AZ

Həbsdə olan Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib

Həbsdə olan vəkil Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verilib.

APA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Bildirilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən, bir vəkilin fəaliyyətinə xitam verilib.

APA-nın əldə etdiyi məlumata görə, fəaliyyətinə xitam verilən həbsdə olan vəkil Adəm Məmmədovdur.

Bundan başqa, yol verdikləri intizam pozuntularına görə 6 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 5 vəkilə irad tutulub.

Xatırladaq ki, Adəm Məmmədov bu il martın 5-də həbs edilib. Bununla bağlı Nərimanov Rayon Məhkəməsi qərar verib.

Adəm Məmmədov vəkil Ceyhun Yusifovun iddiası əsasında Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmə onun qardaşı Xəyyam Məmmədov barəsində qərar çıxarıb. Məhkəmə onu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.

Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində vəkil Ceyhun Yusifov məhkəməyə xüsusi ittiham qaydasında ərizə ilə müraciət edib.

İttihama görə, Adəm Məmmədov və qardaşı özlərinə məxsus saytda Ceyhun Yusifovu ağır cinayətdə ittiham edib, ona böhtan atıblar.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 yanvar tarixli qərarı ilə Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətinə dayandırılıb.

Vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27 .11.2024 tarixdən 1 illik dayandırılıb.

Bakı Apellyasiya Məhkəməsi Adəm Məmmədovla bağlı qərarı qüvvədə saxlayıb.

Seçilən
51
5
apa.az

6Mənbələr