AZ

Rusiya Anna Akopyanı niyə vurur: 3.4 milyon dollarlıq yeyinti ittihamı

Beynəlxalq media qurumları, xüsusilə “France24” Ermənistan hökumətinə qarşı yayılan “yeni feyk məlumatları” ifşa edib.

Bu barədə Fransa və Ermənistan mediası ard -arda yazılarla çıxış edir.

Avqustun ortalarında sosial şəbəkələrdə – Rusiya yönümlü hesabların şəbəkəsində – Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın adı hallanan “korrupsiya qalmaqalı” tirajlanıb.

Erməni mediası iddia edir ki, “Trump Fact News” adlı hesab 14 avqust tarixində paylaşdığı tvitdə Anna Akopyanı uşaq xərçəngi xəstələrinə yardım fondundan 3,4 milyon dollar mənimsəməkdə ittiham edib: “İddiaya əsas kimi “EULeaks” adlı guya xəbər saytında dərc olunmuş material göstərilib. Bu “məqalə” və ona əlavə edilmiş video guya erməni vəkili Sergey Arutyunyanın açıqlamalarına əsaslanırdı. Lakin həm faktlara, həm mənbəyə, həm də video materiala baxıldıqda ortaya çıxır ki, sözügedən iddianın heç bir əsası yoxdur”.

Məsələ ilə bağlı Transparency International Ermənistan bölməsi açıqlama verərək bildirib ki, bu mövzuda korrupsiya faktını təsdiqləyən heç bir məlumat yoxdur.

Daha sonra Arutyunyanın əməkdaşı, vəkil Arsen Babayan da məsələni qəti şəkildə təkzib edib. Onun sözlərinə görə, həmkarı belə bir bəyanat verməyib. Hətta FIP.am fakt yoxlama platforması da paylaşımı araşdıraraq, Sergey Arutyunyanın adından səsləndirilən sözlərin saxta olduğunu təsdiqləyib.

“France24″ün araşdırması nəticəsində məlum olub ki, EULeaks adlanan sayt əslində yeni yaradılmış feyk resursdur. Domen 12 avqust 2025-ci ildə alınıb – yəni saxta xəbərin yayımlanmasından cəmi bir gün əvvəl. Saytda onlarla məqalə yerləşdirilib, amma onların çoxu süni intellekt vasitəsilə mövcud ingilisdilli xəbərlərin dəyişdirilmiş formasıdır.

Ən təhlükəli məqam isə ondan ibarətdir ki, sayt özünü France24 jurnalistləri ilə əlaqələndirir. Hətta yazının müəllifi kimi “France24″ün keçmiş əməkdaşı Ceyms Kridonun adı göstərilib:

“Əslində isə nə Kridonun, nə də digər 6 “France24″ jurnalistinin bu resursla əlaqəsi olmayıb. Əksinə, onların şəxsi məlumatları oğurlanaraq istifadə edilib”.

Rusiya izi: Ermənistan yeni hədəfə çevrilir

Rəsmi olaraq konkret şəbəkə ilə bağlamaq çətin olsa da, “France24” qeyd edir ki, bu əməliyyatın izləri Rusiyanın daha öncə dəfələrlə istifadə etdiyi metodlara bənzəyir. Əvvəlcə feyk sayt yaradılır, sonra həmin saxta resurs üzərindən guya “sensasion xəbərlər” paylaşılır və onlar sosial şəbəkələrdə sürətlə yayılır.

Erməni mediası qeyd edir ki, iyul ayında da “Courrier France 24” adlı saxta resurs vasitəsilə “Ermənistanda guya Fransanın nüvə tullantıları saxladığı barədə feyk informasiya tirajlanmışdı”.

Beynəlxalq ekspertlər bildirirlər ki, son aylarda Rusiya dezinformasiya kampaniyalarının hədəfini dəyişərək Ukraynadan başqa ölkələrə, o cümlədən Ermənistana və Moldovaya yönəldib. ABŞ-lı tədqiqatçı Darrən Linvill deyib:

“Bu əməliyyatlar əvvəl Ukrayna və Zelenskiyə qarşı idi, indi isə digər postsovet ölkələrinə fokuslanır”.

Analitiklər hesab edirlər ki, bu tip kampaniyaların əsas səbəbi Ermənistanın son dövrdə Azərbaycanla sülh istiqamətində atdığı konstruktiv addımlardır. Paşinyan hakimiyyəti Bakı ilə münasibətlərin normallaşması üçün mühüm qərarlar verib, danışıqlar masasında kompromislərə getməyə hazır olduğunu göstərib.

Məhz bu proses Moskvanı qıcıqlandırır. Çünki Azərbaycanla barışıq Cənubi Qafqazda Rusiyanın ənənəvi təsir imkanlarını ciddi şəkildə daraldır. Kreml ənənəvi siyasətinə sadiq qalaraq, öz dediyini etməyən və müstəqil yol seçən liderləri hədəfə götürür, onları gözdən salmaq üçün saxta qalmaqallardan istifadə edir.

Mümkündür ki, Paşinyanın həyat yoldaşına və özünə qarşı “korrupsiya qalmaqalı” da əslində Moskvanın əsəb və narazılığının məhsuludur. Ermənistan hökuməti Azərbaycanla sülh yolunda irəlilədikcə, Kremlin informasiya hücumlarının daha da artacağı gözlənilir.

Müşahidəçilərin qənaətinə görə, bu tip kampaniyalar Ermənistan daxilində gərginlik yaratmaq, hökuməti nüfuzdan salmaq və Paşinyana qarşı ictimai qıcıq formalaşdırmaq məqsədi daşıyır. Xüsusilə Rusiyaya yaxın dairələrin Ermənistanda siyasi proseslərə təsir imkanlarını qorumaq üçün Qarabağ erməniləri mövzusunu, yaxud korrupsiya ittihamlarını manipulyasiya etməsi artıq təsdiqlənmiş praktikadır.

“Bagramyan26” platforması yazır ki, bu, sadəcə “növbəti ucuz və bəsit feykdir” və yayımında “informasiya tullantıları” rol oynayan resurslar fəal iştirak edir.

Musavat.com

Seçilən
27
3
editor.az

4Mənbələr