İmtahansız da ali təhsil müəssisələrinə qəbul olmaq mümkündür.
Bizim.Media xəbər verir ki, DİM-in məlumatına əsasən, bu il 884 nəfər müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
Bəs bu hüquq kimlərə şamil edilir?
İmtahansız qəbul hüququ aşağıdakı kateqoriyalara aiddir:
Beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə,
İdman yarışlarının qaliblərinə,
Beynəlxalq səviyyədə akkreditasiyadan keçmiş təhsil proqramları üzrə təhsil alanlara,
SAT imtahanı nəticəsi ilə ölkəmizdə yalnız ADA Universitetinə qəbul olunmaq istəyənlərə.
DİM-in şöbə müdiri Xanlar Xanlarzadə bildirib ki, 2 nəfər beynəlxalq fənn olimpiadasının, 88 nəfər isə respublika fənn olimpiadasının qalibi artıq öz seçimlərini ediblər.
O qeyd edib ki, beynəlxalq fənn olimpiadası qalibləri istədikləri ixtisası seçə bilərlər. Respublika fənn olimpiadası qalibləri isə yalnız qalib olduqları fənnə uyğun ixtisası seçə bilirlər:
"83 nəfər isə idman yarışlarının qalibi olduğu üçün ali təhsil müəssisələrinə yerləşdirilib.
Müsabiqədənkənar qəbul üçün DİM sənəd qəbulu elan edir. Bu kateqoriyaya daxil olan şəxslər DİM-ə müraciət edir, onlarla fərdi şəkildə görüş keçirilir və ixtisas seçimi aparılır".
Qeyd edək ki, qəbul olunanların hansı universitetlərə yerləşdirilməsi isə ümumi qəbul müsabiqəsinin nəticələri elan olunduqdan sonra bəlli olacaq. (Milli.az)
Bizim.Media