AZ

Süni intellekt psixoloqlar üçün təhdiddir?

"Süni intellektin həyatımıza sürətlə inteqrasiyası bir çox sahələri dəyişdirir, bəzilərini isə tarixə çevirir". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu dəyişikliklərin psixologiya sahəsinə də təsiri danılmazdır:

"Artıq bəzi insanlar ilkin diaqnostika üçün "ChatGPT"dən test nəticələri kimi alqoritmlərdən istifadə edirlər. Bəzən süni intellekt emosional dəstək verirmiş kimi görünə bilər. Lakin burada çox vacib bir nüans var: psixologiya təkcə analiz və riyazi nəticə deyil bu, insanın duyulmaq ehtiyacıdır". 

380098

Ekspert sözlərini belə əsaslandırıb:

"Süni intellektin verdiyi cavablar mətn və ya statistika əsasında olsa da, real bir psixoloqun empatiyası, hiss etməsi, səsini, baxışını və reaksiyasını əvəz edə bilməz. Emosional əlaqə, qarşılıqlı güvən, şəxsiyyətə uyğun yanaşma, terapevtik prosesin əsas özəllikləridir və bunlar yalnız insanla mümkün olur. Təəssüf ki, bəzən süni intellekt psixoloji və tibbi mövzularda yanlış və ya kontekstdən kənar cavablar verir. Bu, ciddi psixoloji travmalar və ya yanlış yönləndirmələrə səbəb ola bilər".

Psixoloqun sözlərinə görə, süni intellekt yalnız yardımçı vasitə olaraq qalmalıdır:

"Əsl psixoloji dəstək isə mütəxəssis tərəfindən verilməlidir. Gələcəkdə psixologiyaya marağın azalması deyil, artması daha real görünür. Çünki texnologiyalaşan dünyada insanlar daha çox tənhalaşır, daxili boşluqlar yaşayır. Bu da onları duyulmağa, başa düşülməyə daha çox ehtiyac yaradır. Belə bir dövrdə, psixoloq olmaq sadəcə peşə deyil, həm də cəmiyyətə xidmət formasıdır".

Pərviz

Seçilən
34
50
hit.az

10Mənbələr