AZ

Doğru yolun gətirdiyi uğurlar

“Qarabağ” Macarıstandan çox sərfəli nəticə ilə qayıdır. Ağdam təmsilçisi növbəti dəfə Çempionlar Liqasının bir addımlığındadır. Azərbaycan çempionu Budapeştdə gözləniləndən də yaxşı oyun ortaya qoydu.

Matçın hər dəqiqəsində Qurban Qubanov faktoru görünürdü. Təcrübəli mütəxəssis rəqibi addım-addım analiz etmişdi.

“Ferensvaroş” kifayət qədər sərt və aqressiv mübarizə aparan komandadır. Onların bizə açıq oyun təklif edəcəyi real deyildi. Ancaq buna rəğmən, oyunu nəzarətdə saxlamaq, hesabda geri düşməsinə baxmayaraq təmkinlə tempi qorumaq çox vacib idi.

“Qarabağ” sona qədər meydanın tək hakimi oldu. Bakıdakı görüşü unutmuruq. Ancaq indi bu qələbənin, yaxşı oyunun dadını çıxarmaq vaxtıdır.

Qurbanov və komandasına böyük bir təbrik düşür. Transfer dönəmi boyunca davamlı tənqid atəşinə tutulan rəhbərlik də yaxşı sözləri haqq edir. Bu, illərdir yanaşmasıyla, düzgün strategiya ilə qazanılan bir nəticədir. Çünki futbol yalnız meydançadan ibarət deyil. Bu gün Ağdam klubundakı idaredicilik yalnız Azərbaycanda yox, bir neçə ölkədə ciddi rəğbət qazanan, tətbiq edilmək istənən bir sistemdir. İllərdir avrokuboklarda qruplara qalan klubun rəhbərliyi bu işin kənarında qala bilməz.

Əslində Azərbaycan çempionunun növbəti dəfə dünyanın klublararası bir nömrəli turnirində çıxış etməyə yaxın olması çox şeydən xəbər verir. Bundan sonrakı dönəm daha ağır, daha məsuliyyətli olacaq.

Ancaq illərdir avrokuboklarda stabil çıxış edən klubun bunun da öhdəsindən gələcəyinə şübhə etmirik. “Qarabağ” rəhbərliyilə, məşqçilər heyətiylə, futbolçularıyla ən xoş sözlərə layiq bir klubdur.

İdmanxeber.az 

Seçilən
9
1
idmanxeber.az

2Mənbələr