AZ

Nikahdankənar doğulanlar artır

Ekspert: “Nikah bağlanmırsa, ailə sayılmasın”

2024-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların ümumi sayı məlum olub. Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə Azərbaycanda 13228 uşaq nikahdankənar dünyaya gəlib. Onlardan 5158-i şəhər yerində, 8070-i kənd yerində doğulub.

Müqayisə üçün qeyd edək ki, son illər nikahdankənar doğulan uşaqların sayında azalma baş verib. Belə ki, 2023-cü ildə 15622, 2022-ci ildə isə 18814 belə uşaq doğulmuşdu.

Lakin yenə də bu statistika göstərir ki, belə hallar az deyil. Son illərdə ata kultunun zəifləməsi və tək anaların sayının artması bu tendensiyanı gücləndirən faktorlardandır. Cəmiyyətdə atasız böyüyən uşaqların sayı artdıqca, nikahdan kənar doğumların da çoxaldığı müşahidə edilir.

Bu sosial problemin həlli üçün hüquqi və maarifləndirici tədbirlərin görülməsi vacibdir. Erkən nikahların qarşısının alınması, ailə qurmaq istəyən cütlüklərə sənədləşmə ilə bağlı dəstəyin artırılması və gənclərin məlumatlandırılması bu sahədə mühüm addımlar ola bilər. Nikahın rəsmi qeydiyyatı həm uşaqların hüquqlarını qoruyur, həm də ailə institutunun möhkəmlənməsinə xidmət edir. Gələcək nəsillərin rifahı naminə cəmiyyətin bu məsələyə daha məsuliyyətli yanaşması və hüquqi çərçivələrin gücləndirilməsi vacibdir.

Qeyd edək ki, bu məsələdən ən çox uşaqlar və analar problemlərlə qarşılaşa bilir. Məsələn, ata hüquqlarının qeydə alınmaması, miras və digər hüquqi öhdəliklərin müəyyən edilməməsi analar üçün əlavə hüquqi çətinliklər yaradır. Uşağın doğum sənədlərində valideyn məlumatının düzgün qeyd edilməməsi anaları problemlərlə üzləşdirir.

Bundan başqa, nikahdankənar doğum edən analar çox vaxt uşağın tərbiyəsi və gündəlik ehtiyaclarını təkbaşına qarşılamağa məcbur olurlar. Ata tərəfindən maddi dəstək alınmaması anaların iqtisadi vəziyyətini çətinləşdirir. Sosial yardımların və dövlət dəstəyinin məhdudluğu, xüsusilə kənd və bölgələrdə, vəziyyəti daha da mürəkkəbləşdirir.

Bəs bu yöndə hansı hüquqi və maarifləndirici işlər görülməlidir ki, belə hallara son qoyulsun? Cəzalar, sərt qərarlar mümkündürmü?

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır" | Modern.az

Üzeyir Şəfiyev

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “Yeni Müsavat”a danışıb. Sosioloqun fikrincə, nikahın yalnız könüllü, yəni şəxsi qərara əsaslanan bir proses kimi qalması ailə institutunun güclənməsinə kifayət etmir: “Məlum olduğu kimi, ölkəmizdə nikah könüllü xarakter daşıyır. Fikrimcə, daha doğru olardı ki, nikah inzibati xarakter daşısın. Yəni nikah müqaviləsi bağlanmayan ailə, ailə hesab edilməsin. Çünki nikah müqaviləsi yalnız qarşılıqlı öhdəlik yaratmaqla kifayətlənmir, həm də fərdlərin məsuliyyətini artırır. Müqavilədə ailə həyatının müəyyən şərtləri öz əksini tapır və boşanma zamanı bir çox məsələlərin həlli də bu müqavilə əsasında daha asan olur, mübahisələrin qarşısı alınır. Ona görə də hesab edirəm ki, ölkəmizdə nikah müqaviləsi məcburi xarakter daşımalıdır”.

Sosialoloq bildirib ki, nikahdankənar doğulan uşaqların sayı xüsusilə rayon və bölgələrdə artmaqdadır: “Çünki insanlar bir-birini yaxından tanıdıqları, qohum olduqları və etibar etdikləri üçün çox vaxt rəsmi nikaha ehtiyac duymurlar, yalnız dini kəbinlə kifayətlənirlər. Halbuki qanunvericiliyə əsasən, rəsmi nikah olmadan dini kəbin kəsən din xadimləri hüquqi məsuliyyət daşıyırlar. Bu səbəbdən, mövcud qanunun icrasına ciddi nəzarət olunmalıdır. Yerli icra strukturları ailə quran cütlüklərə əvvəlcədən izah etməlidirlər ki, rəsmi nikah olmadan dini kəbin bağlamaq qadağandır.

Bundan əlavə, məlum olduğu kimi, 1 iyul 2025-ci ildən etibarən yaxın qohumlar arasında evliliyi qadağan edən qanun qüvvəyə minib. Təəssüf ki, hüquqi məlumatı zəif olan bəzi insanlar bu məhdudiyyət səbəbilə ya yalnız dini kəbinə, ya da vətəndaş nikahına üstünlük verirlər. Bu isə nikahdankənar doğulan uşaqların sayının artmasına gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün nikahın inzibati qaydada məcburi olması vacibdir. Bununla yanaşı, mətbuat vasitəsilə maarifləndirmə işləri aparılmalı, insanlara açıq şəkildə izah edilməlidir ki, nikah müqaviləsi bağlanmayan birliklər ailə hesab edilməyəcək.

Əminəm ki, bu addımlar atılarsa, nikahdankənar doğulan uşaqların sayında ciddi azalma müşahidə ediləcək. Eyni zamanda gələcəkdə onların sənədləşmə prosesində, o cümlədən məktəbə qəbul, rəsmi qeydiyyat və digər hallarda problemlər yaşanmayacaq, həmçinin boşanma zamanı əlavə hüquqi çətinliklərin qarşısı alınmış olacaq”.

Seçilən
66
ictimairey.az

1Mənbələr