Rusiyanın müxtəlif dairələrində səslənən iddialara görə, iki ölkə arasındakı gərginlik Azərbaycanın iqtisadi vəziyyətinə, xüsusilə də ticarət dövriyyəsinə mənfi təsir göstərə bilər. Lakin iqtisadçı ekspert Eldəniz Əmirov Editor.az-a açıqlamasında bunun əslində belə olmadığını bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan–Rusiya ticarətində əsas qazanan tərəf daim Rusiya olur:
“Ötən il Azərbaycandan Rusiyaya ixrac cəmi 1,2 milyard dollar, idxal isə 3,6 milyard dollar təşkil edib. Nəticədə Azərbaycan üçün 2,4 milyard dollarlıq mənfi saldo yaranıb. Yəni bu münasibətlərdən qazanan tərəf məhz Rusiyadır. 2025-ci ilin ilk 6 ayı da eyni mənzərəni göstərir: ixracımız 6,1% artaraq 590 milyon dollara çatsa da, idxalımız təxminən 20% artaraq 2 milyard dollara yaxınlaşıb”.
Əmirov hesab edir ki, Azərbaycanın iqtisadi təhlükəsizliyi üçün yeni bazarlara çıxış və ixracın şaxələndirilməsi vacibdir:
“Donald Trump niyə müsbət saldo verdiyi ölkələrlə münasibətləri gücləndirir, mənfi saldo verdiyi ölkələrə isə tariflər tətbiq edirdi? Çünki müsbət ticarət saldosu olan ölkələr ‘çörək verən’ tərəfdir. Azərbaycan da Rusiya üçün belə bir ölkədir – ümumi ticarətin 80%-i Rusiyanın xeyrinə işləyir. Buna görə də alternativ bazarların araşdırılması, yeni mexanizmlərin tətbiqi və pilot ixrac layihələrinin icrası vacibdir. Bu asan proses olmasa da, nəticədə Azərbaycan daha dayanıqlı və müstəqil iqtisadi modelə keçid edə bilər. Əsl inkişaf və tərəqqi çətinliklərdən doğur, bundan qorxmaq lazım deyil”.
//Gülnarə Abasova, Editor.az