Ötən il Azərbaycanda pnevmoniyaya yoluxma hallarında artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin “Report”un sorğusuna verdiyi məlumata görə, 2024-cü ildə ölkədə ilk dəfə pnevmoniya diaqnozu qoyulan xəstələrin sayı 64 min 227 nəfər təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə bu göstərici 58 min 507 nəfər idi. Bu isə on ildən artıq bir müddətdə xəstəliyə yoluxma hallarının artdığını göstərir.
Rəqəmlərə diqqət yetirdikdə, xəstələrin cinsə görə bölgüsü təxminən bərabərdir: 32 min 234-ü kişi, 31 min 993-ü isə qadın olub. Xəstəliyin yaş qrupları üzrə bölgüsünə nəzər salsaq, ən həssas təbəqəni uşaqlar və gənclər təşkil edir. Belə ki, 13 min 362 nəfər 3–13 yaş aralığında, 4 min 84 nəfər 14–17 yaş aralığında, 11 min 498 nəfər isə 18–29 yaş aralığında pnevmoniyaya yoluxub. 30 yaşdan yuxarı insanlarda isə bu rəqəm daha yüksəkdir – 35 min 283 nəfər. Bu fakt göstərir ki, xəstəlik xüsusilə immun sistemi zəif uşaqlar və xroniki xəstəlikləri olan yaşlılar üçün daha ciddi təhlükə yaradır.
2024-cü ildə pnevmoniya nəticəsində ölüm hallarına da rast gəlinib. Ölkə üzrə pnevmoniyadan ölənlərin ümumi sayı 425 nəfər olub. Onlardan 224-ü şəhər yerlərində, 201-i isə kənd yerlərində yaşayan şəxslərdir. 2023-cü ilin məlumatları ilə müqayisə etdikdə isə maraqlı nəticə ortaya çıxır. Belə ki, həmin il ümumilikdə 60 min 150 nəfər vəfat etmişdi və onların 445-i pnevmoniya səbəbindən həyatını itirmişdi. Bu da bütün ölüm hallarının təxminən 0,7 faizini təşkil edirdi.
Pnevmoniyanın artmasının səbəbləri çoxşaxəlidir. İlk növbədə, mövsümi xəstəliklər və respirator virusların yayılması immun sistemini zəiflədir və pnevmoniyaya yol açır. Xüsusilə qrip və kəskin respirator infeksiyaların düzgün müalicə olunmaması pnevmoniya riskini artırır. Digər tərəfdən, havaların kəskin dəyişməsi, urbanizasiya, ekoloji problemlər və havanın çirklənməsi də ağciyər xəstəliklərinin yayılmasına təsir göstərən amillərdəndir.
Həkimlərin fikrincə, pnevmoniyanın qarşısını almaq üçün vaxtında peyvənd olunmaq, mövsümi viruslardan qorunmaq və immuniteti gücləndirən sağlam həyat tərzinə üstünlük vermək vacibdir. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir və onların daha çox diqqət etməsi tələb olunur.
Eyni zamanda, pandemiya dövründən sonra insanların respirator xəstəliklərə qarşı diqqəti artsa da, müalicənin gecikdirilməsi halları hələ də mövcuddur. Bu isə pnevmoniyanın ağırlaşmasına və bəzən ölümlə nəticələnməsinə səbəb ola bilir.