BAKI, 19 avqust. TELEQRAF
“Məşqçi işi daimi deyil. Rəhbərlik nə vaxta qədər etimad göstərəcəksə, o vaxta qədər də işimizin başında olacağıq”.
Teleqraf xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının I turunda səfərdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis gərgin keçən qarşılaşmanı belə şərh edib: “Gərgin oyun alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bir xal da bizim üçün xeyirlidir. Komanda olaraq turlar keçdikcə özünəinam artacaq. Əvəzetmələri oyunun gedişinə görə etdik. Əvəzolunmaz futbolçu yoxdur. Bir qədər də ehtiyatı əldən vermədik.
"Omoniya" ilə oyundan sonra təzyiqlər oldu. Biz də çalışdıq nəsə edək, amma təcrübəsizlik sözünü dedi. Ümumi götürdükdə, minimum vəzifənin öhdəsindən gəlməyi bacardıq”.
Baxşıyev komandasının Kipr “Omoniya”sına uduzaraq (0:8) avrokuboklarda mübarizəni dayandırmasına da münasibət bildirib:
“Avrokuboklar artıq bizim üçün bitib. Yaxşı təcrübə qazandıq. Hər bir məğlubiyyət komandaya təsir edir. Sevindirici məqam odur ki, bərk, xarakterli komandam var. Düşünürəm ki, maneələrin komandamıza təsir olmayacaq. Əlbəttə, daha yaxşısını etmək olardı. Ola bilsin gücünüz, bəlkə də təcrübəmiz çatmadı. Ancaq keçmişlə yaşamaq istəmirik. Sadəcə, nəticə çıxartmalıyıq".