AZ

26 avqust-Laçın şəhəri günü » AzadMedia.az


Zəngəzurun ən əhəmiyyətli ərazilərindən olan Laçın tarix boyu öz qəhrəmanlığı ilə diqqət mərkəzində olub. 19-cu əsrin əvvəllərində rus çarizminin müstəmləkəçilik siyasətinin nəticəsi olaraq Zəngəzur işğal olundu və bölgəyə ermənilər köçürüldü. Beləliklə, Laçın əhalisi erməni məkrini ilk görən və ona qarşı qəhrəmancasına mübarizə aparanlar sırasında olmuşdur.

Ermənilər Laçın ərazisində məskunlaşmaq üçün hər cür vasitələrə əl atırdılar. Laçının tarixində xüsusi yer tutan alban abidələrini özününkü etmək üçün ermənilər qədimdən bu ərazilərdə yaşadıqlarını təbliğ edir, abidələrin isə onlara məxsusluğunu iddia edirdilər. Rus məmurları bu işdə ermənilərə hər cür dəstək verirdilər.

Rayonun ərazisində 300-ə yaxın tarixi, dini, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli abidələr, çoxlu sayda qəbirüstü abidələr, at,qoç fiqurları, sujetli daşlar və mineral sular mövcuddur.

1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olan Xosrov bəy Sultanov və Sultan bəy Sultanov Laçın əsilli idilər. Qarabağ və Zəngəzurun erməni işğalından qorunmasında hər iki qardaşın, o cümlədən Qarabağın general-qubernatoru olan Xosrov bəy Sultanovun əvəzsiz xidmətləri olmuşdur. Andronik, Njde və Dronun quldur dəstələrininZəngəzura, o cümlədən Laçına hücumu zamanı Xosrov bəy Sultanovun göstərdiyi qəhrəmanlıqlar dillər əzbəridir.

1920-ci ildə Laçın ərazisi bolşevik işğalının qurbanı oldu. Bir tərəfdən də ermənilər sovet Rusiyasına sığınaraq Zəngəzurun böyük bir hissəsini işğal edə bildilər.

70 il ərzində Laçın dağ rayonu kimi tarixə düşdü. İqtisadi göstəriciləri yüksək olmasa da, tarixi abidələr baxımından bəxti gətirmişdi. Amma bu abidələr də doğru-düzgün tədqiq olunmadı. Sovet dövlətinin süqutu ərəfəsində ermənilər daha da fəallaşdılar.
Bakıda siyasi hakimiyyət uğrunda qızışan mübarizə Laçını faciələrə sürükləyirdi. Laçın işğal olunan gün Xalq Cəbhəsi zorakı yolla hakimiyyəti zəbt etdi. Laçın təkcə rayon mərkəzi kimi işğal olunmadı, Laçının ermənilər tərəfindən işğalı Qarabağla Ermənistan arasında olan maneənin aradan qaldırılması demək idi.

Haşiyə: 1828-ci ildə Təbrizdə ermənilərin köçürülmə işinə polkovnik Lazarev rəhbərlik edirdi. Lazarev ermənilərə müraciətində deyirdi: “ Ey ermənilər, sizə təzə vətən tapmışıq. Təzə vətən İrəvan, Qarabağ, Naxçıvandır”. 1992-ci ilin mayında Laçının işğalından sonra minlərlə erməni bura gətirildi. Erməni lobbisi və erməni diasporu bu işdə əlindən gələni etdi. Polkovnik Lazarevin 1828-ci ildəki missiyasını daşnak ideoloqları həyata keçirdilər. Uzaq Suriyadan və Livandan Laçına köçürülən ermənilər özlərini bu torpağın sahibi kimi aparırdılar. Amma…
Rəsmi İrəvan Azərbaycan torpaqlarında hər cür cinayətlərə yol verdi-Laçında düşmənlə ölüm-dirim savaşında 300 nəfər hərbi və mülki şəxs həlak oldu, təhsil, səhiyyə, mədəniyyət, ticarət, rabitə müəssisələri məhv edildi.

2020-ci ilin 44 günlük Vətən Müharibəsində xalqımız uzun illər həsrətində olduğu qələbəni əldə etdi. İmzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.

Qarabağın fatehi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi:” Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər- hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub.

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Laçın Beynəlxalq Hava Limanı 2025-ci ildə istifadəyə verilmişdir. Hava limanı Laçın şəhərinə 30 km, Şuşaya 70 km, Kəlbəcərə 60 km-lik məsafədə yerləşir.

Vaxtilə hər bir azərbaycanlı ən maraqlı xatirələrini Avropa, Amerika səfərlərinə həsr ediblər. Bu gün bu xatirələrin coğrafiyası dəyişib. Laçın, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Zəngilan dünyanın ən gözəl turist və istirahət mərkəzləri ilə rəqabət apara biləcək səviyyədədir.

Bu torpaqlar şəhidlərin qanı hesabına geri alınıb. Bu torpaqlar Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və cəsarəti sayəsində əldə olunub. Bu torpaqların azad edilməsinə alternativ bir fikir ola bilməz!

Şəxsi münasibətlərdə kiminsə narazı düşüncəsi başadüşüləndir. Amma illərlə həsrətində olan qaçqın və köçkünün öz ata-baba yurduna qayıtmasına kim etiraz edə bilər, kim iqtidara böhtan ata bilər?

Avropanı sevməyi heç kim qadağan etmir, amma Qərbin saxta gülüşünə aldanıb erməni vəhşətlərinə son qoyan iqtidarı nə haqla təhqir etmək olar? Əgər bu iqtidar xalqı öz ətrafında dəmir yumruq kimi birləşdirməsəydi, Azərbaycanımızın suverenliyini neçə ildən sonra bərpa edə bilərdik? Siz Qərbdə yaşaya bilərsiniz, Qərbin çaldıqlarına oynaya da bilərsiniz, amma xəyanətkar adından qaça bilməzsiniz. Gec deyil, hər gün azad Qarabağa sevinc içində köçən qurucu insanlara baxın, onların arzu və istəklərini dinləyin. Bu Vətən müqəddəsdir, borcumuz onu cənnətə çevirməkdir.


Anar İsgəndərov,
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri

Seçilən
16
2
azadmedia.az

3Mənbələr