AZ

Azərbaycanda yüksəksürətli interneti olan təsərrüfatların sayı 3 milyona çatıb

Son 4 ildə Azərbaycanda sabit genişzolaqlı, yüksəksürətli internetə çıxış imkanı olan təsərrüfatların sayı 13 dəfə artaraq 3 milyona çatıb, nəticədə ölkənin sabit genişzolaqlı internetlə əhatəsi tam təmin edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.

"Bu xüsusda “Onlayn Azərbaycan” layihəsinin ölkəmizin texnoloji inkişafında həlledici rolunu vurğulamaq istərdim. Layihə ölkənin bütün ərazilərində həm biznes, həm də ev təsərrüfatlarını müasir texnologiyalar vasitəsilə yüksəksürətli, sabit genişzolaqlı internetlə təmin təmin edib, internet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsal gələcəyini formalaşdıran strateji addımlardan biri olub", - deyə o qeyd edib.

Nazir müavininin sözlərinə görə, qloballaşan dünya iqtisadiyyatında innovasiya hər bir ölkənin rəqabət üstünlüyü və milli iqtisadiyyatını gücləndirmək üçün strateji istiqamət olaraq qəbul edilir: "Belə ki, innovativ sahibkarlıq yeni iş yerləri yaradır, texnoloji yeniliyi gətirməklə biznesi daha səmərəli edir, əmək bazarında müasir peşələrə tələbi artırır, ümumilikdə iqtisadiyyatın şaxələnməsini sürətləndirir və buna paralel olaraq ölkəyə xarici investisiya axınını stimullaşdırır. Ölkə daxilində biz innovasiyanın texnologiya əsaslı fəaliyyət imkanı kimi bir şəhərə və yaxud mərkəzə bağlı olmadığını da görürük. Bu texnoloji üstünlüyü mümkün edən təməl faktor rəqəmsal infrastruktur və yüksəksürətli internetin mövcudluğudur".

Seçilən
52
report.az

1Mənbələr