Şimali Koreya lideri Kim Çen İn avqustun 18-də Nampo limanına səfəri zamanı ölkənin hərbi dəniz qüvvələrinin yeni 5000 tonluq “Choe Hyon” sinifli esminesinə baxış keçirib.
Səfər Cənubi Koreya və ABŞ-ın illik genişmiqyaslı “Ulchi Azadlıq Qalxanı” təlimlərinə start verdiyi günə təsadüf edib.
Rusiya ilə sərhədə yaxın ərazidə 11 gün davam edəcək təlimlərə 21 min hərbçi, o cümlədən 18 min Cənubi Koreya əsgəri cəlb olunub. Təlimlərdə kompüterlə simulyasiya olunmuş komanda əməliyyatları və səhra məşqləri yer alır.
Şimali Koreya mediasının yaydığı məlumata görə, Kim ABŞ-Cənubi Koreya hərbi təlimlərinə cavab olaraq ordusuna nüvə imkanlarını sürətlə genişləndirmək göstərişi verib.
“Rodong Sinmun” qəzetinin yazdığına görə, Kim bölgədə təhlükəsizlik mühitinin hər gün daha da gərginləşdiyini bildirib və bu vəziyyətin hərbi nəzəriyyə və təcrübədə köklü dəyişiklikləri, nüvələşmənin sürətləndirilməsini tələb etdiyini vurğulayıb.
Kim həmçinin ABŞ və Cənubi Koreyanı müharibə başlamaq niyyətlərini nümayiş etdirməkdə ittiham edib. Onun sözlərinə görə, keçirilən təlimlər hər zaman təxribat xarakteri daşıyıb, lakin bu dəfə nüvə elementli hərbi ittifaq yaradıldığı üçün daha da təhlükəli hal alıb./Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta