AZ

Ağ Ev Vaşinqton, Moskva və Kiyev üçbucağında yeni bir nizamlanma modelinə üstünlük verir ŞƏRH

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında mümkün sülh danışıqları üçün Macarıstanın paytaxtı Budapeşti əsas görüş yeri kimi nəzərdən keçirir.

Bu barədə “Politico” nəşrində yer alan məqalədə qeyd olunub.

Nəşr yazır ki, Ağ Ev davam edən Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün üçtərəfli zirvə görüşünün təşkili üzərində işləyir. Mənbələrin bildirdiyinə görə, Budapeşt Ağ Ev üçün prioritet məkandır, baxmayaraq ki, yekun qərar hələlik verilməyib.

ABŞ Məxfi Xidmətinin danışıqlara hazırlıq gördüyü və prosesin Donald Trampla yaxın əlaqələri olan Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərliyi altında aparıldığı qeyd olunur.

Eyni zamanda, İtaliya və İsveçrə də danışıqlara ev sahibliyi etmək niyyətini açıqlayıb. Budapeşt və Helsinki isə alternativ məkanlar kimi gündəmdədir.

Politoloq Aqşin Kərimov Sherg.az-a deyib ki, Donald Trampın Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı göstərdiyi səylər və yürütdüyü strategiya ABŞ-nin qlobal nizamlanma prosesindəki üçlü rolunu müəyyən edir:

"Birinci növbədə, ABŞ Rusiya ilə münasibətlərin tənzimlənməsi fonunda yeni geosiyasi sövdələşmələr axtarışındadır. İkinci tərəfdən isə, ABŞ Avropa üzərində hegemonluğunu təmin edəcək yeni doktrina hazırlamağa çalışır. Üçüncü isə ABŞ Çinlə münasibətləri və gələcəkdə mümkün sövdələşmələri idarə etmək üçün də qlobal proseslər fonunda yeni prioritetlərini dizayn etməkdədir. ABŞ strateji imkanlarını genişləndirmək üçün Ukraynadakı müharibənin nizamlanmasına açar əhəmiyyətli faktor kimi yanaşır. Bütün bunlar göstərir ki, ABŞ Ukrayna münaqişəsinin tənzimlənməsinə dar çərçivədən deyil, daha geniş qlobal imperativlərindən yanaşaraq öz geostrateji mövqelərini təkmilləşdirməyi hədəfləyir. ABŞ-nin vasitəçilik rolu məsələsinə gəldikdə isə, Ağ Ev Vaşinqton, Moskva və Kiyev üçbucağında yeni bir nizamlanma modelinə üstünlük verir. Bu modeldə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin rəddi məsələsində ABŞ müəyyən qədər Rusiyanın mövqeyini bölüşür".

Analitik vurğulayıb ki, Tramp və Vladimir Putin arasında biznes sövdələşmələri geosiyasi alət kimi gündəmdə saxlanılır:

"Görüşün məkan seçimi nisbidir, əsas məsələ isə üçtərəfli dialoqun ümumiyyətlə baş tutmasıdır. Bu, ABŞ-yə sülh yaratma prosesində səmimi niyyət görüntüsünü yaratmağa imkan verəcək. Bununla belə, növbəti görüşdə sülh müqaviləsinin imzalanması real görünmür. Çünki Ukrayna münaqişəsi kifayət qədər mürəkkəbdir. ABŞ-nin son dövrlərdə tutduğu mövqe bunu daha da dərinləşdirir".

Aqşin Kərimov əlavə edib ki, üçtərəfli görüş olsa belə, bu, yalnız nizamlanma prosesində müəyyən irəliləyiş kimi yadda qalacaq:

"Cəbhə xəttində atəşkəs istiqamətində razılaşmalar mümkündür, lakin tam sülhün əldə olunması vaxt tələb edir. Üstəlik, Rusiyanın ABŞ-nin verdiyi siqnallara necə cavab verəcəyi də hələlik şübhələr yaratmaqdadır. Ukrayna isə irəli sürülən tələbləri rədd etməklə müqavimət potensialını göstərməyə çalışır. Lakin ölkənin döyüşən canlı qüvvəsi getdikcə məhdudlaşır, bunun fonunda isə Rusiyanın hücum tempinin artdığı müşahidə olunur. Buna görə də danışıqlar davam etdikcə, Rusiya qüvvələrinin Ukraynada daha sürətli hərbi əməliyyatlara başlama ehtimalı qalır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
sherg.az

2Mənbələr