AZ

“Ukraynanın Rusiyaya təslim olması real deyil” – Həşim Səhrablı

“Ukrayna məsələsi ilə bağlı indi bir çox ziddiyyətli fikirlər səslənir. Düşünürəm ki, bu məsələlər səthi qiymətləndirilir. Çünki Ukraynanın Rusiyaya təslim olması və ya Rusiya üçün bu müharibədə yeni imkanların açılması, Rusiyanın xeyrinə müharibənin tez bitməsi kimi iddialar ilkin baxışda real görünə bilər, amma dərindən baxanda belə olmadığını görmək mümkündür. Ukraynanın Rusiyaya təslim olması demək deyil ki, Avropa təhlükəsizliyində ciddi bir problem yaranacaq. Bu, Avropanın ümumi təhlükəsizliyi məsələsini ön plana çıxarır. Amerika Birləşmiş Ştatları nə qədər istəsə də, hətta Tramp administrasiyası dövründə belə, Ukraynanın Rusiyaya öz maraqları üçün təslim olunmasına imkan vermək mümkün olmayacaq. Avropa dövlətləri buna heç vaxt razı olmaz və ABŞ da onların mövqeyini nəzərə almadan qərar verə bilməz. Çünki Avropada Rusiyaya qarşı dayana biləcək ən güclü orduların mövcudluğu bu məsələdə vacibdir. İngiltərə, Fransa, Almaniya və İtaliya kimi əsas Avropa dövlətləri heç vaxt Ukraynanın Rusiyaya təslim olmasına imkan verməz”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna təhlükəsizlik zəmanətləri əldə etmək məqsədilə bəzi əraziləri güzəştə verə bilər. O əlavə edib ki, Kiyev həmin əraziləri Rusiyanın suverenliyi altında olan ərazi kimi tanımır, lakin döyüşlər nəticəsində itirildiyi faktını qəbul edir. ABŞ tərəfi də Ukraynanın ərazi güzəştinə getməsinin zəruri olduğunu hesab edir.

Siyasi şərhçi qeyd edib ki, əgər Ukrayna Rusiyaya təslim olarsa, bu, Rusiyanın Avropanın ümumi təhlükəsizliyinə təhdid yaratma riskini artıracaq və həmin qarşılıqda Avropadan müxtəlif imtiyazlar tələb etməsinə səbəb olacaq.

“Bu, həm iqtisadi, həm də siyasi sahələrdə, məsələn, tranzit məsələlərində asılılığa səbəb ola bilər. Ancaq Avropa dövlətləri buna razı olmayacaq. Çin isə Amerikanın maraqlarına uyğun davranmayacaq. ABŞ anlayır ki, onun iqtisadi rəqibi kimi Çin var və həmçinin digər siyasi sahələrdə də Çin və Rusya ciddi qlobal rəqiblərdir. ABŞ yeni dünya düzəninə hazırlaşır və çoxqütblü sistemdə ən güclü qütb olaraq qalmaq istəyir. Bunun üçün Avropa dövlətlərinin dəstəyi önəmlidir. 1990-cı illərdən sonra formalaşan dünya sistemi Avropa dövlətləri ilə müttəfiqlik fonunda bir blok yaratmışdır və ABŞ bu blokun lideridir. ABŞ Avropanın gücünü arxasında saxladığı müddətdə həm Avropa dövlətləri öz gücünü qoruyub saxlaya bilir, həm də ABŞ yeni dünyada əsas güc mərkəzi olaraq qalır. Bütün bu faktlar göstərir ki, Ukrayna münaqişəsi artıq lokal bir məsələ deyil. Bu, qlobal qarşıdurmanın bir hissəsidir. Ərazi məsələləri, məsələn, Rusiyanın Ukrayna ərazilərinin 5–20%-ini nəzarət altına alması, situasiyanı fundamental olaraq dəyişmir. Bütün dünya bu faktı de facto qəbul edəcək, yəni ərazilərin Rusiyanın nəzarətində olduğunu etiraf edəcək, amma heç vaxt Rusiyanın Ukrayna ərazilərini qanuni olaraq tanımayacaq. Bu isə Avropanın və bütün Qərb blokunun Rusiyaya qarşı sanksiyaları davam etdirməsinə zəmin yaradır. Rusiyanın iqtisadiyyatı və inteqrasiyası müəyyən dərəcədə sarsılacaq. Ukraynanın bir hissəsinin itirilməsi onun dövlət kimi qərbə inteqrasiya etməsinə mane olmayacaq, əksinə, qərbə yönəlməsini gücləndirəcək və Rusiyaya qarşı Avropada balanslı üstünlük təmin olunacaq”.

Siyasi şərhçi əlavə edib ki, Rusiya bəlkə güc mərkəzi olaraq qalacaq, lakin yeni dünyada əsas güc mərkəzi kimi fəaliyyət göstərə bilməyəcək:

“Hazırda Ukrayna məsələsi qərbin təzyiq vasitəsi kimi həmişə Rusiyaya qarşı bir münaqişə ocağı olaraq qalacaq. Bu münaqişə müəyyən razılaşmalarla dondurula bilər, amma Ukrayna tam mənada Rusiyaya təslim olmayacaq və ya Rusiyanın nəzarətinə geri dönməyəcək. Beləliklə, Ukraynanın gələcəyi indiki kimi qərblə əlaqəli olacaq və Rusiyaya qarşı siyasi və iqtisadi qarşıdurma davam edəcək. Ukrayna məsələsi həmişə Rusiyanın təzyiq vasitəsi olaraq qalacaq”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
1
aznews.az

1Mənbələr