AZ

“Hər şeyi də serialların üstünə atmasınlar” – Deputatın fikrinə tanınmış rejissordan ETİRAZ

Son illərdə Azərbaycanda boşanmaların sayının artması cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Millət vəkili Tahir Rzayev bu məsələdə serialların böyük rol oynadığını bildirərək, onların ailə dəyərlərinə mənfi təsir göstərdiyini vurğulayıb.

Mövzu ilə bağlı Bizim.Media tanınmış rejissor Tahir Tahiroviçin fikirlərini öyrəndi. Rejissor deputatın fikirləri ilə razılaşmadığını açıqladı və qeyd etdi ki, boşanmanın əsas səbəblərini yalnız seriallarla bağlamaq düzgün deyil:

“Hər şeyi serialların üstünə atmasınlar. Əslində deputatların bu mövzuda səsləndirdiyi fikir daha çox müzakirə xarakteri daşıyır. Yerli serialların mövzusu, təqdimat forması və emosional təsiri cəmiyyətdə ailə institutuna müəyyən təsir göstərə bilər, amma boşanmaların əsas səbəbini yalnız seriallarla əlaqələndirmək elmi baxımdan əsassız görünür”.

Rejissorun sözlərinə görə, bəzi seriallarda ailədaxili konfliktlərin, xəyanətin və asan boşanmanın normallaşdırılmış formada göstərilməsi tamaşaçı psixologiyasına təsirsiz ötüşmür:

“Bəli, bu cür süjetlər gənc ailələrin düşüncəsinə müəyyən qədər təsir edə bilər. İnsan gördüyünü həyat modeli kimi qəbul edə bilir. Amma bu, boşanmaların əsas səbəbi deyil”.

Tahir Tahiroviç hesab edir ki, boşanmaların artmasının başlıca səbəbləri daha çox sosial-iqtisadi faktorlarla bağlıdır:

“Statistikaya baxanda görürük ki, işsizlik, maddi çətinliklər, ailədaxili zorakılıq, mədəniyyətlərarası fərqlər və nikahın düşünülmədən qurulması boşanmaların əsas səbəbləridir.

Bunları nəzərə almadan hər şeyi serialların üzərinə atmaq doğru olmaz”.

Aygün Hüseyn, Bizim.Media

Seçilən
53
1
bizim.media

2Mənbələr