AZ

Samir Məmmədov: "Azərbaycanın vençur fondları 15 milyon dollardan çox kapital formalaşdırıb"

Azərbaycanda son illərdə yaradılmış müxtəlif vençur fondları vasitəsilə ümumilikdə 15 milyon ABŞ dollarından çox kapital formalaşdırılıb, bu fondlar artıq 2,2 milyon ABŞ dollarından çox sərmayəni regionda fəaliyyət göstərən startaplara yönəldiblər.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən "İnnostart" layihəsinin yekun tədbirində bildirib.

Nazir müavini qeyd edib, Azərbaycanda vençur kapital mexanizmlərinin inkişafı mühüm mərhələyə qədəm qoyub: "Ötən ilin oktyabr ayında Bakıda Abşeron Vadisi İnnovasiya Klasteri çərçivəsində Azərbaycan İnnovasiya Mərkəzinin rəsmi açılışı olub. Bu, Azərbaycanın innovasiya ekosistemi üçün olduqca əlamətdar hadisə olub. İnnovasiya təbii ki, sadəcə paytaxt Bakı ilə məhdudlaşmır, regionlarda da innovasiya fəaliyyəti geniş vüsət alır.

Sevindirici haldır ki, bu gün Azərbaycanda və Qafqazda tarixən mühüm sənaye şəhəri kimi özünü təsdiq etmiş Sumqayıtda da innovasiya mərkəzi mövcuddur. Sumqayıt İnnovasiya Mərkəzi ölkədə formalaşan innovasiya şəbəkəsinin keyfiyyət baxımından növbəti mərhələsidir. Bu ilin sonuda qədərk Gəncə İnnovasiya Mərkəzinin yaradılması, həmçinin Naxçıvan Dövlət Universitetində də prototipləşdirmə laboratoriyasının təsis edilməsi nəzərdə tutulub. Məqsəd, daha öncə qeyd etdiyim kimi, nəinki Bakıda, eləcə də regionlarda startap ekosisteminin güclənməsini infrastruktur, maliyyə, insan kapitalı və texnoloji icma quruculuğu istiqamətlərində dəstəkləməkdir".

Onun sözlərinə görə, regionlarda innovasiya fəaliyyətinin genişlənməsi gənclər arasında innovativ sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə və bunun da növbəsində hər regionun spesifikasından asılı olaraq sosial-iqtisadi artımına səbəb olur: "Bölgələrdə reallaşdırılan "İnnostart", "“4ü1arada” və elektron ticarətin inkişafına yönəlmiş “ecomX” kimi digər layihələrin təməl məqsədi məhz budur. “ecomX” layihəsində Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və ətraf ərazilərdən 500-dən çox vətəndaş iştirak edib. Layihə çərçivəsində elektron ticarət haqqında maariflənmə proqramı və inkubasiya proqramı həyata keçirilib, 15 yeni e-ticarət platformasının formalaşdırılmasına nail olunub. Proqramın yekununda həyata keçirilmiş “Demo Day” tədbirində 30 000 AZN dəyərində pul mükafatı layihələrin inkişaf etdirilməsi üçün komandalara təqdim edilib".

“4ü1arada” layihəsi çərçivəsində həyata keçirilən təlim və mentorluq proqramında 32 startap layihəsinin formalaşmasına nail olunub ki, həmin startapların inkişafı Qubada və İsmayıllıda təşkil edilmiş "bootcamp"larda dəstəklənib. Nazirlik yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəklədiyi digər regional innovasiya layihəsi olan "İnnostart"ın nəticələrindən də görə bilirik ki, ölkəmizdə regionların hər birinin özünəməxsus innovasiya istiqaməti üzrə mühüm irəliləyiş, təbii inkişaf modelləri formalaşıb. Məsələn, Gəncə və ətrafının aqrotexnologiya, Naxçıvanın aparat təminatı və əşyaların interneti kimi sənayelərdə ön plana çıxması, bizim üçün regionların alternativ iqtisadi modellərinin formalaşmasında innovasiyanın rolununun mühüm olduğunu bir daha sübut edir. Mən "İnnostart" layihəsi çərçivəsində ərsəyə gələn startapların və mentorların Azərbaycanın regionlarında innovativ iqtisadiyyatın inkişafında aparıcı güc olacağından əminəm. Onların yaratdığı hər məhsul, hər texnoloji həll gələcəkdə qeyri neft-sektorunun ölkə iqtisadiyyatında payının artmasına əhəmiyyətli töhfə verə bilər", - deyə nazir müavini əlavə edib.

S.Məmmədov həmçiin qeyd edib ki, son illərdə ölkəmizin innovasiya ekosistemində geniş miqyaslı işlər görülüb: "İRİA-nın dəstəyilə son 3 ildə müxtəlif inkubasiya və akselerasiya proqramları, hakatonlar və ideatonlar təşkil edilib, bu çərçivədə 600-dən çox startap dəstəklənib və onların əhəmiyyətli bir hissəsi – 275-dən çoxu – öz ideyalarını minimum işlək məhsul mərhələsinə qədər inkişaf etdiriblər. Bu prosesdə regionlarımız, universitetlər, həm yerli, həm də xarici tərəfdaşlar fəal iştirak edib, nəticədə startaplarımız elektron ticarət, səhiyyə texnologiyaları, təhsil texnologiyaları, aqrotexnologiya, maliyyə texnologiyaları, ekoloji təmiz texnologiyalar, əşyaların interneti, böyük verilənlərin emalı və oyun sənayesi kimi çoxşaxəli sahələri əhatə etməyi bacarıblar".

Seçilən
117
4
report.az

5Mənbələr