AZ

Magistratura pilləsində acınacaqlı vəziyyət » AzadMedia.az



2025-ci il magistraturaya qəbul imtahanlarının nəticələri ali təhsil sistemindəki problemləri bir daha üzə çıxardı. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, hər iki yerləşdirmənin yekununda 3700-dən çox boş yer qalıb. Onların 1100-dən çoxu dövlət sifarişi üzrə nəzərdə tutulmuş yerlərdir.

Bu fakt təkcə statistika deyil, həm də dövlətin həyata keçirdiyi təhsil siyasətində müəyyən boşluqların mövcudluğunu göstərir. Çünki dövlət büdcəsindən maliyyələşən yerlərin dolmaması həm iqtisadi baxımdan səmərəsizlikdir, həm də gənclərin potensialının tam reallaşdırılmamasına səbəb olur.

Maraqlı məqam odur ki, boş qalan 3700 yer (o cümlədən 1200 dövlət sifarişi yeri) üçün cəmi 1408 nəfər seçim edib. Onlardan isə yalnız 617 nəfər qəbul olunub. Yəni, təkliflə tələbin arasında çox ciddi uyğunsuzluq var.

Problemin əsas səbəbləri əmək bazarına uyğunluq məsələsidir. Təhsil proqramlarının bir qismi real iqtisadi və sosial tələblərə cavab vermir. Gənclər yaxşı bilirlər ki, həmin ixtisasları bitirəndən sonra əmək bazarında iş tapmaq çətindir.
Maliyyə yükü də əsas faktorlardandır. Ödənişli əsaslarla magistr təhsili kifayət qədər bahadır. Bakalavr pilləsini başa vuran gənclərin əksəriyyəti əlavə təhsil xərclərini qarşılaya bilmir.
Xaricdə təhsil üstünlüyü də səbəblərdən buridir. Azərbaycan gəncləri üçün Avropa, Türkiyə və digər ölkələrin universitetləri daha cazibədar görünür. Onlar həm keyfiyyət, həm də perspektiv baxımından magistr təhsilini xaricdə davam etdirməyə üstünlük verirlər.
Keyfiyyət problemi də müzakirə mövzusudur. Təəssüf ki, bəzi universitetlərdə magistratura səviyyəsində tədris nə elmi, nə də praktiki baxımdan abituriyentləri qane edir.
Dövlət siyasəti və reallıqlara nəzər salsaq görərik ki, Azərbaycan hökuməti son illərdə təhsil sahəsində mühüm islahatlar həyata keçirir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində də gənclərin bilik və bacarıqlarının əmək bazarına uyğunlaşdırılması xüsusi vurğulanır. Lakin magistratura səviyyəsində müşahidə olunan boşluqlar göstərir ki, proqramların məzmunu ilə əmək bazarının tələbləri arasında hələ də tam balans yoxdur.

Dövlət sifarişi yerlərinin çoxunun boş qalması isə, əslində, dövlət büdcəsi üçün əlavə yük deməkdir. Çünki ayrılan vəsait nəticəsiz qalır və təhsil sahəsində planlaşdırılan nəticələr əldə olunmur.
Çıxış yolları nədədir?
Mütəxəssislər hesab edirlər ki, vəziyyətdən çıxış üçün bir neçə istiqamət prioritet olmalıdır:

Dövlət sifarişinin həcmi yox, keyfiyyət və uyğunluq meyarı əsas götürülməlidir;

Magistr proqramlarının praktik yönümlülüyü artırılmalı, universitet-sənaye əməkdaşlığı gücləndirilməlidir;

Təhsil haqları gənclərin imkanlarına uyğunlaşdırılmalı, kredit və güzəşt mexanizmləri genişləndirilməlidir;

Xaricdə oxuyan gənclərin ölkəyə qayıdıb fəaliyyət göstərmələri üçün stimullaşdırıcı mexanizmlər hazırlanmalıdır.
Elnurə

Seçilən
10
1
azadmedia.az

2Mənbələr