proseslərə müdaxilə edərsə, mövcud balans pozula bilər. Ukraynanın taleyi bu “üçbucaq” – Rusiya, Avropa, ABŞ və Türkiyə – arasında müəyyənləşir. Türkiyə hazırda ABŞ və Avropa arasında balanslı mövqedədir və həm ABŞ-ın, həm də Avropanın maraqlarını nəzərə alır. Əgər tərəflər razılığa gələ bilsələr, Ukraynada məsələ həll olunacaq və bundan sonra veriləcək qərarlar daha rahat həyata keçirilə bilər. Amma hakimiyyət dəyişdikdən sonra Ukraynada atışmalar və ya sülh prosesi baş verə bilər; o zaman vəziyyət daha aydın olacaq”.
Rəfiqə Namazəliyeva,
AzNews.az