Üç il əvvəl elə bu cür isti avqust günlərinin birində mediada “Bakıda stadiondan kabab iyi gəlirdi” açıqlamasıyla diqqət mərkəzinə düşən Endre Botka və komandası yenidən Bakıya gəlir.
Bu, bizm çempion “Qarabağ”ın “Şkendiya”ya, “Ferensvaroş”un da “Ludoqorets”ə “futbol dərsi” keçməsindən sonra dəqiqiləşdi.
“Qarabağ” Şimali Makedoniyadakı ilk oyunu 1:0 qazanmaqıla Bakı görüşü üçün özünü nisbətən rahatlaşdırmışdı. Amma bu, rahatlıq idi, arxayınlıq yox.
Qurban Qurbanovun baş məşqçisi olduğu komandada arxayınlıq heç vaxt olmur.
“Şkendiya” ilə rəqib olmağımız hələ püşkdən sonra bizi sevindirmişdisə, digər tərəfdən, makedoniyalıların özündən deyən Cici Bekalinin “Styaua Buxarest”ini, indiki adıyla FKSB-sını hər iki oyunda məğlub etməsi ”Qarabağ”ın onlara ehtiyatla yanaşması zərurətini ortaya çıxarmışdı.
Qurban Qurbanov istədiyinə nail oldu. Komandası həm səfər, həm də ev qarşılaşmasında konsentrasiyanı itirmədi, oyundan qopmadı, sonadək intizamlı oynayaraq, haqq etdiyi pley- off mərhələsinə yüksəldi.
Makedoniyalıların hesabı açması sanki arı yuvasına çöp soxmağa bənzədi. Elvin Cəfərquliyev mövqe səhvinə yol verərək, Tambanı nəzarətsiz qoydu, o da qol sevincini əliylə silah tuşlamaqla qeyd etdi.
Tambanını bu “dayan, doldurum” silahı heç açılmağa imkan tapmamış, “Qarabağ” rəqibi peşman etməyə başladı.
Əvvəlcə avtoqolla hesab bərabərləşdi, ardnca ötən oyuna görə tənqid olunan Kadi Borges, daha sonra 1 ildir tənqid olunan Nəriman Axundzadə qol vurdu.
Sanki günahların bağışlanması gecəsi idi, Kadiylə Nəriman şou göstərirdi.
Nərimanin bu dəfə qoldan sonra qaçıb ətrafa “sus” işarəsi göstərməməsi də onun ücün müsbət məqamdır.
Zədədən qayıdan Marko Yankoviçin yeni mövsümdə qol hesabını açması da xoş oldu.
Hücumdakı əsas qol ümidimiz Leandro Anrade bu “vurhavur”dan kənarda qalmadı və darmağında son nöqtəni qoydu - 5:1.
Ötən illərdə bizim klublardan “Neftçi” və “Sumqayıt”ı məğlub edən “Şkendiya” yəqin bundan sonra Bakı səfərinə çıxanda “Qarabağ”a 1:5-i də xatırlayıb gələr.
“Qarabağ” bu hesabla sanki Cici Bekalinin heyfini çıxdı “Şkendiya”dan.
Yəni: “Qoca, səninlə qarşılaşmağımız “Şkendiya”ya məğlubiyyətinizə görə alınmadı, sizi hər iki oyunda udan rəqibi belə etdik! İndi düşün, Bakıda sizi nə gözləyirdi?!”.
Artıq pley-offdayıq. Dördüncü dəfə Çempionlar Liqasının pley-offunda. İlk üç cəhddən yalnız birində məqsədə çatmışıq.
Hazırda “Qarabağ”ın 8 illik həsrətə son qoyması üçün əlinə əla imkan düşüb. Pley-off mərhələsində, təbii ki, “güclü-zəif” söhbəti etmək düz olmaz.
Sadəcə, digər komandalara baxanda, “Qarabağ”ın qarşısına uyğun rəqqib cıxmasını demək olar. Üç il əvvəl “Qarabağ” Bakıda 1:1, Budapeştdə 3:1-lik qələbəylə keçmişdi bu komandanı.
Həmin heyətdəkilərin çoxu indi “Ferensvaroş”da deyil. Amma Bakıda stadiondakı kabab iyindən şikayətlənən Botka heyətdədir.
Baş məşqçi də artıq Stanislav Çerçesov yox, İrlandiya futbolunun ən məşhur oyunçularından Robbi Kindir.
Altı ay əvvəl “Qarabağ”dan “Ferensvaroş”a keçən Julio Romaonun oyunu maraq doğururdu. Amma üç aydır zədəli olan braziliyalı, çətin ki, bu görüşlərdə iştirak etsin.
Bu qışda Budapeştdən ayrılan Kadi isə macar publikasına gücünü, bacarığını göstərə bilər.
Beləliklə, “Real Madrid”, “Barselona”, “Liverpul”, PSJ, “Bavariya” və digər “nəhənglər”in kampaniyasında yer almaq üçün bir addım qaldı. Tam zamanıdır, bitir bu işi, “Qarabağ”!
İlkin Fikrətoğlu