Korrupsiya və rüşvətxorluq inkişaf etmiş Avropa ölkələrinin də ümumi bəlasıdır. Bu baxımdan, korrupsiyaya qarşı mübarizə ilə bağlı İsveçin və Fransanın təcrübəsi çox maraqlıdır.
Məsələn, İsveçdə hər hansı təşkilatın əməkdaşının və ya dövlət nümayəndəsinin dövlət məmuruna verdiyi hər hansı hədiyyə rüşvət sayıla bilər. Hətta naharın pulunu şirkətin hesabına ödəmək “arzuolunmaz hərəkət” hesab edilir.
Hər hansı bir məmur şirkətdə audit aparırsa, onun adi naharla belə razılaşmağa haqqı yoxdur. Əgər o, dövlət tenderində iştirak etməyən şirkətdə təqdimat keçirməyə dəvət olunmuşsa, o zaman bir buket gülü təşəkkür kimi qəbul etmək kifayət qədər uyğundur, bu korrupsiya hesab edilməyəcək. Məmurlara 200 kron (təxminən 20 avro) dəyərində olan bütün hədiyyələri bəyan etmək tövsiyə olunur.
Fransa qanunvericiliyi dövlət qulluqçuları barədə daha sərt mövqedədir. Dövlət qulluğuna daxil olan fransız bir sıra qaydalara əməl etməlidir. Onlardan birinə görə, öz vəzifələrini icra edərkən məsələn, ad günün və ya Yeni il münasibəti ilə hansısa qiymətli hədiyyəni qəbul edə bilməzsən. Bundan əlavə, “qiymətli hədiyyə”nin dəyərinin 35 avrodan yuxarı ola bilməməsi birmənalı göstərilmişdir. Hədiyyənin məbləği bundan çox olarsa, hədiyyədən imtina edilməli və ya rəhbərliyi məlumatlandırmalısan.
Qanunda qeyd edilir ki, dövlət qulluqçusu hər hansı birbaşa və ya dolayı yolla hədiyyə, özü və ya başqası üçün imtiyazlar və ya güzəştlər əldə edərsə, o, 10 il müddətinə azadlıqdan məhrum edilə və 150.000 avro miqdarında cərimə edilə bilər.
Düzdür, elə sahələr var ki, orada hədiyyələrlə bağlı vəziyyət xüsusilə fərqlidir. Bunlar “protokol” qaydasında alınan hədiyyələrdir, yəni prezidentlər və baş nazirlər tərəfindən qəbul edilən və öz növbəsində onlar tərəfindən təqdim olunan hədiyyələr. Məsələn, elə Yelisey Sarayını götürək. Belə ki, Fransa prezidentləri bu cür hədiyyələri böyük miqdarda və müxtəlif formada alırlar. Onların hamısı qeydə alınır və xüsusi anbara göndərilir. Bundan sonra onların taleyi necə olacaq? Onlar muzeylərə yerləşdirilirlər.
Bu təcrübə hələ 1986-cı ildə Fransua Mitteran tərəfindən tətbiq edilmişdir. O, dövlət başçısı kimi aldığı hədiyyələri Burqundiyadakı Nievr departamentinin Ali Şurasına təhvil vermişdir. Bu nümunənin yoluxucu olduğu ortaya çıxdı və Mitteranın varisi Jak Şirak da 2000-ci ildə eyni hərəkəti etdi. Onun təşəbbüsü ilə Fransanın mərkəzində, kiçik Saran şəhərindəki Korrez departamentində muzey təşkil edildi və zaman keçdikcə aldığı bütün hədiyyələr burada yerləşdirildi. Ümumilikdə muzeydə beş mindən çox hədiyyə var, onların təxminən yarısı ictimaiyyətə nümayiş olunur, qalanları isə anbar otaqlarında saxlanılır.
Nigeriya kontekstində hədiyyə əsaslı şəkildə korrupsiyadan fərqlidir. Hədiyyə, masanın altından zərfsiz və ya arxa qapıdan təkliflər şəklində gizlin deyil, açıq şəkildə təqdim olunur. Hədiyyə baha ola bilməz. Onlar, məsələn, Nigeriyalıların çox sevdiyi bir ovuc qoz-fındıq ola bilər. Onların maddi dəyəri sıfıra yaxındır, amma buna baxmayaraq, hədiyyədir. Əgər hədiyyə çox bahadırsa, geri qaytarılır. Bununla belə, Nigeriyada bu hədiyyələrin bahalı və ya ucuz hədiyyələr olub-olmadığı dəqiq bilinmir və onların qaytarılıb-qaytarılmaması məlum deyil. Nigeriyalıların anlamında hədiyyə qəbul edən tərəf üçün zənginləşmə vasitəsi deyil, sədaqət əlamətidir. Əgər icma üzvü liderə və ya şahzadəyə hədiyyə, deyək ki, keçi və ya pivə təqdim edirsə, bu onunla həmin şəxsə yaxınlığını ifadə edir. Hədiyyə liderə hörmət əlaməti və sədaqətlikdə etibar qazanmaq üçün yaxşı bir yoldur. Əgər hansısa məmur rüşvət almaq istəyirsə, o, deyir mənə bir ovuc qoz-fındıq gətir.
Gürcüstanın qanunvericiliyinə görə, dövlət məmuruna 150 laridən (80 dollar) çox olmayan hədiyyə verilə bilər. Məmur öz yaxın qohumlarından daha bahalı hədiyyə ala bilər. Lakin hədiyyənin qiyməti illik yaşayış minimumunun on mislindən çox olarsa, dövlət qulluqçusu bunu gəlir vergisi bəyannaməsində bəyan etməlidir.
Məmurlara hədiyyələr və onların özəl şirkətlər hesabına məzuniyyətləri Danimarka qanunlarına görə rüşvət sayılır.
Yazı çapa hazırlanarkən hansı ölkənin nümunə ola biləcəyi üzərində çox götür-qoy etdikdən sonra seçimimizi Sinqapur üzərində saxladıq. Hazırda korrupsiyaya qarşı mübarizədə ağlasığmaz nəticələrə nail olan, ən çox maraq doğuran dövlət Sinqapurdur.
Sinqapur Malay yarımadasının cənubunda yerləşən ada olkəsidir. Bu ölkə ekvatordan 137 kilometr şimalda, Malayziyanın Coxor ştatından cənubda və İndoneziya adalarından şimalda yerləşir. 2023-cü ilin iyun ayına qədər ərazisi 735,6 kvadrat kilometr olan Sinqapur (Sinqapur dövlətinin ərazisi Ukraynanın paytaxtı Kiyev şəhərindən də kiçikdir) dünyanın çox olmayan şəhər-dövlətlərindən biri və Cənub-Şərqi Asiyanın ən kiçik ölkəsidir. Sinqapurun əhalisi 6.056.142 nəfər təşkil edir. 2023-cü ilin sonuna qədər bu rəqəm, 6.028.459 nəfərə yüksələcək. Əhalinin əksəriyyəti isə çinlilərdir. İngilis dili, putunxua, malay və tamil dilləri ölkənin rəsmi dövlət dilidir. Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Sinqapur müxtəlif dinlərə aid olan çoxmillətli dövlətdir. Tokiodan sonra Sinqapur dünyanın ikinci ən təhlükəsiz şəhəri hesab olunur.
Bu ada ölkəsinin yeganə şübhəsiz üstünlüyü onun əlverişli mövqedə yerləşməsi və möhtəşəm təbii limanıdır. Bunu ilk qiymətləndirənlər, XIV əsrdən bəri adalarda yuva quran Çin quldurları olmuşlar. Malaylılar da orada müntəzəm olaraq meydana çıxırdılar, lakin mövqelərini qoruyub saxlaya bilməmişdilər. Malay salnamələri göstərir ki, 1299-cu ildə müəyyən hansısa Malay şahzadəsi bir adaya enmiş və orada böyük bir şəhər (görünür, pirat yuvası olmuşdu) kəşf etmişdir. Orada da balıq bədənli, qara başlı qırmızı rəngdə nəhəng bir şir görmüşdü. Əslində, adada heç bir şir olmamışdır, xüsusən də belə rəngdə. Buna baxmayaraq, hökmdar bunun bir növ canavar deyil, bir şir olduğuna qərar vermişdir. Odur ki, şahzadə şəhəri Sinqa Pura, “şir şəhəri” adlandırmışdı. Hazırda Fullerton mehmanxanasının yaxınlığında bu “şiri” (buna Merlion, “dəniz şiri” deyirlər) təsvir edən səkkiz metrlik heykəl qoyulmuşdur. Daha böyüyü, 37 metr hündürlüyündə olan Merlion Sentosa adasını bəzəyir.
Müstəqillik əldə etdikdən sonra Sinqapur korrupsiyadan əziyyət çəkən ölkələrdən biri idi.
Sinqapur son 40 ildə dünyanın ən varlı dövlətlərindən birinə çevrilmişdir. Sinqapur möcüzəsinin memarı, onun yaradıcısı - Li Kuan Yu-dur. O, 1959-cu ildən 1990-cı ilə qədər Sinqapurun Baş naziri vəzifəsində çalışmışdır.
Müstəqillik əldə edilən vaxta qədər Sinqapur kasıb, hətta içməli suyu Malayziyadan gətirən dövlət olub. Artıq neçə illərdir ki, Sinqapurlular kanalizasiya sularını, axar suları çaylara və dənizə axıtmırlar. Bütün çirkab sular əvvəlcədən təmizlənir və yüksək texnologiyalar vasitəsilə həmin sular istifadəyə yararlı vəziyyətə gətirilir. Sinqapurlular təkcə kanalizasiya sularını təmizləmirlər. Onlar dəniz suyunu təmizləyir və yağış suyunu yığırlar. Suya qənaət edən Sinqapurlulara kommunal xidmətlərin ödənişində müəyyən güzəştlər edilir. Hazırda Sinqapurda 17 su anbarı mövcuddur.
Sinqapurun öz təbii ehtiyatları yox idi, lakin Li Kuan Yu bunlardan pul qazanmağın yolunu tapdı. O, başa düşürdü ki, 20-ci və bəlkə də 21-ci əsrin ən mühüm resursu neft olacaq. Bəs özününkünü çıxarmaq mümkün deyildisə, niyə başqasınınkını təmizləməyək? Adanın əsas ticarət yollarının kəsişməsində yerləşən coğrafi mövqeyi də bu qərarın lehinə idi. 1960-cı illərin əvvəllərində ölkədə neft emalı zavodlarının açılması üçün çox əlverişli şərait yaradıldı və on il ərzində Sinqapur dünyanın ən böyük neft emalı mərkəzlərindən birinə çevrildi.
Li Kuan Yu baş nazir olanda ölkənin adambaşına düşən ÜDM-i 400 dollar idi, 1990-cı ildə isə Li istefa verəndə artıq 12,2 min dollar olmuşdur. Bu o deməkdir ki, Li hakimiyyətdə olduğu 31 il ərzində xalqın adambaşına düşən sərvətinin 30,5 dəfə artmasına nail olmuşdur. Lakin bu tendensiya davam etmişdir: 1999-cu ildə adambaşına düşən ÜDM 22,0 min dollar idi, yəni 40 ildə 55 dəfə artmışdır.
Nüfuzlu Kembrij universitetinin məzunu Li Kuan Yu Sinqapurluların təhsilinə də öz töhfəsini vermişdir. Sinqapurda təhsilə çox böyük diqqət yetirilir, təhsil islahatı nəticəsində savadsızlıq aradan qaldırılmışdır. Ölkədə Mərkəzi Təminat Fondu yaradılmışdır, hər bir sinqapurlu hər ay qazancının 20 faizini bu fonda verməli idi. Hazırda dövlət büdcəsinin 20 faizi təhsilin inkişafına yönəldilir. Belə ki, rəsmi məlumata görə əgər 1965-ci ildə Sinqapur müstəqillik əldə etdikdən sonra əhalinin 40 faizi savadsız idisə, artıq 2022-ci ildə Sinqapurluların təhsil səviyyəsi 97 faizdən çox təşkil etmişdir.
Yeni baş nazir korrupsiyaya qarşı mübarizənin əsl simvoluna çevrildi, Sinqapuru güclü iqtisadiyyata malik ən qabaqcıl ölkələrdən birinə çevirəcəyinə söz verdi və buna 40 il vaxt sərf etdi. Bununla belə, eyni zamanda, o, Çində olduğu kimi, nəinki məmurların kütləvi edamından qaça bildi, hətta xüsusilə sərt repressiyalara yol vermədi. Li Kuan Yu-nun ilk işi korrupsiya ilə mübarizə idi. Onun mübarizə üsulları özünün ifadəsi ilə xarakterizə olunur: “Əgər siz korrupsiyaya qalib gəlmək istəyirsinizsə, dostlarınızı və qohumlarınızı həbsxanaya göndərməyə hazır olun”.
Sinqapurda korrupsiyaya qarşı mübarizə 1871-ci ildə, Cinayət Məcəlləsinin qəbul edilməsi ilə başlamışdır. Sonradan korrupsiya Sinqapurun üzləşmiş olduğu və hətta Britaniya hökumətinin müstəmləkə dövründə öhdəsindən gələ bilmədiyi ən ciddi problemlərdən biri idi.
1960-cı ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” yeni Qanun qəbul edildi. O, əsasən köhnə antikorrupsiya qanunvericiliyinin çatışmazlıqlarını aradan qaldırdı. Qanunun bəzi qeyri-müəyyənliyinə görə korrupsiya cinayətlərinin bəzi növləri onun əhatə dairəsindən kənarda qalmışdır. “Korrupsiya mükafatı” termini ilə təsvir edilən rüşvətin yeni tərifi dəyəri olan hər hansı faydaları əhatə etdi.
Li Kuan Yu-nun antikorrupsiya islahatı beş addımdan ibarət idi:
- Li Kuan Yu Korrupsiyaya Qarşı Mübarizə Aktı qəbul edildikdən sonra cinayətkarları təqib etmək üçün müstəqil və daha böyük səlahiyyətlərə malik olan Korrupsiya Təhqiqat Bürosunu yaratdı. Büro məhkəməsiz, istənilən şəxsin əmlakına həbs qoymaq və ona qarşı araşdırma başlatmaq səlahiyyətinə malik idi;
- bütün vəzifəli şəxslər, hakimlər və onların ailə üzvləri üçün toxunulmazlıq mandatı ləğv edildi. Qanun qarşısında hamı bərabər idi;
- məmurların, onların yaxın və uzaq qohumlarının, dostlarının, bəzən hətta məmurların tanışlarının da bank hesablarının vaxtaşırı yoxlanılırdı hər hansı bir şübhəli detal cinayət işinin başlanmasına səbəb olurdu. Məmur rüşvət alarkən yaxalanardısa, o, malik olduğu “portfeli”ni ömürlük itirər və ən azı 10 il həbs cəzasına məhkum olunar, əmlakı tamamilə müsadirə edilər, ailə üzvləri isə qara siyahıya salınaraq yaxşı işə düzəlmək şansından məhrum edilərdi;
- məhkəmə qeyri-qanuni yolla əldə edilən bütün gəlirləri müsadirə etməyə başladı və əlavə olaraq cərimə tətbiq etdi. Orta məbləğ təxminən 75.000 dollar idi;
- dövlət qulluqçuları üçün yüksək əmək haqqı müəyyən edildi. Baş nazir hesab edirdi ki, yüksək əmək haqqı alan dövlət qulluqçusu özünə problem yaratmamaq üçün kənardan pul qazanmağa risk etməyəcək. Eyni zamanda, dövlət idarəsində işə düzəlməzdən əvvəl ərizəçi borcunun olmaması haqqında xüsusi bəyannamə təqdim etməli idi. Li Kuan Yu hesab edirdi ki, borcu olan və onu bağlaya bilməyən insanlara etibar etmək olmaz. Ona görə də “borclulara” iş verilmirdi.
Yaranmış vəziyyəti Sinqapurun sabiq Baş naziri Li Kuan Yu belə xatırlayır: “Korrupsiya Asiya həyat tərzinin əsas atributlarından biridir. İnsanlar açıqdan-açığa hədiyyə, pay alırdılar, bu onların həyatının bir hissəsi idi. Nazirlər və vəzifəli şəxslər öz məvaciblərinə yaşaya bilmirlər, çünki bunu onların statusu tələb edir. Vəzifə yüksəkdirsə, evlər də böyük olmalıdır, arvadlarının, məşuqələrinin sayı da çox olmalıdır. Sahibkarlıqla məşğul olan Sinqapurlular ayıq olmalıdırlar ki, pis vərdişləri evlərinə yaxın qoymasınlar.”.
Bir sıra sahələrdə, o cümlədən hakimiyyətin yuxarı dairələrində korrupsiya o qədər mütəşəkkil xarakter almışdır ki, onunla mübarizə aparmamaq məhvə məhkum olmaq demək idi. Li Kuan Yu hakimiyyətdəki islahatlarına çox sərt başladı: Sinqapurda əksəriyyəti yerli mafiyaya bağlı olduğuna görə polis qüvvələrinin hamısı işdən çıxarıldı.
Li Kuan Yu öz xatirələrində qeyd edirdi ki, təkcə Sinqapurda deyil, hər yerdə rüşvətə meyllik var. Məsələn, əcnəbilərin ölkəyə daxil olarkən ilk qarşılaşdıqları immiqrasiya və gömrük məmurlarıdır. Cənub-Şərqi Asiya ölkələrinin bir çox hava limanında turistlər sərhəd-buraxılış məntəqələrini keçərkən sərhəd keçmə prosedurlarını sürətləndirmək üçün çox vaxt nağd pul şəklində rüşvət verilmədiyi təqdirdə gömrük və immiqrasiya rəsmiləşdirilməsində gecikmələrlə üzləşirlər. Eyni hal yollarda da olur: sürət həddini aşdığına görə polis əməkdaşı tərəfindən saxlanılan sürücülər cəzadan yayınmaq üçün sürücülük vəsiqəsini müəyyən məbləğdə pulla birlikdə yol polisinə təqdim edirlər. Yüksək rütbəli zabitlər də buna lazımi reaksiya vermirlər. Bir çox şəhərlərdə hətta yol qəzasından sonra xəstəxanaya yerləşdirmə də tez bir zamanda diqqəti cəlb etmək üçün rüşvət tələb edir. Aldığı maaşla yaxşı dolana bilməyən insanlara verilən kiçik bir səlahiyyət ondan sui-istifadəyə stimul yaradır. Nazir vəzifəsini tutan bacarıqlı bir şəxsə az maaş verirsinizsə, onun özəl sektorda qazana biləcəyinin yalnız bir hissəsini qazanaraq, bu vəzifədə uzun müddət işləməsini gözləmək çətin olacaq. Az maaş alan nazirlər və məmurlar birdən çox Asiya hökumətini məhv ediblər.
Eldar Əsgərov (Şəkibəyov),
hüquqşünas, Dövlət qulluğunun baş müşaviri