Böyük Britaniyanın Varvik Universitetinin alimləri xərçəngin yayılmasını daha asan müəyyən etməyə imkan verən almaz tərkibli cihaz yaradıblar.
“Qafqazinfo” bu barədə “The Independent” nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, bu texnologiya hazırda xəstəxanalarda istifadə olunan radioaktiv markerlərin və boyaların zərərsiz alternativinə çevrilə bilər.
Həkimlər, adətən, xərçəngin limfa düyünlərinə çatıb-çatmadığını öyrənmək üçün testlərə güvənirlər. Limfa düyünləri bədəndə zərərli maddələri süzən toxuma sahələridir. Nəticələr cərrahiyyə və sonrakı müalicə qərarlarına birbaşa təsir edir.
Bu cihaz isə şişə yeridilən və dəmir oksid nanohissəciklərindən ibarət olan maqnit markerini aşkar edə bilir. Marker bədəndə xərçəng hüceyrələri ilə birlikdə hərəkət edərək, onların limfa düyünlərinə çatıb-çatmadığını üzə çıxarır.