AZ

Avqust - Mədəniyyətimizin YAS AYI

Azərbaycan mədəniyyəti və ədəbiyyatı avqust ayında ağır itkilər verdi. Dörd böyük şəxsiyyət - muğam sənətinin korifeyi Arif Babayev, yazıçı və ictimai xadim Elçin Əfəndiyev, nasir və dramaturq Vidadi Babanlı, şair və publisist Məmməd İsmayıl Azərbaycandan, bizdən həmişəlik getdilər. Onların gedişi xalqın yaddaşı, milli mədəniyyətin dəyərləri üçün dərin bir boşluq yaratdı.


Arif Babayev - Bir nəslin səsi

Azərbaycan muğam sənətinin parlaq siması olan Xalq artisti Arif Babayev uzun illər idi ki, səsi ilə minlərlə könülün dərinliklərinə işıq salmışdı. Onun ifasında muğam həm də xalqın taleyini, sevincini və ağrı-acısını daşıyan dastana çevrilirdi. Onu hər həftə bütün ailəni ekran başına yığan muğam müsabiqələrində görür, tələbələrə yanaşmasında sevirdik. O həm də pedaqoq kimi yüzlərlə gənc xanəndəyə yol göstərir, muğam ənənələrinin unudulmaması üçün ömrünü sərf edirdi.

Ağdamın işğaldan azad olunduğunu görən Azərbaycanın görkəmli mədəniyyət xadimi doğma yurdunda muğam mərkəzinin açılışında iştirak edə bilməmişdi. Həmin vaxt bir nəslin Ağdamla, Azərbaycanla vidalaşdığını anlamaq mümkün idi. Arif Babayevin vəfatı ilə muğam ənənlərimizi yeni nəsilə öyrədən sonuncu qocaman şəxsiyyəti də itirdik. İndi isə bu sahədə olan hər kəs Arif Babayev olmaq istəyir.

Fəxri xiyabanda dəfn olunan A.Babayev muğam ustası Əlibaba Məmmədovun yanında torpağa tapşırıldı. İllərdir mavi ekranda gördüyümüz bu üzlər yenə yan-yanadır. 



Elçin - Sözün və fikrin nəhəngi

Yazıçı, publisist, dramaturq və ictimai xadim Elçin (Elçin İlyas oğlu Əfəndiyev) Azərbaycan ədəbiyyatının çağdaş klassiklərindən idi. Onun roman və hekayələri bədii dəyər, həm də insan psixologiyasının dərinliklərinə enən gücü ilə seçilirdi. Elçin həmçinin uzun illər ictimai-siyasi həyatda fəal iştirak edib, milli mədəniyyətimizin inkişafı naminə çalışırdı. Yəqin ki, onun vəfatının Azərbaycan mədəniyyəti üçün hansı itki olduğunu yazıçı Anarın dəfindəki çıxışından anlamaq olar - “Sonuncu yaxın dostumu itirdim”.

Azərbaycan ən yaxşı yazıçılarını itirir, artıq onlar barmaqla sayılacaq qədərdir. Ədəbiyyatda da eynilə muğamda olduğu kimi, bir nəslin sonunu görürük. Artıq onun əsərləri gələcək nəsillərə məktəb olaraq qalacaq. Yeni nəsil ədəbiyyatçıların bu ənənələri nə dərəcədə yaşada biləcəyi müzakirə mövzusu olsa da, Elçin 60-cı illərdən yaradan, yazan, ədəbiyyatı yaşadan görkəmli şəxsiyyət idi. Onun səssiz ölümü isə bütövlükdə həmin nəslin bizə vidası hesab oluna bilər. Anarın da dediyi kimi, sonuncu yaxın dostumuz...
 


Vidadi Babanlı – Ədəbiyyatın Vicdanı


Görkəmli yazıçı və dramaturq Vidadi Babanlı Azərbaycan nəsrinin vicdan səsi idi. Onun qələmi həmişə xalqın dərdini, gündəlik həyatın acı reallıqlarını qələmə alırdı. Əsərlərində sadə insanların arzuları, ümidləri, mübarizəsi var idi. Vidadi Babanlı ədəbiyyatla xalq arasında bir körpü rolunu oynadı, oxucuya həyatın həm gözəlliyini, həm də ağrılarını göstərməyi bacardı. Buna görə də 98 yaşında vəfat etməsinə rəğmən, hər kəsdə kədər yaşada bildi. Müsahibələrinin birində Fikrət Əmirov yaradıcılığının durğunlaşması haqqında danışarkən "Hardan alım Qara Qarayevi? Yarış bitdi" – deyirdi. Bu günlərdə isə biz eyni sözləri ədəbiyyatımız üçün deyirik. Haradan alaq Elçini, Vidadi Babanlını, Məmməd İsmayılı...
 

Məmməd İsmayıl - Ruhun səsi olan şair

Avqust ayında həyatını itirən ədəbiyyat xadimlərindən biri də Məmməd İsmayıl oldu. Ədəbiyyatımıza poeziyanın incə çalarlarını gətirən Məmməd İsmayıl şeirlərində həm xalq ruhunu, həm də müasir dünyanın bəşəri duyğularını ifadə edirdi. Onun qələmi milli poeziyamızın sərhədlərini genişləndirir, sözə yeni nəfəs, yeni ahəng gətirirdi. O, Fərman Kərimzadə, Musa Yaqub, Məmməd Aslanın dostu idi. F.Kərimzadənin “ Axrıncı aşırım”, “Xudafərin körpüsü” əsərlərini ilk dinləyən də o olub. İndi onun vəfatı ilə Fərman Kərimzadə də, Musa Yaqub da, Məmməd Aslan da yenidən öldü. Onları gənc nəsilə tanıdan, öyrədən, xatirələrindən danışanlar da bir-bir vidalaşır bu ölkə ilə, bir-bir ədəbiyyatı əbədiyyatda yaşatmağa gedirlər. 
 

Avqust ayında Azərbaycan dörd böyük irs sahibini itirdi. Onların hər biri mədəniyyətimizin müxtəlif sahələrində ucalaraq, sözün, musiqinin, düşüncənin zirvəsinə yüksəldi. İndi onlar aramızda yoxdur, amma yaratdıqları irs xalqımızın mədəni yaddaşında əbədi yaşayacaq.

Onların hamısı fərqli sahələrdə çalışsalar da, bir oxşar cəhətləri var:  Azərbaycan mədəniyyətinin “qızıl nəslinin” nümayəndələri idilər. O nəsil ki, sovet senzurasının sərt illərində də, müstəqilliyin çətin çağlarında da öz sözünü dedi, xalqın ruhunu yaşatdı. İndi bu nəsil bir-bir aramızdan gedir.

Onların itkisi bir dövrün pərdəsinin qapanmasıdır.

Arif Babayevin səsi ilə muğam dövrü, Elçinin qələmi ilə düşüncə və psixoloji təhkiyə dövrü, Vidadi Babanlının yaradıcılığı ilə vicdan və xalq reallıqları dövrü, Məmməd İsmayılın poeziyası ilə sözün azad ruhu dövrü – öz finalına çatdı.

Onların gedişi ilə bir dövr bitdi, amma həmin dövrün qoyduğu irs özləri kimi əbədiyyətə çevrildi.

Seçilən
18
1
modern.az

2Mənbələr